Təhlil27.08.2025
“İkili münasibətlər, paralel hakimiyyət strukturları və daxili parçalanma İran hakimiyyətinin xarakteri halına çevrilib”.
Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İranda parlament, Ekspertlər Şurası və Prezident postu seçkilər yolu ilə formalaşsa da, ölkənin Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei xalq tərəfindən deyil, 280 nəfərlik dini Ekspertlər Şurası tərəfindən təyin olunub.
“Xameneinin təyin etdiyi müşavirlər də seçkili qurumların nümayəndələri deyil və xalqın mövqeyini ifadə edə bilməzlər. Onlar yalnız müəyyən məsləhətlər verə bilərlər. Azərbaycan isə münasibətlərini seçki yolu ilə hakimiyyətə gəlmiş Prezident Məsud Pezeşkianla qurur”.
Analitik əlavə edib ki, İranda 1979-cu il İslam İnqilabından bugünədək müxtəlif siyasi cərəyanlar arasında davam edən qarşıdurma müşahidə olunur. Mühafizəkarlar (sağçılar) və islahatçılar (solçular) arasında mübarizə illərdir davam edir. Mühafizəkarların əsas dayağı İran İslam İnqilabı Keşikçiləri Korpusudur (SEPAH). Onun rəhbərliyi və komandanlığı altında hərbi struktur kimi fəaliyyət göstərir. İslahatçılar isə siyasi qüvvələrdir. Beləliklə, İran hakimiyyətindəki əsas qarşıdurma hərbi qüvvələri təmsil edən mühafizəkarlarla siyasi fiqurlar arasında gedir.
“Xameneinin xarici məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti SEPAH-ı, Məsud Pezeşkian isə islahatçı siyasi dairələrin mövqeyini təmsil edir. Ölkədəki konstitusiyaya əsasən Prezident ölkənin ikinci şəxsidir. Lakin Xameneinin seçki yolu ilə deyil, təyinatla hakimiyyətə gəlməsi fonunda Pezeşkian de-fakto birinci şəxs statusundadır”.
O hesab edir ki, İran daxilindəki bu siyasi ikitirəlik Azərbaycanın Tehranla münasibətlərinə də birbaşa təsir göstərir:
“SEPAH uzun illərdir Ermənistanı dəstəkləyir. Bu dəstək 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə də davam edib. Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumda SEPAH-ın dolayı iştirak ehtimalı da istisna edilmir. İranın Azərbaycanla münasibətlərinin pozulmasında əsas rol məhz SEPAH və mühafizəkar dairələrin üzərinə düşür. Əgər Xamenei onlara “susun” əmri versə, mühafizəkar qüvvələr hərəkətsiz qalacaqlar. Bu, təkcə Azərbaycana münasibətdə deyil, digər məsələlərdə də özünü göstərir. Məsələn, Pezeşkian ölkədə məcburi hicaba qarşıdır, SEPAH isə onun tətbiqini tələb edir”.
Ekspert diqqətə çatdırıb ki, Tehran hakimiyyətini çətin vəziyyətə salan da məhz bu ikili yanaşmadır. İslahatçılar Qərblə əməkdaşlıq və nüvə proqramının dayandırılmasının tərəfdarıdır. Mühafizəkarlar isə əksinə, razılaşmalara qarşı çıxır və hətta atom silahı əldə etməyə çalışırlar. Bu ziddiyyətli yanaşma Azərbaycanın Tehranla münasibətlərində də özünü göstərir:
“Azərbaycanla Tehran arasındakı münasibətlərdə İrandakı səfirliyimizə hücum kimi hadisələrin təkrarlanması ehtimalı azdır. Yox, əgər bu, yenidən baş verərsə, İran beynəlxalq sanksiyalarla üzləşə və ölkə diplomatik missiyaların təhlükəsizliyini təmin edə bilməyən bir rejim kimi nüfuzdan düşə bilər”.
S.Soltan vurğulayıb ki, Azərbaycan Tehranla münasibətlərdə kifayət qədər məsafəli və müdrik siyasət aparır, eyni zamanda əlaqələrin normallaşması üçün üzərinə düşən məsuliyyəti yerinə yetirir. Lakin SEPAH və Vilayəti kimi fiqurlar bu münasibətləri pozmağa çalışır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, Bakı siyasətini İran xalqı tərəfindən seçilmiş və səlahiyyətli Prezidentlə qurur.
“Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Nə məsləhətlər verirlər, bilmirəm”, – deyə Prezident açıqlayıb.
Aysel Mətləb
Şərhlər bağlıdır.