London konfransının fiaskosu, ya da, “Elə belə də olmalıydı”

Yaxın Şərq
Bilindiyi kimi, bu ilin mart ayının 28-29-da London şəhərində, İranın «demokrat» adlandırılan siyasi və ictimai təşkilatları toplanaraq İran İslam Respublikasından sonra qurulacaq dövlət modeli haqqında fikir mübadiləsi ediblər.
Bu insanların İran siyasi proseslərində hansı xüsusi çəkiyə malik olduqlarını bir tərəfə qoyaraq, deməliyik ki, Güney Azərbaycan Milli Hərəkatının bayraqdarı olan Azərbaycan Demokrat Firqəsinin iştirak etmədiyi müzakirələr və alınan qərarlar legitim hesab edilməz,  bunu Azərbaycanlılar qəbul etməzlər.

Bu konfransı nə qədər də maskalasalar da “köynək altında Pəhləvi tumanı” görsənirdi. Londonda belə konfransların təşkili, yəni konfrans salonunun 2 günlük icarəsi, 60-100 nəfərin dəvət olunması, təyyarə pulu, qonaqlanma və xidmətlərin təşkili üçün 200-300 min funt-sterlinq vəsait tələb olunur.
İran siyasi müxalifətinin heç birinin belə maliyə mənbələri yoxdur. Zatən də təşkilatçılar Pəhləvi hökumətinin bayrağını düz mərkəzdə qoymaqla “İrana Azadlıq” şüarı ilə konfrans keçirirdi ki, azadlığın nə olduğunu bilməyən bu marginal şəxslər İran imperiyaçılığını irəli sürür və “İranlı olmaq fars dilində danışmaqdır” ideologiyasını ifadə edirdilər.
Konfransa dəvət olunanların içərisində Azərbaycan demokratları adı ilə iştirak edən və fars hegemonluğuna baş əyən insanlar da var idi ki, bunları Azərbaycan xalqının milli hüquqlarının təmsilçisi olaraq təqdim etmək yanlışdır. Birinin hegemonluğunu açıq-açığına qəbul edərək, özlərini necə federalist hesab etdikləri də bir müəmmadır. Biriniz həqiqi federalist olaraq, federal bərabərliyi dəstəkləyərək durub orada Azərbaycan dilində çıxış edəydiniz… Nə olacaqdı?  Sizi tutub döyəcəkdilər, ya həbs edəcəkdilər?
Azərbaycanı təmsil edən bir qrup nümayəndənin bu konfransda iştirakı, onların çıxışı və irəli sürdükləri fikirlər diqqətdən kənarda qala bilməz və təhlil olunması vacibdir. Odur ki, bir epizoda diqqət yetirək.
Özünü milli və demokratik cəbhənin təmsilçisi kimi qələmə verən Simin xanım Səbri çıxışı zamanı acizanə şəkildə toplaşanlardan icazə alaraq auditoriyanı Azərbaycan dilində salamladı və sonra heyrətlə heç bir “parçalanma” olmadığını elan edərək çıxışını fars dilində davam etdirdi. Onun bu müthiliyinə əl çaldılar. Bəziləri bəlkə bərəkəllah da dedi. Bu demokrat xanımın İranda müti davranışına bir məna yükləmək olardı, çünki, repressiya altındadır, təzyiq altındadır, qorxur, ehtiyat edir, deyə düşünə bilərdik. Lakin konfrans Londonda keçirilir, burda da SEPAH, ettelat yoxdur ki, qorxsun. Əlbətdə psixologiyada qorxu sindromu bir xəstəlikdir və çox çətin müalicə olunur.

Bəluc xalqının mətanətli qızı Fəriba Bəluc öz çıxışında düşündüklərini açıq-açıq dedi və məlum oldu ki, bu xanım konfransa həmrəy və müttəfiq olduğuna görə deyil, ürəyindən keçənləri bunlara demək üçün gəlib. Bizimkilərdə bu qeyrət olmadı.
Farsların şansı gətirib ki, dünyanın çox böyük bir hissəsi fars dilini bilmir. Çünki bu dili bilib  konfransdakı çıxışlara qulaq asarsansa nə qədər cəfəngiyyat danışdıqlarını anlayarsan. Nə qədər riyakarlıq, bəlağətli sözlər, səmimiyyətdən uzaq iltifatlar, riyakarlıq oldugunu görərsən.
Heç yadımdan çıxmaz. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının birinci katibi olaraq çıxış etmət üçün tribunaya çıxdı. O zaman da sovet İttifaqında Partiya rəhbərlərinin rus dilində çıxış etməsi kimi bir tələb var idi. Azərbaycan da əslində çoxmillətli respublika hesab edilirdi. Heydər Əliyev tribunadan ilk sözü olar “Yoldaşlar” dedikdə bütün zal ayaga qalxıb alqışlamaga başladı. Yüksək vəzifəli siyasi xadim olaraq SSRİ steriotiplərini dağıtmaqla Ulu Öndər əlbəttə ki, risk edirdi, lakim milli oyanışın da yolu burdan keçir.
Düşündürücü vəziyyət həm də orasındadır ki, bir qrup kimliyi və məqsədləri şübhəli olan adamlar xalqı passiv olmaqda da iddiam edirlər.  London Konfransının iştirakçısı olmuş demokrat – Əlirza Ərdəbili Musavat qəzetinə müsahibə verərək güney azərbaycanlıların bu proseslərdə aktiv olmadığını tənqid edir. Bu yerdə, bu demokratdan soruşmaq lazımdır – “Güney Azərbaycanda insanlar nə etməli idilər ki, etmədilər? Pəhləvilərin çağırışına cavab verməliydilər, Yoxsa ABŞ və İsrailin bombalarının qabağına çıxmalıydılar. Bəlkə molla rejiminin çağırışına cavab olaraq səfərbərliyə başlamalıydılar? Hörmətli Əliriza Ərdəbili, siz konfransda Azərbaycan dilində çıxış edəydiniz və o zaman görərdiniz ki, Azərbaycanlılar nə qədər aktivdirlər. Qorxurdunuz ki, sizi başa düşməyəcəklər? Əlbətdə ki başa düşəcəkdilər. Ordakıların ya özləri, ya da babaları zatən də türkdirlər və onlarda bunu bilir, biz də bilirik.  Başa düşməzdilərsə özlərinə tərcüməçi tapardılar və ya biriniz tərcüməçilik edərdiniz.
Güney Azərbaycanda insanlar heç bir vaxt olmadığı qədər tədbirli, düşüncəli və mütəşəkkildirlər və hamısı bilir ki, bu dəfə onlar birdirlər, birlikdədirlər və güclüdürlər. Lakin bu gücü nə mollaya nə də pəhləviyə həsr etməyəcəklər.

11:17 01.04.2026

https://crossmedia.az/az/article/75955

 

Şərhlər bağlıdır.