Azərbaycan Mətbuat Şurasının Sədri
PREZİDENT İLHAM ƏLİYEV ANA DİLİMİZİN QORUNMASINI
AZƏRBAYCAN TELEVİZİYALARINA SON MÜSAHİBƏSİNDƏ ÇOX MÜHÜM
VƏZİFƏ KİMİ BİR DAHA ÖNƏ ÇƏKDİ
Prezident İlham Əliyevin 2026-cı ilin ilk günlərində yerli televiziya
kanallarına, Azərbaycan mediasının nümayəndələrinə geniş müsahibə
verməsi olduqca dəyərli bir ənənəyə çevrilib. Ötən ilə yekun vurmaq,
yeni başlanan il üçün nəzərdə tutulanlar barədə fikir bölüşmək
baxımından cənab Prezidentin bu müsahibələri xüsusi məna,
müstəsna əhəmiyyət daşıyır. Ölkə mediasına daha bir ali diqqət
nümunəsi üçün Azərbaycan Prezidentinə ürəkdən təşəkkürümü
bildirir və dövlətimizin başçısından müsahibə alan jurnalistləri bu
növbəti nailiyyət münasibətilə təbrik edirəm. Aydın məsələdir ki,
cənab Prezidentdən müsahibə almaq, ona suallar vermək əksər
jurnalistlərin arzusudur və ilin ilk günlərindəcə belə bir imkanı
qazanmaq son dərəcə xoşdur.
Müsahibə efirə getdikcə saytlarda və sosial mediada paylaşılan sitatlar
misilsiz reaksiyalar doğururdu.
Cənab Prezident 3 dildə – Azərbaycanın xarici siyasətdəki
uğurlarından beynəlxalq siyasi arenadakı mürəkkəb duruma,
ölkəmizin fəal rol oynadığı qlobal və regional iqtisadi-nəqliyyat
layihələrinə, hərbi quruculuqdan daxili idarəçiliyə, hətta məmurların
davranışlarına qədər – bütün suallara dolğun cavablar verməklə, qeyd
edilən məsələlərə ətraflı aydınlıq gətirməklə, öz təbirincə desək,
“hazırlıqlı adam olduğunu” bir daha təsdiqlədi.
Dövlət başçısının cavabları, toxunduğu mövzular ətrafında artıq ciddi
müzakirələr başlayıb, təhlillər aparılır və sözsüz ki, bu proses hələ
uzun müddət davam edəcək.
Diqqətimi ən çox çəkən, məni qəlbən təsirləndirən ən vacib
məqamlardan biri Prezident İlham Əliyevin cavablarında doğma
vətənə sevgisinin, Azərbaycan təbiətinə heyranlığının həm rasional
əsaslı şəkildə, həm də səmimi emosionallıqla ifadə edilməsi oldu.
Ölkəmizin turizm imkanlarından danışarkən dövlət başçısı
Azərbaycanın gözəlliklərini necə də şövqlə, məhəbbətlə vəsf edirdi:
“Qarabağ və Zəngəzura gəldikdə, bura cənnətdir. Həqiqətən, təbii
cənnətdir”.
Cənab İlham Əliyev indi Qarabağ və Şərqi Zəngəzuru daha yaxından,
əyani formada, hətta, demək olar, ovcunun içi kimi tanıyır. Şuşadan
Laçına, Laçından Kəlbəcərə yollar, aradakı məsafələr və bunların
tunellər çəkiləndən sonra necə qısalaraq xeyli əlverişli olacağı barədə
o qədər rahat, ürəkdən danışır, sanki ən gözəl duyğularından, ən isti
xatirələrindən söz açır. Mübaliğəsiz deyə bilərəm ki, işğaldan azad
olunmuş ərazilərə cənab Prezidentin sevgisi ilahi bir sevgidir və bu
barədə danışan kimi onun gözlərindəki qeyri-adi işığı sezməmək
mümkünsüzdür.
İki məqama da məxsusi diqqət çəkmək istəyirəm. Cənab Prezidentin
bir neçə dəfə Mirşahinə üz tutaraq, etibarlı şahid kimi keçmişi
xatırlamasının da dərin mənası vardı və müsahibəyə bir qədər də
səmimiyyət qatır, rahat ovqat yaradırdı. Elə Mirşahin də Azərbaycan
dili və Vətən torpağı haqqında suallarının fərqli emosional tonu ilə
Prezidentin daha da səmimi, kövrək duyğularla cavab verməsinə
zəmin hazırlamış oldu.
Azərbaycan dilinin saflığının qorunması məsələsinin Prezident İlham
Əliyev üçün xüsusilə vacib və həssas bir mövzu olduğu əslində çoxdan
aydındır. Bu barədə dönə-dönə mühüm fikirlər söyləyib, çıxışlarında
Ana dili məsələsinə dəfələrlə ayrıca toxunub. Yazıçılar və jurnalistlər
çevrəsində cənab Prezidentin səlis nitqi, Azərbaycan dilini mükəmməl
bilməsi barədə çox müzakirələr aparmışıq. Prezident öz çıxışlarında,
adətən, danışıqda işlətmədiyimiz, az qala, unudulan kəlmələri, xalq
dilindən gələn söz və ifadələri elə ustalıqla, sərrast işlədir ki, heyran
qalmamaq olmur.
