AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ MƏRKƏZİ KOMİTƏSİNİN
BİLDİRİŞİ
Son dövrlər Güney Azərbaycanının siyasi və mədəni həyatının müxtəlif
epizodları tarixçi alimlərin, yazıçıların, ictimai xadimlərin diqqət mərkəzindədir
və bu da bizi sevindirməyə bilməz.
Azərbaycan Demokrat Firqəsinin qəhrəmanlıq tarixi, böyük rəhbərimiz Seyid
Cəfər Pişəvərinin həyatı və mübarizəsi tarixi tədqiqatçılarımızın qələmindən
düşmür və mütəmadi təşkil olunan görüşlər, kitab təqdimatları, çap olunan elmi
və publisistik məqalələr daim gündəmdədir.
Diqqəti cəlb edən odur ki, müxtəlif ölkələrdə keçirilən siyasi və mədəni
tədbirlərdə ADF sədri, siyasi heyət üzvlərinin iştirakı və çıxışları bir çox hallarda
təmin olunur. Seyid Cəfər Pişəvəridən başlayaraq və hazırda Rəhim
Hüseyinzadənin rəhbərlik etdiyi ADF-yə bütün dövrlərdə rəhbərlik etmiş siyasi
liderlərimiz, mübariz inqilabçı və öz xalqına sədaqətli siyasi xadimlər olublar və
biz onların siyasi şəxsiyyətləri ilə fəxr edirik. Bu liderlərin heç biri öz övladlarına
ADF-nin siyasi mövqeyi adından danışmaq səlahiyyəti verməyib.
Müxtəlif səviyyələrdə təşkil olunan tədbirlərdə ADF adından iştirak və bunlarda
ADF sədri kimi özünü təqdim etmək hallarına münasibətimizi bildirmək
məcburiyyətindəyik. Zira, 80 ildir ki, İran irticaçı dövlətlərinin məqsədli
hücumları, ADF-ni yıxmaq istəyi, təxribatları, milli hərəkatı gözdən salmaq,
siyasi şəxsiyyətlərimizi nüfuzunu aşağılamaq məqsədi ilə addımlarının ardı
arası kəsilmir.
Azərbaycanda, müxtəlif platformalarda – ADF-nin fəaliyyəti, S.C.Pişəvərinin
siyasi mirası haqqında, 21 Azər və Güney Azərbaycanın Milli Hərəkatı ilə
əlaqədar keçirilən tədbirlərdə ADF-nin siyasi rəhbərliyi adından iştirak edən
şəxslərin kimliyi şübhə dogurur. Əslində, tanınmış elm və mədəniyyət xadimləri
ADF haqqında məlumat əldə etmək istəyirlərsə asanlıqla tapa bilərlər.
İnformasiya əsrində kimin kim olduğunu müəyyənləşdirmək çox da çətin deyil.
ADF-nin ikinci qurultayı partiyanın ali orqanlarını təsis etdi və ADF-yə hazırda
rəhbərlik edən Rəhim Hüseyinzadəyə etimad mandatı verdi. Güney
Azərbaycan milli hərəkatının üzvləri, siyasi və mədəni təşkilatlar onu tanıyır,
ADF-nin ali orqanlarını tanıyır və partiyanın siyasi xətti dəfələrlə elan edilib.
Azərbaycan Demokrat Firqəsinin Siyasi Heyətinin üzvləri xalqımızın bütün
gündəm olan mövzularında aktiv mövqe tutur, beynəlxalq və regional
tədbirlərdə alim kimi, mütəxəssis kimi, mədəniyyət xadimi və ya ekspert kimi
iştirak edirlər. ADF adından müxtəlif səviyyəli tədbirlərdə iştirak etmək və
partiyanın siyasi mövqeyindən çıxışlar etmək yalnız ADF sədri Rəhim
Hüseynzadənin səlahiyyətindədir və özünü ADF sədri və ya sədr müavini kimi
təqdim edən hər-hansı bir şəxs açıq-açıgına təxribatçıdır.
ADF-nin Rəyasət Heyəti
05.10.2025
Şərhlər bağlıdır.