“Azadlıq, Ədalət, Milli Hökumət!” – farsçılığın kölgəsində boğulan İran reallığı
İranın 12 günlük müharibədən sonrakı siyasi və sosial-iqtisadi böhranı, AEBA ilə razılaşma, ABŞ–AB kanalı ilə danışıqlar və Zəngəzur dəhlizi fonunda Tehranın regional kursu — Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin İsmayılovla müsahibə.
Ayda Əmir Haşimi
22 sentyabr 2025
- Sədrəddin müəllim, İranın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
İranın həyati vacib bütün sahələri böhran keçirir. İsrailə qarşı 12 günlük müharibə onun vəziyyətini daha da ağırlaşdırıb. Bu baxımdan sentyabr ayı İslam Respublikası üçün əvvəlki aylardan daha ağır keçib.
- Bəs bu böhranda ən başlıca məsələ nədir?
Bunlardan ən başlıcası ABŞ ilə danışıqlar problemidir. Avqustun sonunda Avropa “üçlüyü” Böyük Britaniya, Almaniya və Fransa İran qarşısında üç şərt irəli sürüb: AB ilə danışıqlara başlamaq, zənginləşdirilmiş uranın saxlanıldığı yer haqqında məlumat, nüvə fəaliyyətini dayandırmaq. Bu şərtlər təmin olunmayacağı halda sanksiyaların tətik tətbiqinə (“snapback”) dair “üçlük” BMT Təhlükəsizlik Şurasına müraciət edib.
- Bu şərtlərə İran hansı cavabı verib?
Xarici işlər naziri sentyabrın 8-də Misirin paytaxtı Qahirədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə gələcək əməkdaşlığa dair yekun razılaşma sənədi imzalayıb. Bu Tehranın, Avropa liderlərinin şərtlərini qəbul etdiyinə dair atdığı addım sayıla bilər.
- ABŞ ilə vasitəçilik məsələsində hansı addım atılıb?
Məlumata görə, İranın ali rəhbəri ayətullah Seyid Əl Xamənei Prezident Məsud Pezeşkiana ABŞ ilə danışıqlara vasitəçilik etmək üçün Qətər şeyxinə müraciət etməsinə xeyir-dua verib. Bu, “üçlüyün” daha bir şərtinin təmin olunması ilə bağlı növbəti addımı sayıla bilər.
- Müharibə zamanı nüvə obyektləri ilə bağlı vəziyyət necə olub?
İranın xarici işlər naziri Abbas Ərakçi bildirib ki, 12 günlük müharibə zamanı ABŞ nüvə obyetklərini bombalayıb, zənginləşdirdikləri uran isə uçqunlar altında qalıb. Bunu isə uranın tələb olunan şərtinə cavab olaraq qiymətləndirmək olar.
- Abbas Ərakçi ilə Rafael Qrossi arasında imzalanan sazişlə bağlı açıqlama yayılıb. Bu sazişin şərtləri nədən ibarətdir? Və Avropa “üçlüyü”nün münasibəti necədir?
Rafael Qrossi ilə imzalanan sazişdə bildirilib ki, İranın nüvə obyektlərinə qarşı istənilən düşmən addımı, o cümlədən BMT Təhlükəsizlik Şurasının sanksiya qətnamələrinin bərpası halında razılaşmaların icrası dərhal dayandırılacaq:
– Razılaşmaların mətni Nüvə Komitəsinin təsdiq etdiyi sənədlə eynidir;
– Agentliyə təqdim olunacaq hesabatlar yalnız Şuranın təsdiqi ilə göndəriləcək;
– Əməkdaşlığın həyata keçirilməsi mexanizmləri Şura tərəfindən müəyyən ediləcək.
Avropa “üçlüyü” isə bu sazişdən narazılığını ifadə edərək, İranın nüvə obyektlərinə agentliyin müfəttişlərinin buraxılmasının bu sənəddə öz əksini tapmadığı da vurğulanıb.
- ABŞ-ın mövqeyi nədən ibarətdir?
