1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu elan edilsə də, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. O dövrdə Bakı şəhəri Stepan Şaumyanın rəhbəri olduğu Bakı Xalq Komissarları Sovetinin daşnak-bolşevik silahlı qüvvələrinin işğalı altında idi. Cümhuriyyət hökumətinin başlıca vəzifəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də Bakının işğaldan azad edilməsi idi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı söyləyib.
Alim bildirib ki, Cümhuriyyət hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də Milli Ordunun formalaşdırılması idi. Hökumət 1918-ci il iyunun 26-da Milli Ordu yaradılması haqqında qərar qəbul etdi.
Eyni zamanda, 1918-ci il iyunun 4-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. 1918-ci il iyunun 10-da Gəncə tərəfdən Bakı Sovetinin daşnak-bolşevik ordusu Cümhuriyyətin müstəqilliyinə birdəfəlik son qoymaq üçün hücuma başladı. Hərbi əməliyyatların aparıldığı ərazilərdə türk-müsəlman əhaliyə qarşı soyğunçuluq, kütləvi qırğınlar və soyqırımı törədirdilər. 1918-ci il iyunun 23-də Cümhuriyyət hökuməti ölkədə hərbi vəziyyət elan etdi. İyunun 27-dən iyulun 1-dək Osmanlı ordusundan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Avqustun 1-dən 5-dək birinci Bakı əməliyyatı, avqustun 6-dan sentyabrın 12-dək Bakı ətrafında döyüşlər oldu, ikinci Bakı əməliyyatı həyata keçirildi və sentyabrın 15-də Bakı işğaldan azad edildi. Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru Paşa, Xəlil Paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Türk ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Qafqaz İslam Ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafətdə H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
“Qafqaz İslam Ordusu Bakının azad olunması uğrunda həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib. 1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün abidənin özülü qoyulsa da, 1920-ci ilin aprel işğalından sonra onun tikintisinin başa çatdırılımasına imkan verilmədi. 1999-cu ildə Qafqaz İslam Ordusunun şərəfinə Bakıda Şəhidlər xiyabanında abidə ucaldıldı.
2018-ci il sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Hər il sentyabrın 15-də Bakı, Gəncə, Şamaxı, Göyçay, Neftçala və digər şəhər və rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, Bakıda “Türk Şəhidliyi” abidəsi önündə anım mərasimi keçirilir. Azərbaycan xalqı Türkiyənin qardaşlıq köməyini, eləcə də Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda şəhid və qazi olan hər bir əsgər və zabitini hörmət və ehtiramla yad edir”, – deyə tarixçi alim fikrini yekunlaşdırıb.
Şərhlər bağlıdır.