Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Təbriki

GÜNEY AZƏRBAYCAN KONQRESININ SƏDRI,
HÖRMƏTLI ABDULLA ƏMIR HAŞIMI
Sizi ömrünüzün 75-ci baharına qədəm qoyduğunuz bu əlamətdar gündə Azərbaycan
Demokrat Firqəsinin hər bir fərdi adından, Güney Azərbaycanın milli-mübariz insanları
adından təbrik edirik. Bu gün də, mübariz təşkilatın rəhbərlərindən biri kimi yolunuzu
sədaqətlə davam etdirirsiniz.
1950-ci ildə Təbriz yaxınlığındakı Həştəri mahalında dünyaya göz açaraq zəhmətkeş
ailənin övladı kimi böyüyüb, Təbriz Universitetində elm yolunu seçməyinizlə yanaşı,
gənclik illərindən etibarən milli hərəkatın önündə yer alaraq bütün həyatınızı xalqınızın
milli haqları, istiqlalı və azadlığı uğrunda mübarizəyə həsr etdiniz.
1970-ci illərdə Azərbaycan Demokrat Firqəsinin sıralarında apardığınız təşkilati işlər,
fəhlə və kəndli hərəkatının təşkili, ədəbi-mədəni ocaqların dirçəldilməsi Güney
Azərbaycan milli mübarizəsinin unudulmaz səhifələrindəndir. 1976-cı ildə mənfur
Pəhləvi rejimi tərəfindən həbs olunmanıza, 1980-ci illərdə İran İslam Respublikası
tərəfindən haqqınızda ölüm hökmü çıxarılması təhlükəsinə rəğmən Siz yenə də
mübarizədən çəkilmədiniz və Güney Azərbaycan mübarizəsinin simvollarından birinə
çevrildiniz. On illərlə məxfi və açıq fəaliyyət arasında keçən ömrünüz xalqımızın milli
dirəniş iradəsini təcəssüm etdirir.
ADF sıralarında xalqımıza təmənnasız və nümunəvi xidmətlərinizə görə sizi sevirik,
dəyərləndiririk və dəstəkləyirik. Siz, Seyid Cəfər Pışəvəri ideyalarını XXI əsrə daşıyan və
onu xalqın xatirələrində yaşadan milli-siyasi xadimsiniz, ADF tarixində yeriniz, iziniz
olan fədakar yoldaşsınız.
1992-ci ildən Azərbaycan Respublikasına gəlişiniz, buradakı fəaliyyətiniz, Azərbaycan
Dövlət Neft Akademiyasında və Bakı Dövlət Universitetində elmi araşdırmalarınız,
eləcə də Güney məsələsinə dair sanballı məqalə və kitablarınız bir ziyalının və əsl
millətsevərin amalını ortaya qoyur. Milli mədəniyyətimizin qorunması, Azərbaycan
türk dili lüğətlərinin tərtibi, tərcümələriniz və elmi əsərləriniz Sizi həm də elm və
mədəniyyət cəbhəsində xidmətləri ilə ucaldır.
2006-cı ildən Güney Azərbaycan Konqresinə rəhbərlik edir, dünya azərbaycanlılarının
həmrəyliyi naminə tarixi işlərə imza atmısınız. Stokholmda yaşasanız da, qəlbinizin
daim Təbrizlə, Güney Azərbaycanla döyündüyünü yaxşı bilirik.
Hörmətli səngər dostumuz, əqidə və amalımızın inamlı daşıyıcısı, yoldaş Abdulla
bəy!
Siz Azərbaycan xalqının mübarizə yaddaşında yaşayan, gələcək nəsillərə örnək olan bir
aydınımızsınız. Sizin 75 illik ömür yolunuz Azərbaycançılıq amalına sadiqliyin, əqidə
bütövlüyünün və fədakar mübarizənin nümunəsidir. Sizi bu yubiley münasibətilə
səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, Güney Azərbaycanın azadlıq və
milli birlik mübarizəsində yeni uğurlar arzulayır.
Azərbaycan Demokrat Firqəsi
Mərkəzi Komitəsi

Şərhlər bağlıdır.