ABŞ-nin energetika naziri Kristofer Rayt isə bildirib: “İran uranın zənginləşdiriməsi proqramını tamamilə dayandırmalıdır”.
- İranın zənginləşdirilmiş uran ehtiyatı barədə nə bilirik?
AEBA-nın məlumatına əsasən, İslam Respublikası 441 kq 60 faizədək zənginləşdirilmiş urana malikdir. Mütəxəssislərin fikrincə, bu miqdar isə 10-a yaxın nüvə başlığı hazırlanmasına kifayət edər.
- Ali Milli Təhlükəsizlik Şurasında hansı dəyişiklik olub? Qarşıdakı aylarda nə gözlənilir?
Ötən ay İran parlamentinin keçmiş sədri Əli Laricani İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunub. AEBA ilə danışıqlara Əli Laricaninin başçılığı altında Şura həyata keçirəcək. Odur ki, qarşıdan gələn aylarda İranla Qərb bloku arasında maraqlı sürprizlərin olacağı istisna deyil. Çünki şərtlər təmin olunacağı təqdirdə İranla ABŞ arasında 360 milyard dollarlıq sövdələşmənin ola biləcəyi ehtimal olunur.
- İranda siyasi düşərgələr arasında fikir ayrılığı necə təzahür edir?
İranda hakimiyyətində islahat və mühafizəkar siyasi-ideoloji düşüncə İslam Respublikası yarandığı gündən var. Zaman-zaman bu məsələ rejimin yürütdüyü siyasi kursda da özünü göstərir. Bu, özünü Zəngəzur dəhlizi (Tramp yolu) məsələsində də göstərir.
- Parlamentin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi nədir?
İran parlamentinin 150-dən çox deputatı “Cənubi Qafqaz regionunun strateji əhəmiyyəti” ilə bağlı bəyanat yayıb və Zəngəzur dəhlizi kimi “riskli planlara” qarşı çıxıb, sərhədlərin hər hansı dəyişikliyi və tətbiq edilən marşrutların yaradılmasını regional təhlükəsizliyə təhdid adlandırıb: “Cənubi Qafqaz İran və region üçün təhlükəsizlik baxımından həyati əhəmiyyət kəsb edir, həmçinin mühüm enerji, tranzit və iqtisadi əlaqə dəhlizidir. İranın geoiqtisadi mövqeyini zəiflətmək məqsədi daşıyan istənilən iqtisadi və tranzit layihə parlament tərəfindən rədd edilir” – deyə bildirilib.
- Sepahın bu mövzuda mövqeyi necədir?
Bu istiqamətdə fəaliyyətə və əks-təbliğata İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) müxtəlif səviyyələrdə təbliğat aparır. Bu hərbi qruplaşmaya bağlı informasiya kanalında İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin adından belə çıxış edilib. Mənbə bildirib ki, bir sıra media resurslarında ictimai rəyi təhrif etməyə yönəlmiş materiallar yayılıb: “İranın ali lideri, ayətullah Xamənei Zəngəzur məsələsində yumşaq mövqe tutur”. Sepahın kanalı belə şərhlərin tamamilə əsassız olduğunu yazıb: “Əvvəldən ayətullah Xaməneinin bu mövzuda mövqeyi sərt və prinsipial olub, belə də qalır, bu kursa heç bir kiçik dəyişiklik edilməyib”.
Qvardiyanın media mənbəyi bildirib ki, ali rəhbərin müşaviri Vilayətinin Zəngəzur yolu ilə bağlı açıqlaması Xaməneinin mövqeyinin rəsmi əksi kimi səsləndirilir və beynəlxalq ictimaiyyətə ötürülür. Sepah bu istiqamətdə ardıcıl və qətiyyətli addımların atıldığını və bundan sonra da belə olacağını bəyan edib. “Dünya ictimaiyyəti vaxtı gələndə bu hərəkətlərin şahidi olacaq” deyə ənənəvi hədələyici ritorika ilə çıxış edib. Qvardiyanın informasiya kanalı Ermənistana da rəsmi qaydada aydın şəkildə regionda heç bir siyasi manevr mümkün olmadığının çatdırıldığını vurğulayıb: “İran hər hansı xarici qüvvədən razılıq, icazə gözləmədən qəti mövqe nümayiş etdirir”.
