Zəfər Günü münasibətilə Azərbaycan Demokrat Firqəsinin Bəyanatı

2025-ci il noyabrın 8-də Azərbaycan xalqı dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını təmin edən möhtəşəm Qələbənin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edir.

2020-ci ilin 27 sentyabr–10 noyabr tarixlərində aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqları azad etmiş, Şuşa şəhərinin azad olunması ilə tariximizin ən şanlı səhifəsini yazmışdır.

Uzun illər beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarını azad etməyə çalışan Azərbaycan, Ermənistanın təxribatlarına cavab olaraq özünümüdafiə hüququndan istifadə etmiş və hərbi əməliyyatlar nəticəsində düşməni sülhə məcbur etmişdir. Döyüş meydanında qazanılan Zəfər nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları da dinc yolla qaytarılmış, beləliklə Azərbaycan dövlətinin suverenliyi bərpa olunmuşdur.

Bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalq-ordu birliyinin təntənəsidir. Azərbaycanın iqtisadi müstəqilliyi, müasir ordusu və milli həmrəyliyi Zəfərin əsas amilləri olmuşdur. 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror əməliyyatı ilə Azərbaycanin bütün ərazisində suverenlik tam bərpa edilmişdir.

Ermənistanın müharibə dövründə beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə qarşı törətdiyi cinayətlər, o cümlədən şəhərlərin raket atəşinə tutulması bir daha təcavüzkarın mahiyyətini üzə çıxarmışdır. Buna baxmayaraq, Azərbaycan Ordusu humanitar hüquq prinsiplərinə sadiq qalmış və yalnız hərbi hədəflərə zərbə endirmişdir.

Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur, şəhər və kəndlər yenidən qurulur, yollar, hava limanları, körpülər və digər infrastruktur obyektləri tikilir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Azərbaycan sülhün və sabitliyin tərəfdarı kimi Ermənistanla münasibətlərin normallaşdırılması üçün 5 baza prinsipini irəli sürmüş, sülh sazişinin layihəsini təqdim etmişdir. 2025-ci ilin avqustunda Vaşinqtonda iki ölkə rəhbərlərinin imzaladığı Birgə Bəyannamə bölgədə uzunmüddətli sülh və əməkdaşlıq dövrünün başlanğıcını qoymuşdur.

Azərbaycan Demokrat  Firqəsi Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini ehtiramla yad edir, Azərbaycan Ordusuna və xalqına minnətdarlığını bildirir. Biz əminik ki, xalq-ordu-iqtidar birliyi, dövlət başçısının müdrik rəhbərliyi altında Azərbaycan bundan sonra da bölgədə sülh, inkişaf və ədalətin təminatçısı olacaqdır.

Yaşasın müstəqil, qalib Azərbaycan!

Azərbaycan Demokrat Firqəsinin siyasi heyəti

2025.11.08

 

Şərhlər bağlıdır.