Prezidentin nitqindəki bu yüksək məziyyət – dilimizdəki söz və
ifadələrin uğurlu istifadəsi, yerbəyer işlədilməsi – əslində dilçilərimiz
üçün xüsusi tədqiqat mövzusu olduğu kimi, xalqımıza, əsasən də yeni
nəsildən ötrü mötəbər nümunədir. Dövlət başçısının noyabrın 3-də
Elmlər Akademiyasının yubileyində bu barədə söylədiyi fikirlərin
ardınca həmin mövzuda konfrans keçirərək dilimizin saflığının
qorunması ilə bağlı cənab Prezidentin narahatlıqlarını bölüşdük. Bu
dəfə isə cənab Prezident mövzunun daha da dərinliklərinə vardı, hətta
Ana dili məsələsinin ayrıca geniş bir müsahibə mövzusu olduğunu
deyərək jurnalistlərlə gələcək söhbətin anonsunu da verdi.
Dil məsələsinə münasibət bildirərkən cənab Prezidentin söylədiyi bu
f
ikirlər onun Ana dilinə sonsuz məhəbbətinin ifadəsi olmaqla yanaşı,
həm də bu sahədəki narahatlıq doğuran cəhətlər, milli kimliyimizə,
dövlətçiliyimizə qarşı gizli və aşkar təhdidlər haqqında təsirli
xəbərdarlıqdır: “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də
birincisidir… Dil milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi
qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu
babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir.
…Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən
şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir…
Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də
sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir
vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki
pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra
onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək,
ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük
fəlakətlə üzləşə bilər…
Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş
edirəm, xarici kəlmələrdən istifadə etməsinlər. Təbii ki, bizim
ziyalılarımız, şairlərimiz, yazıçılarımız onların da sözünə böyük ehtiyac
var, onlar da biganə qalmasınlar bu işə. Bunun çox dərin, necə
deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf,
təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və
milli kimliyimiz həmişə bərqərar olacaq”.
Bu fikirlərdə xalqımızın bağrından qopan narahatlıq dolu çağırışlar,
müstəmləkə dövründə dilimizin saflığını fədakarlıqla qoruyan, “Dilim
ölsə, mən də ölləm!” hayqıran milli ruhlu şairlərimizin, yazıçılarımızın
duyğuları əks olunub. Sovet dövrü üçün inanılmaz bir hadisə – Xalq
şairi Xəlil Rzanın yabançı sözlər işlədən şəxsləri simvolik məbləğdə
cərimələmək təşəbbüsü və bunun, hətta bir qədər zarafatyana olsa
belə, insanların şüuruna, dünyagörüşünə, lüğət ehtiyatına təsir
göstərməsi də yaxşı yadımdadır. Ana dilimizin qorunması indi daha
ciddi şəkildə gündəmdədir və Prezident İlham Əliyev sözügedən
məsələni olduqca ciddi tərzdə, həyəcanla vurğulayaraq hamımızı bu
sahədə daha ayıq, həssas olmağa çağırır.
“Azərbaycanlıların yaşadıqları bəzi ölkələrdə Azərbaycan məktəbləri
yoxdur. Bu, böyük ədalətsizlikdir və bu ədalətsizliyə son
qoyulmalıdır…” – diplomatik məharətlə, ancaq həm də kifayət qədər
anlaşıqlı ifadə olunan bu fikirlərin arxasından milli mövqedən,
Azərbaycan sevgisindən və azərbaycançılıq idealından qaynaqlanan
dərin siyasi-geopolitik mesajlar boy verir.
Vətən və torpaq anlayışları barədə suala cavabında da Prezident
İlham Əliyev həm çox təsirli, həm də tutarlı fikirlər söylədi və bu da,
zənnimcə, müsahibənin ən yaddaqalan məqamlarından oldu: “Vətən
müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin
t
imsalında, necə deyərlər, ortalığa çıxırdı və hər bir şəhidin şəhid
olduğu yer torpaq idi mənim üçün.
Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün
Azərbaycan məhz o torpaq idi. Nə deyim, noyabrın 8-dən sonra
nəzarətdə olmayan torpaq mənim üçün Azərbaycan idi.
Amma mənim üçün torpaq o vaxt o idi, Azərbaycan o idi, Xankəndi idi,
Xocalı idi. O da artıq azad olundu. İndi, necə deyərlər, torpaq
deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram,
harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar.
Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm,
nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli,
yaralı torpaq anlayışı yoxdur”.
Cənab Prezidentə xitabən sonda: “Sizə bugünkü görüşə görə təkcə
müsahibədə iştirak edən həmkarlarımız adından deyil, bütün
Azərbaycan mediası adından təşəkkürümüzü bildiririk” – deyən
Mirşahinin duyğularına ürəkdən qoşulur, dövlətimizin başçısına bir
daha dərin minnətdarlığımızı ifadə edirik.
Rəşad Məcid
Azərbaycan Mətbuat Şurasının Sədri
Növbəti
Şərhlər bağlıdır.