- Azərbaycanın mövqeyi necədir?
44 günlük müharibədən sonra Xamənei və onun ətrafı elə səhvən, bəlkə də Azərbaycana qarayaxmaq məqsədi ilə elə zənn edirdi ki, rəsmi Bakı Ermənistanın indiki ərazisində, o cümlədən Zəngəzur bölgəsində hərbi əməliyyat keçirəcək.
Ancaq bu baş vermədi. Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” televiziya kanalına müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirərək deyib ki, 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi: “Cəmi bir neçə ay sonra – həmin ilin noyabrında sovet Rusiyası qərar qəbul etdi ki, Zəngəzuru- bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı”.
Dövlət başçısı daha sonra vurğulayıb: “İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. 12 min hərbçisi fərari idi”. Ancaq rəsmi Bakı bu addımı atmadı, əksinə Ermənistana sülh paketi təqdim etdi.
- Sepah və Vilayətinin açıqlamaları bu məsələdə nə deməkdir?
Sepahın fikrincə, Əli Əkbər Vilayətinin açıqlaması Xaməneinin mövqeyidir. O, Zəngəzur yolu ilə bağlı açıqlamasında təmsil etdiyi hakimiyyətin “özünün və regionun maraqlarına biganə” qalmayacağını bildirib. O bu kimi açıqlamaları ayətullah Seyid Əli Xaməneinin sosial şəbəkədəki səhifəsində deyil, öz adından yayıb.
- Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bu barədə nə deyib?
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinə dair əldə olunmuş razılaşmanı şərh edərkən deyib: “Bu yolun açılması İran üçün təhlükəli olmaya bilər”. O əlavə edib ki, rəsmi İrəvanın Tehrana verdiyi məlumata əsasən, bu dəhliz İranın Ermənistana yolunun kəsilməsi demək deyil.
- Prezident Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi necədir?
İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edərkən demişdi ki, bu məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib. O, Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamədə İranın maraqlarının da nəzərə alındığını söyləyib: “Zəngəzur dəhlizi məsələsində İranın tələbləri yerinə yetirilib. Bu dəhliz mövcud sərhədləri qoruyur. Yol sadəcə nəqliyyat əlaqəsini təmin edir. İranın Avropaya və Şimala tranzitinə mane olmur”.
- Ali rəhbər Xamənei Pezeşkianın bu mövqeyinə necə reaksiya verib?
Bu günlərdə Xamənei prezidentin iştirakı ilə keçirdiyi hökumət üzvləri ilə görüşdə Məsud Pezeşkiana xüsusi təşəkkür elan edib. Bunu hökumət başçısını çıxış və mövqelərinə, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına verilən qiymət kimi də dəyərləndirmək olar.
- Ermənistan tərəfi bu məsələdə hansı mövqeni açıqlayıb?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan Zəngəzur dəhlizini ABŞ-yə icarəyə vermir. Onun açıqlaması da Vilayətinin fikirlərini alt-üst edir. Hələ Zəngəzur yolunun ABŞ-yə 99 illiyinə icarəyə verilməsinə dair heç bir sənəd imzalanmayıb.
- Bu məsələdə Pezeşkian və Vilayətinin mövqeləri necə fərqlənir?
Ona görə də Məsud Pezeşkian İran hakimiyyətinin başlıca iki təmsilçisindən biri olaraq dövlətin mövqeyini bildirib. Vilayəti və ona bənzərlər isə mühafizəkarların, daha çox Sepahın çaldığı havaya oynayırlar. Çünki uzun illərdir İranda onların kəsdiyi başqa sorğu-sual olmayıb. O, özünü hakimiyyət içində hakimiyyət rolunda aparır. Ancaq bu hərbi quruluş İran hakimiyyəti demək deyil. Sepah İran Silahlı Qüvvələrinin bir qoludur. O, Qəzzada, Livanda, Suriyada uğursuzluqlarını bəhs etdiyimiz mövzularla ört-basdır etmək istəyir. Özünü regionun sahibi kimi aparmağa çalışır. Yaxın Şərqdən qovulan sepahçılar Cənubi Qafqaza soxulmağa səy göstərir. Sepah bu kimi davranışları ilə İrana beynəlxalq aləmdə terrorçu imici qazandırıb. O bu sayaq davranışı ilə ali rəhbərinin nüfuzuna zərər vurur. 12 günlük müharibədə isə gücünü, qüvvəsini, mifini ifşa etdi…
- Bu gün hakimiyyət daxilindəki fəaliyyətin mahiyyətini necə izah edərdiniz?
