- 02 oktyabr, 2025
İsrail “Global Sumud Donanması”nın 44 gəmisindən 13-nü saxlayıb. Aksiya iştirakçıları Qəzza zolağına humanitar yardım çatdırmaq təşəbbüsü ilə çıxış edirlər. Onlar iddia edirlər ki, İsrail tərəfindən blokadaya alınan bölgədə humanitar fəlakət hökm sürür, dinc sakinlər aclıq keçirir və s.
“Qlobal Sumud Donanması” üzrə hazırlıq işləri bu il avqustun 31-də İspaniyada tamamlanıb və sentyabrın 4-də Tunisdən Qəzza istiqamətində yola çıxıb. Bu “donanma” “Azadlıq Donanması”, “Qlobal Qəzza Hərəkatı”, “Sumud Konvoyu” və “Malayziya Sumud Nusantara” təşkilatlarının birləşməsindən formalaşıb. Onların tərkibində təxminən 50 ölkədən çoxlu sayda ictimaiyyətçi var.
İddia edilir ki, Qəzza zolağı 2007-ci ildə İsrailin mühasirəsindədir. Aksiya iştirakçıları humanitar yükün maneəsiz şəkildə Qəzzaya çatdırılması üçün birləşdiklərini bildirirlər. Onların bu hərəkəti vətəndaş cəmiyyəti təşəbbüsüdür, dövlət və təşkilatlar tərəfindən dəstəyi yoxdur.
“Sumud” sözünün ərəbcədən tərcüməsi “dözümlülük” mənasını verir.
Bu hərəkatın liderlərindən biri Qreta Tunberqdir. İsrailin mühafizə xidməti əməliyyata “Qreta Tunberq Donanması” gəmilərini saxlamaqla başlayıb. “Donanma”nın başçısı Qreta da saxlanılıb.
İsrail donanması oktyabrın 1 və 2-də gecə saatlarında əməliyyata başlayıb. Saxlanılanlar sol siyasi-ideoloji xəttin təmsilçiləri sayılır. Onlar İsrailin Aşdod limanına aparılıb. İsrailin Xarici İşlər Nazirliyi saxlanılanlarla bağlı video paylaşıb. Hökumət əmin edib ki, Qreta və dostları sağ-salamatdır.
Yəhudi dövləti rəsmiləri bildiriblər ki, Qəzzaya dəniz blokadasını yarmaq, kiçik gəmilərlə zolağa az miqdarda ərzaq çatdırmaq cəhdi yalnız ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Gəmilərdəki fəallara gətirdikləri humanitar yardımlarını İsrail limanına boşaltmaq, yoxlama aparıldıqdan sonra onları quru yolu ilə bölgəyə aparmaq təklif olunsa da, onlar bunu rədd ediblər.
Başqa sözlə, İran hakimiyyəti kimi, Qəzza zolağındakı qruplaşma hökumətinin əsas hədəfi “İsraili siyasi xəritədən silmək”dir. Onların təkəbbürlü fəaliyyəti, idarəetmə sistemi və sponsorları Qəzza zolağını indiki hala salan amillərdir.
2010-cu ildə Türkiyədə “Mavi Mərmərə” donanması altı gəmi ilə bölgəyə yardım aparmaq istəyi ilə yola çıxmışdı. 15 il öncə mayın 31-də İsrailin Müdafiə Qüvvələri gəmiyə hücum etmiş, nəticədə gəmilərdən beşi İsrailin nəzarətinə keçmiş, on sərnişin ölmüş, altmış fəal isə yaralanmışdı. Bu hadisə Türkiyə-İsrail münasibətinə çox ciddi ziyan vurmuşdu. İsrail hadisədən sonra Türkiyədən rəsmi üzr istəmiş və hücumda həyatını itirənlərin ailələrinə təzminat ödəməyi qəbul etmiş, zərərçəkənlərə təxminə 20 milyon dollar təzminat ödəmişdi.
2025-ci il 9 iyun gecəsi İsrail Müdafiə Ordusu dəniz blokadasını keçməyə və Qəzza sektoruna daxil olmağa çalışan “Madleen” yaxta gəmisini ələ keçirdi. Ələkeçirmə “Şayetet-13” dəniz xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirildi. “Madleen” yaxtası Aşdod dəniz limanına yönləndirildi. 10 iyun gecəsi “zzadlıq flotiliyası” aksiyasının iştirakçıları, dəniz blokadasını yarmaq və “Madleen” yaxtasında Qəzzaya üzməyi planlaşdıranlar Aşdoddan Ben-Qurion hava limanına gətirildilər. Daha sonra onlar İsraildən deportasiya edildilər. Deportasiya edilənlər arasında Tunberq də var idi.
