Tarix zibil qutusuna atılarsa…

(Görkəmli tarixçi alim və tanınmış ziyalı Süleyman Əliyarlının 95 illiyi münasibəti ilə)

1954-cü ildə artıq Stalin yox idi və insanların repressiya qorxusu tədricən
aradan qalxırdı. Moskva Dövlət Universitetinin Tarix fakultəsini uğurla bitirib,
Bakıya gələn bir gənc üçün Elmlər Akademiyasının Tarix İnstitutuna təyinat
alması akademik karyera üçün uğurlu başlanğıc idi.
Süleyman Əliyarlı 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində
dünyaya gəlmişdir. Şahsevənlərin məğrur və cəsarətli olması Səfəvilərin
müharibələrində sübut olunmuşdu və bu insanların passionarlığı haqqında çox
yazılar yazılıb. Məktəb illəri və erkən gəncliyi müharibənin ağır illərinə düşsə də
1948-1954-cü illərin Moskva həyatı da çox zəngin və rəngarəng deyildi.
Məqsəd vətənə başı ücü qayıtmaq, ona edilmiş etimadı doğrultmaq və xalqına
xidmət etmək idi. Hər şey buna doğru gedirdi. O, Moskva Dövlət Universitetini
fərqlənmə diplomu ilə bitirərək geriyə başı uca qayıtdı.
1960-cı illərin əvvəllərində mülayim sosial-siyasi mühit yeni-yeni mövzuları
gündəmə gətirirdi. Stalinqrad şəhərinin adının dəyişdirilərək onun köhnə adı
Volqaqrad olaraq bərpa edilməsi mümkündürsə, onda niyə Gəncə şəhərinin adı
bərpa olunmasın? Min illik tarixi olan bir şəhərin adı 30-cu illərin yanlış fikirlərinə
görə nədən dəyişdirilsin?
Süleyman Əliyarlı bu mövzunu gündəmə gətirəndə yenicə tarix elmləri
namizədi elmi dərəcəsi almışdı. Moskvanın həm elmi, həm də siyasi mühitini
görmüş və onu yaxşı tanıyan birisi olaraq inamlı nitqləri, ciddi mənbələrə
əsaslanması və qətiyyətli çıxışları ilə insanlara təsir etməyi bacarırdı. Lakin
bütün hallarda millətçilik “markası” yapışdırılaraq həyatının qaraldılması
ehtimalı da çox böyük idi. Süleyman Əliyarlının gözləri önündə xalq yazıçısı
Mirzə İbrahimovun siyasi və mədəni proseslərdən təcrid olunması baş vermişdi.
Bu prosesdə Moskvadan gələn təhdidlərdən daha təhlükəlisi ətrafında olan
karyeristlər idi.
1965-ci ilin iyul ayının 25-də “Azərbaycan gəncləri” qəzetində “Kəndlərimizin
adı da müasir olmalıdır” adlı çox mənasız bir yazı çıxmışdı və bu yazıda
Azərbaycanın olan-qalan tarixi toponimlərinin dəyişdirilməsi məsələsi gündəmə
qoyulmuşdu. Halbuki, məhz elə həmin ildə Moskva mətbuatında rus
ziyalılarının köhnə yer adlarının dəyişdirilməsinə etiraz ifadə edən yazıları da
yayılmaqda idi. Alim bu kimi düşüncələrə qarşı barışmaz mövqe göstərir və
onları ifşa etməkdən çəkinmirdi.
S.Əliyarlı
öz məqalələrində bütövlükdə Azərbaycan ərazisində türk
toponimlərinin qorunub saxlanmasından söhbət edirdi. Süleyman müəllim
yazırdı: “Bir Abşerondakı yer adlarına nəzər salın: “Türkan”, “Zığ”, ”Mərdəkan”,
“Kurqan” və i.a. Bu adlarda Azərbaycanın qədim sakinləri türk, ziq, mard və
kirqan… tayfalarının izləri hifz olunmuşdur. Bunlardan bəziləri haqqında
Strabon, Pliniy, Ptolomey kimi antik müəlliflər məlumat vermişlər. Buna görə də
“Zığ”, “Korgöz”, “Xırt”, “Halit”, “Əhmədli”… kimi kənd adlarını yalnız zahiri
donlarına görə atmaq olmaz, onların hər biri özünəməxsus bir tarixdir”.
Bütün bu “əməllərinə” görə Süleyman Əliyarlının adı, akademik Ziya Bünyadov
və akademiyanın müxbir üzvü Mahmud İsmayılovla birlikdə Azərbaycan KP
MK-nın 1971-ci ilin oktyabr plenumunun materiallarına düşdü. Müasir gənclər
KP MK-nın plenumunun gündəliyinə düşməyin nə olduğunu anlamaqda çətinlik
çəkir. Bu o demək idi ki, həmin şəxs ya intihar edəcək, ya həbs olunacaq, ən
yaxşı halda isə ölkənin siyasi və mədəni həyatından təcrid olunacaqdı. Lakin
Ümummilli Lider Heydər Əliyevin milli ruhlu ziyalılara olan münasibəti onları
xilas etdi.