Bu, İran hakimiyyətinin mövcud vəziyyətidir. Sepahda daxil olmaqla hakimiyyət ölkənin ağır sosial-iqtisadi vəziyyətindən diqqəti yayındırmaq məqsədi ilə Zəngəzur dəhlizi kimi İranın həyatına elə ciddi aidiyyəti olmayan məsələlərə yönəldir.
- Prezident Pezeşkianın Ərdəbil səfərində hansı məsələlər diqqət çəkib?
Bu günlərdə Məsud Pezeşkian Güney Azərbaycanın Ərdəbil şəhərində səfərdə olub. O bir sıra məsələlərə toxunub. Məsud Pezeşkian Ərdəbildə investorlar və iş adamları ilə görüşdə bildirib ki, ölkənin mövcud problemlərini daxili imkanlar hesabına həll etmək mümkündür: “Problemlərimizi özümüz həll edə bilərik. Neft və qaz ehtiyatlarına malik olmayan və onları almağa məcbur qalan ölkələr necə yaşayırsa, biz də öz daxili gücümüzə arxalanmalıyıq. Əgər neft sata bilmiriksə, bu, o demək deyil ki, ayaqda dura bilmərik. İstehsal və sənaye sahəsində yaradıcı qüvvələrimiz var”. Pezeşkian yerli sakinlərə ölkəsinin real vəziyyətini açıqlayıb. O, rəsmi dövlət idarələrinin iş vaxtını səhər saat 9-dan saat 13-ə qədər qısaltmağı təklif edib: “Onsuz da heç kəs işləmir, yəni işləmək üçün iş yoxdur, amma elektrik enerjisi, su və digər resurslardan istifadə edirik”.
- Bu açıqlamalar İranın sosial-iqtisadi durumunu necə xarakterizə edir?
Bu açıqlama İranın sosial-iqtisadi vəziyyətini tam əks etdirir. İşsizlik, elektrik enerjisi və su çatışmazlığı, qıtlığı kimi sosial problemləri Pezeşkianın bu açıqlamasından yaxşı heç nə xarakterizə edə bilməz. Bu problemlər cəmiyyətdə müxtəlif fəsadlara, faciələrə yol açır.
- Son dövrlərdə sosial narazılığın hansı təzahürləri baş verib?
“Bank Keşavərzi”nin törəmə müəssisəsində işləyən İT üzrə kompüter mütəxəssisi mühəndis Mahan Şəfarudi əmək haqlarının verilməməsinə və səbəbsiz olaraq işdən çıxarılmasına etiraz olaraq Ənzəli Azad İqtisadi Zonasında yerləşən “Arash Mall” ticarət kompleksində özünü hündürlükdən ataraq ölüb. Belə bir acınacaqlı hadisə İranda sosial vəziyyətin göstəricisi sayıla bilər.
- Bəs təhsil sahəsi, orda vəziyyət necədir?