Artıq sirr deyil ki, HƏMAS-ın fəaliyyəti nəticəsində Qəzza zolağının mühasirəsinin yarılması istiqamətində edilən cəhdlərin hamısı uğursuzluqla nəticələnib. Bu aksiyalarda iştirak edənlərin hədəfi heç də zolaqdakı dinc sakinlərə yemək, geymək üçün ləvazimatlar, yaxud dərman preparatları aparmaq olmayıb. İsrailin sonuncu aksiya iştirakçılarına Qəzzaya aparmaq istədikləri yükü limanda boşaldıb, sonra quru yolla onu sakinlərə çatdırmaq təklifinin qəbul olunmaması da bunu təsdiqləyir.
İctimaiyyət, qeyri-hökumət təşkilatları adından belə cəhdlərin edilməsində hədəf nədir? Belə ehtimal etmək olar ki, məqsəd heç də humanitar yardımın dinc sakinlərə paylanması, onların aclıqdan, xəstəlikdə və s. əziyyət çəkməsinin qarşısının alınması deyil. Burada aksiyaçıların iki hədəfi aydın görünür; birinci, İsrail hakimiyyəti barədə mənfi rəy formalaşdırmaq, ona qarşı sanksiyaların tətbiqinə nail olmaqdır. İkinci isə vətəndaşı olduqları ölkədəki hakimiyyətə qarşı Fələstin, o cümlədən Qəzza zolağındakı vəziyyətdən alət olaraq istifadə etməkdir.
Avropada sol cərəyan Rusiya və ya çinyönlü sayılır. Yaxud, onların Moskva və Pekinə simpatiyaları var. Bu baxımdan, RF və ÇXR-in də regionda siyasi maraqlarının təmin olunması, yaxud ABŞ və İsrailə təzyiq etmək məqsədi ilə aksiyalardan yararlanmaq istədikləri qənaətinə gəlmək mümkündür.
Onların aksiyasının hədəfi ilə bağlı ehtimalları belə ümumiləşdirmək olar:
-İsrailə qarşı dünya üzrə nifrəti artırmaq, antisemit hərəkatına əlavə yardım etmək;
-Vətəndaşı olduqları ölkənin hakimiyyətinə müxalifətin təzyiqi;
-Rusiya, Çin və onlara yaxın ölkələrin bundan regionda maraqlarını təmin olunması, Qərbə qarşı təzyiq aləti kimi yararlanmaq səyləri.
O zaman “dözümülülük tərəfdarları” israrlı davranışı və açıqlamaları ilə Qəzzada müharibənin dayandırılması planına qarşı təxribat törətmiş hesab olun bilər. Yeri gəlmişkən, Rusiya və Çin Trampın planına hələ ki münasibət bildirməyib.
Gələk “Qlobal Sumud”a. Onun fəallarından biri Qreta Tunberq Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. O, 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) qarşı BMT-nin İrəvandakı ofisi qarşısında etiraz aksiyasında iştirak etmişdi. Ekofəal sayılan Qreta Tunberq Azərbaycanda keçirildiyi üçün bu tədbirə qatılmamışdı. O, böhtanlarla çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan qüvvələrin əsassız müdafiəsinə qalxmışdı. Qreta Tunberq bu zaman Ermənistan hakimiyyətinin, havadarlarının Azərbaycan türklərinə qarşı törədikləri çoxsaylı qətliamları heç nəzərə də almayıb. Çünki ekofəal kimi ad çıxaran Qreta xanım idarə olunan, sponsorlarının tapşırıqlarını icra edən ictimaiyyətçidir.
O, Azərbaycanı “etnik təmizləmə”də ittiham edir. Halbuki hazırda Azərbaycan Respublikasında vətəndaş olaraq minlərlə erməni yaşayır. Ancaq hazırda Ermənistanda bir azərbaycanlı belə yoxdur. Bu ölkədə azərbaycanlıların son etnik təmizlənməsi 1988-1992-ci ildə başa çatıb.
Odur ki, Qreta Tunberqin Qəzza zolağında dinc sakinlərə yardım etməkdə səmimiliyi şübhəlidir. Aksiyanın aparıcılarından biri o olduğundan hədəfin zolaqdakı “aclara” qida aparması ehtimalı çox azdır. “Qlobal Sumud”da isə qretaçıların az olmadığından bu aksiyanı qərəzli, sifarişli, siyasi mahiyyətli saymaq olar. Onların fəaliyyəti Tramp planını pozmağa, HƏMAS və ətrafına dəstəyə daha çox oxşayır…
Şərhlər bağlıdır.