1970-ci illərin ortalarında da bir mövzu gündəmə gəldi. Yeni-yeni yazılarda
Azərbaycanın Rusiya imperiyasının tərkibinə könüllü olaraq daxil olması təbliğ
olunmağa başlandı. Heç şübhəsiz siyasi sifariş olaraq hazırlanan bu kimi
yazıları tənqid etmək olmazdı. Lakin vicdanlı alim olaraq bunu qəbul etmək də
mümkün deyildi. Süleyman Əliyarlı bu konsepsiyanı ifşa etməyə başladı ki, bu
da çox təhlükəli addımlar idi.
S.Əliyarlı 1962-ci ildə “Bakı proletariatının vəziyyəti” adlı namizədlik
dissertasiyasını, 1975-ci ildə “Azərbaycan neft sənayesində inhisarlar”
mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru
elmi dərəsəcini aldı, professor və “əməkdar elm xadimi” elmi dərəcəsi aldı.
Xalqın sevib-seçilən ziyalılarından biri kimi hər dəfə televiziya ekranlarında
görsənəndə həvəslə dinlənirdi, onu insanlar tanıyır və hörmət edirdilər.
Tələbələri isə həm də sevirdilər, alim olduğuna görə, pedaqoq olduğuna görə,
yüksək bir ziyalı olduğuna görə.
Alim, 1978-ci ildən 2001 ilə qədər-23 il Bakı Dövlət Universitetinin “Azərbaycan
tarixi” kafedrasına başçılıq etdi və bu illərdə Azərbaycanın tarix sahəsində bir
çox fundamental əsərləri ortaya çıxdı. S.Əliyarlı da bu illərdə məhsuldar
çalışaraq əhəmiyyətli əsərlərini çap etdirdi.
1980-ci illərin sonlarında Erməni faşizmi ilə qarşılaşdığımız zaman, Ziya
Bünyadov, Mahmud İsmayılov, Süleyman Əliyarov intellektual müzakirələrin
mərkəzində idilər. Süleyman Əliyarlı ermənilərin əsas iddiasına – guya “Dağlıq
Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmamışdır” fikrinə cavab vermişdir.
Faktları sadalayan tarixçi demişdir ki, hələ yaxın 500 illik keçmişə nəzər salsaq,
tarixin elə bir mərhələsi olmayıb ki, Qarabağ ərazisi bu və ya digər şəkildə
ermənilərə məxsus olsun. Belə ki, Səfəvilər dövründə bu ərazi Gəncə-Qarabağ
bəylərbəyiliyinin, daha sonra çar I Nikolayın əmri ilə Transqafqazın müsəlman
Qarabağ əyalətinin, elə həmin çarın sonrakı əmri ilə Kaspi vilayətinin və
nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmuşdur. Sovet İttifaqı
yarandıqdan sonra isə, Qarabağ Azərbaycan SSR-nin tərkibində idi.
Güclü informasiya hücumuna məruz qaldığımız zaman, tarixi faktların
saxtalaşdırıldığı zaman, “kim daha ucadan bağırırsa o haqlıdır” düşüncəsinin
hökm sürdüyü zaman professor Süleyman Əliyarlı deyirdi – əgər tarix zibil
qutusuna atılırsa, o zaman hər hansı həqiqətin axtarışı mənasızdır.
2014-cü ildə Süleyman Əliyarlı sonuncu müharibəsini sona qədər çatdırdı, lakin
qələbəmizi görmədən dünyasını dəyişdi. Bu qələbəni yaxınlaşdıran
“döyüşlərin” elmi, mədəni və mənəvi cəbhəsində öz izini qoyaraq dünyasını
dəyişdi. Özündən sonra alimin elmi əsərləri və onun tələbələrinə öyrətdiyi
prinsipiallıq bizə miras qaldı.
Alimin böyük missiyası var idi. Öz intellekti, tükənməz elmi potensialı,
yaradıcılıq imkanları və təşkilatçılıq bacarığı ilə məktəb yaratmışdı. Bu
məktəbin ideya istiqaməti vətənçilikdən keçirdi. Yalnız fiziki baxımdan deyil,
mənəvi və elmi baxımdan da sağlam bir həyat yolu keçmişdi. Alim və müəllim
kimi ictimai fikirdə dərin iz qoydu. Biz bu gün Süleyman müəllimdən cismən
ayrılmışıqsa da o xatirələrimizdə yaşayır. Onun mənəvi ömrü, bir alim kimi tarix
elmimizdə yeri daima var, bir müəllim kimi yaddaşlarda xatirəsi əbədidir.
Beləliklə professor Süleyman Əliyarlını alim kimi səciyyələndirən əsas cəhətlər
tarixi hadisələri mötəbər mənbə əsaslı, müqayisəli təhlil ,etno-siyasi konteksdə
araşdırmasıdır.
Mübaliğəsiz demək olar ki, S.Əliyarlı Azərbaycan
tarixşünaslığında milli elmi düşüncənin simvollarından biridir.
BDU-nun sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov
Pərviz Kazimi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.