İranda təhsil sahəsində də vəziyyət ağırdır. Dərs vəsaitləri bahalaşıb. Ötən tədris ilində İranda 750 min şagirdin müxtəlif səbəblərdən təhsili yarımçıq qalıb. Bununla bağlı, Tehran Məktəb Ləvazimatları İttifaqının rəhbəri Möhsün Gülüstani məlumat verib. Onun sözlərinə görə, şagirdlərin məktəbi tərk etməsinin əsas səbəbi yoxsulluq və təhsil xərclərinin artmasıdır. Gülüstani bildirib ki, bu amillər təhsildən yayınma hallarının artmasına birbaşa təsir göstərir. Təhsili yarımçıq qoyan şagirdlərin 150 mini ibtidai siniflərdə – 1-5-ci siniflərdə oxuduğu qeyd olunub. Bundan başqa İranda bu ilki təhsil ilinin başlayacağı tarix də hələ ki dəqiqləşməyib. Ölkədə su, elektrik enerjisi, yanacaq qıtlığı ilə əlaqədar tədris təqviminin ixtisara salınacağı da istisna edilmir.
- İran hakimiyyəti nüvə problemini və sosial-iqtisadi vəziyyəti necə idarə edə bilir?
Tehran hakimiyyəti nüvə problemini həllində sıxışıb, qalıb. Müharibədən məğlub çıxan ölkənin sosial-iqtisadi vəziyyəti isə günü-gündən ağırlaşır. Hər gün ölkə əhalisinin müxtəlif sosial təbəqələrinin nümayəndələri əmək haqlarının artırılması, təqaüdlərin verilməsi, iş şəraitinin və tələbə yataqxanalarında vəziyyətin yaxşılaşdırılması, həmin yerlərdə keyfiyyətli yeməklərin verilməsi, milli dildə körpələr adların verilməsinə yaradılan süni maneələrin aradan qaldırılması və başqa tələblərlə etiraz aksiyası keçirir. Tehran hakimiyyəti yaranmış vəziyyətdən xilas olmaq üçün cəhdlər edir.
- Milli valyutanın vəziyyəti necədir və hansı tədbirlər görülür?
Heç şübhəsiz ölkədə yaranan vəziyyət ilk növbədə İranın milli valyutasının ucuzlaşmasında özünü göstərir. İranda denominasiya məsələsi uzun illərdir müzakirə olunur. 2025-ci ilin avqust ayında milli valyuta, rialın dörd sıfırını silmək məqsədilə denominasiyası təsdiqlənib. Bu barədə qəbul edilən sənədə əsasən, yeni valyuta “rial” adını saxlayacaq. 10 000 köhnə rial bir yeni riala bərabər olacaq, həmçinin yeni rialın 100 hissəsinə bərabər olan qran adlı xırda pul vahidi tətbiq ediləcək. Bu maliyyə əməliyyatı inflyasiyanın azalmasına təsir etməyəcək. Ancaq islahat maliyyə hesablamalarını sadələşdirməyə və xərcləri azaltmağa yönəlib.
Bundan başqa əskinasların çapı xərcləri azalacaq. İran parlamentinin uyğun komitəsi tərəfindən təsdiqlənmiş qanun layihəsi əvvəlcə parlament səsverməsindən keçməli və Nəzarət Şurası tərəfindən qəbul edilməli, ali rəhbərin təsdiqindən sonra qüvvəyə minəcək.
İran Prezidenti Məsud Pezeşkian ötən il oxşar nisbətdə denominasiya və valyutanın yeni adını – “tümən” təklif etmişdi. Denominasiya təşəbbüsü respublika hökuməti tərəfindən hələ 2019-cu ildə təsdiqlənmişdi, ancaq son aylarda hakimiyyət onun həyata keçirilməsini sürətləndirib. Ümumiyyətlə, bu məsələ 1990-cı illərdən müzakirə olunur. İran valyutası ölkəyə qarşı tətbiq edilən sanksiyalar səbəbindən əhəmiyyətli dərəcədə dəyərdən düşüb, riala son zərbəni iyun ayında İsrail və ABŞ ilə müharibə vurub. İranlı iqtisadçı Kamran Nadiri hesab edib ki, bu tədbir nə effektiv pul-kredit siyasəti, nə də inflyasiya nəzarəti mexanizmidir: “Bu, sadəcə mühasibat uçotu məqsədləri üçün pul vahidinin formal düzəlişidir”.
- Əhalinin alıcılıq qabiliyyəti və ərzaq qiymətləri barədə nə demək olar?
Rəsmi məlumatlara əsasən, son səkkiz ildə məişət ərzaq mallarının inflyasiyası daim ölkənin ümumi inflyasiya indeksindən yüksək olub. İnsanların alıcılıq qabiliyyəti, ərzaqların qiymətləri cəmiyyətin rifahının mühüm göstəricisi sayılır. Hakimiyyəti ərzaq mallarının qiymətini azaltmağa çalışır. İranın Statistika Mərkəzinin məlumatları göstərir ki, son bir ildə bəzi vacib məişət mallarının qiymətləri 100 faizdən çox bahalaşıb. Son 8 ildə əhalinin gəlirləri təqribən 12,5 dəfə artdığı halda, bu dövrdə ərzaqların qiymətləri orta hesabla 20 dəfədən çox artıb.
- İran iqtisadiyyatında xarici sərmayə və investisiya məsələsi necədir?
İranın dövlət büdcəsi əsasan, neftdən gələn gəlirlər hesabına formalaşır. İqtisadiyyat da buna dayanır. Bu sahədə xarici sərmayə çatışmazlığı var. Başqa sözlə, İran iqtisadiyyatına xaric investisiya qoyulması riskli sayılır. Bunu ilk növbədə ölkə konstitusiyası məhdudlaşdırır. Habelə şübhəli nüvə fəaliyyətinə, terrorçuluğu dəstəklədiyinə, insan hüquqlarını pozduğuna və başqa məsələlərə görə Tehrana tətbiq edilən sanksiyalar bu riski artıran amillərdəndir. Təkcə, neft-kimya sənayesini inkişaf edib, hədəflərinə çatmaq üçün 24 milyard dollar həcmində investisiya tələb olunur.
Uyğun sahə rəsmisinin sözlərinə görə, yeddinci planın sonuna qədər bu sahənin ümumi nominal gücü 131,5 milyon tona çatmalıdır. Bu layihələr üçün isə göstərilən məbləğdə maliyyə resursuna ehtiyac var.
İş o yerə çatıb ki, maliyyə çatışmazlığı səbəbindən Tehran xarici ölkələrdə fars dilinin təbliğinə belə vəsait ayırmaqda çətinlik çəkir.
Hindistanda 60 ildir fars mədəniyyətini təbliğ edən “Parsiana” jurnalı fəaliyyətini dayandırıb. Bildirilib ki, nəşrin bağlanmasına səbəb olaraq maliyyə çatışmazlığı olsa da, hakimiyyət bu barədə qərarı abunəçi sayının azalması, maliyyə imkanlarının tükənməsi və nəşri davam etdirəcək şəxsin olmaması ilə əsaslandırıb. Məlumata görə, bu dərgi 1964-cü ildə Mumbayda zərdüşt Pestonji Varden tərəfindən təsis edilib. Hindistandakı farsların həyatını işıqlandıran nüfuzlu nəşrlərdən sayılıb. 1973-cü ildə jurnalın idarəsini Cahangir Patel öz üzərinə götürüb. Rəsmi olmayan mənbələrə əsasən, nəşr illərlə İranın Fars dili və Ədəbiyyatı Akademiyası tərəfindən maliyyələşdirilib. Ancaq İranda iqtisadi böhran dərinləşdikdən sonra bu dəstək də kəsilib və nəticədə jurnalın dayandırılmasına qərar verilib. Bu akademiyanın başçısı İran parlamentinin keçmiş sədri, panfarsçı ideolojinin əsas aparıcı fiquru Qulam Əli Həddad Adildir.
- İranda narkotik problemi hansı səviyyədədir?
İran narkotik maddələrin tranzit və yetişdirildiyi, istehsal olunduğu ölkədir. Bu nə sirdir, nə də qərəz. İran Tibb Elmləri Universitetinin rektoru Nadir Təvəkküli bildirib ki, ölkədə narkotik maddələrdən birbaşa asılı olan şəxslərin sayı 2 milyon 800 min nəfərə çatıb. Onun sözlərinə görə, narkomaniyadan əziyyət çəkən şəxslərin ailə üzvləri və onlara himayədarlıq edən insanlar da nəzərə alındıqda, ümumilikdə 10-12 milyon nəfər bu problemin fəsadları ilə üz-üzədir. Bu isə İranda hər 8 nəfərdən birinin bu bəladan əziyyət çəkməsi deməkdir. Rektor deyib ki, narkomaniya statistikasına tütün məhsulları və alkoqol istehlakçıları da daxil edilsə, səhiyyə sektorunda son dərəcə böyük məbləğdə maliyyə vəsaitinin xərcləndiyi görünər. Narkomaniyanın İranda günü-gündən çiçəklənməsi, ondan istifadə edənlərin yaş həddinin xeyli gəncləşməsi ölkənin başlıca sosial problemlərindən sayılır. Rəsmilər bunu İran əhalisinin yaşlaşmasının və azalmasının səbəblərindən biri olaraq göstərirlər.
- Elektrik enerjisi, su və yanacaq məsələlərində vəziyyət necədir?
Son illər İranda elektrik enerjisi, su qıtlığı, yanacaq çatışmazlığı da çox saylı sosial problemlər sırasına daxil olub. Son aylar İranda elektrik enerjisi və su qıtlığı səbəbindən məktəblərdə tez-tez tətillər olub. Dövlət müəssisələri və idarələrində iş saatı və günü azaldılıb. Rəsmi qurumlar bu addımı “enerji istehlakının idarə olunması” kimi əsaslanrır, lakin ekspertlər bunun su və enerji resurslarında dərin struktur problemlərin göstəricisi olduğunu bildiriblər. Avqustun əvvəlindən ölkənin bir çox bölgəsində su və elektrik kəsintiləri gündə 10 saata qədər davam edir. Su anbarlarının səviyyəsi tarixi minimuma enib, bu da su elektrik stansiyalarının fəaliyyətini məhdudlaşdırıb. Bu problemlər nəticəsində İran iqtisadiyyatına yüz milyon dollar ziyan dəyir.
- Ətraf mühit və ekoloji problemlərlə bağlı hansı hadisə baş verib?
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində kənd sakinləri Əndirqan qızıl mədəninə gedən yolu etiraz əlaməti olaraq bağlayıblar. Onların etirazına səbəb mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan, kənd təsərrüfatının sıradan çıxması və mal-qaranın tələf olmasıdır. Vərziqan kəndliləri belə bir şüar irəli sürüb: “Bir ovuc adam üçün sərvət, minlərlə insan üçün ölüm!” Etirazçılar bildirib ki, qızıl mədəni yalnız seçilmiş bir qrupun cibini doldurur, minlərlə kəndlinin isə həyatını ağırlaşdırır. Onların sözlərinə görə, kənd camaatının torpağı və çörəyi əlindən alınır, bu isə əhalinin narazılıq və qəzəbinin açıq ifadəsidir.
- Prezident Pezeşkian Ərdəbil səfərində sosial problemlərlə bağlı nə deyib?
Məsud Pezeşkian Ərdəbilə səfəri zamanı Azərbaycan türkcəsində İranın sosial problemlərindən də bəhs edib. O, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini ana dilində ifadə edib. Məsud Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü insanlar qazandırdığını bildirib. İran prezidenti yaranmış vəziyyətə belə yanaşıb: “Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən öyrəncilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq”. Pezeşkian yeni nəslin ölkəni tərk etdiyinə işarə edərək deyib ki, təkəbbürlü həmin insanların 90 faizi ölkədən gedib.
- Bu açıqlamalar gənclərin mövqeyini necə göstərir?
Onun bu açıqlaması yeni nəslin İrandakı mövcud vəziyyəti qəbul etməməsinə nümunədir. Hakimiyyət müxtəlif məktəblər, kurslar yaratsa da gənclik onları qəbul etmək istəmir. Son illərdə İran etiraz aksiyaları zamanı, Xomeyni, Xamənei, Qasim Süleymani və başqa liderlərin heykəllərinin dağıdılması, posterlərin yandırılması, habelə İranın ali rəhbəri Xamənei əleyhinə şuraların verilməsi yeni nəslin rejimə etirazının göstəricisidir. Bu, İranın sosial-iqtisadi sahəsi ilə bağlı çoxsaylı problemlərdən bir neçəsidir.
- Başqa hansı problemlər əlavə oluna bilər?
Sadaladıqlarımıza siyasi, mədəni, dini, ideoloji, hicab qaydaları, xarici və daxili siyasət, nüvə proqramı, müharibədən sonra İrana dəyən, maddi, mənəvi, insan itkisi, hərb xadimlərin həlak olması, təhlükəsizlik sahəsində boşluqları, milli hüquqların təmin olunmaması, “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarlarının yaratdığı çıxılmaz vəziyyət və başqa belə amillər də əlavə edilsə heç bir rejim, diktator, hakimiyyət özünü İslam Respublikasının vəziyyətinə qibtə etməz. Düzdür, bu kimi problemlər hələ sosial partlayış yaratmayacaq. Ancaq rejim üçün təhlükənin artması ilə bağlı həyəcan siqnalıdır. Belə şərait və vəziyyət ölkənin narahat hadisələrə hazırlaşdığından da xəbər verir.
- Milli hüquqlar məsələsi ilə bağlı vəziyyət necədir?
İranda fars olmayanların milli hüquqlarının təmin olunmaması başlıca problem olaraq qalır.
Bu il Azərbaycan Milli Hökumətinin qurulmasının 80-ci illiyidir. Sentyabrın 3-də isə 2025-ci il həm də Azərbaycan Demokrat Firqəsinin qurulduğu gündür. Bu gün həm də Firqənin hədəflərinin açıqlamasının 80 illiyidir. Panfarsçıların hakim olduğu İran hakimiyyətinin indiyədək görə bilmədiyi işləri Azərbaycan Milli Hökuməti bir ildə həyata keçirib.
- Azərbaycan Milli Hökumətinin əsas nailiyyətləri nələr olmuşdu?
Firqənin başçılığı ilə aşağıdakı tədbirlər həyata keçmişdi:
- Ana dili, Azərbaycan türkcəsi mədrəsələrdə rəsmiləşdirildi. Dərsliklər hazırlanaraq pulsuz paylandı;
- İlk dəfə olaraq qadınlara seçkilərdə iştirak etmə haqqı verildi;
- Əkin əraziləri kəndlilərə bərabər paylandı;
- Təbrizdə ana dilində ilk dəfə universitet açıldı;
- İlk dəfə olaraq Təbriz xiyavanları asfaltlandı;
- Pəhləvi zamanında 20 çarpayısı olan Azərbaycanda 800 çarpayılıq 20 yeni xəstəxana tikildi;
- Elmi təhqiqat işləri üçün Təbrizin Sofian tərəfində yer ayrılıb tikinti işləri başlandı.
ADF-nin rəhbərliyi altında Azərbaycan ərazisində xeyli abadlıq işlər görüldü. Eyni zamanda dövlət quruculuğu, ordunun formalaşdırılmasına başlandı.
- Sonrakı illərdə bu nailiyyətlərə nə oldu?
Sonrakı illərdə Milli hökumətin yaratdıqlarını irticaçı Məhəmməd Rza şah Pəhləvi rejimi dağıtdı, məhv elədi. Hətta Azərbaycan türkcəsində olan kitabları belə yandırdı. 80 il öncə bir il ərzində təmin edilən hüquqları indiki hakimiyyət 46 ildir həyata keçirməkdə acizlik edir, özünü milli məsələdəki problemləri görməzlikdən gəlir.
- Sədrəddin müəllim, Milli Hərəkat bu gün hansı şüarla çıxış edir?
Üç ildir Azərbaycan Milli Hərəkatı “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarı ilə çıxış edir! Bu, İrandakı milli hüquqları pozulan, tapdalanan fars olmayanların nicat tapması üçün hədəfdir.
Azərbaycan Ruznaməsi adından hörmətli Sədrəddin İsmayılova bizə ayırdığı vaxta görə təşəkkür edirik!
Şərhlər bağlıdır.