Demişdim, bir də deyirəm: Şah İsmayıl Azərbaycanın dünya tarixinə vurduğu ən böyük möhürdür! Ən möhtəşəm imzadır! Azərbaycanın ondan daha böyük dövlət qurucusu və fatehi olmayıb. Ona görə də bu şəxsiyyət haqqında danışarkən emosiyalarla yox, tarixlə danışmaq lazımdır.
Şah İsmayılı tənqid etmək olar.
Onun dini siyasətini də, bəzi qərarlarını da, dövrünün sərt üsullarını da müzakirə etmək olar.
Tarixdə toxunulmaz şəxsiyyət yoxdur.
Amma bir xalqın dünya tarixində qoyduğu ən böyük izlərdən birini silməyə çalışmaq tarixə qarşı ədalətsizlikdir.
Səfəvi dövləti təkcə bir sülalənin hakimiyyəti deyildi.
O, Yaxın Şərqin siyasi xəritəsini dəyişən, Azərbaycan türkcəsini saray və ordu dili səviyyəsinə yüksəldən, Azərbaycanı ilk dəfə böyük imperiya miqyasında tanıdan şah idi.
Məhz buna görə dünyanın ən nüfuzlu tarixçilərindən biri, Roger Savory yazırdı:
“Şah İsmayıl təkcə Səfəvi dövlətinin banisi deyil, həm də İran tarixinin ən mühüm dövlət qurucularından biridir.”
Britaniyalı tarixçi Michael Axworthy isə qeyd edirdi ki, Səfəvilər Yaxın Şərqin siyasi tarixində dönüş yaratmış və bölgənin sonrakı inkişafına əsrlərlə təsir göstərmişlər.
Bunlar təsadüfi qiymətləndirmələr deyil.
Dünya tarixşünaslığının gəldiyi nəticələrdir.
Şah İsmayılın böyüklüyü onu tənqiddən kənarda saxlamır.
Amma tənqidlə kiçiltmək arasında böyük fərq var.
Tarix böyük şəxsiyyətləri bütləşdirməyi də, gözdən salmağı da sevmir.
Tarix onları olduğu kimi qiymətləndirməyi sevir.
Şah İsmayıl özü də türk dilində yazdığı şeirlərdən birində deyirdi:
Xətaiyəm, sözüm haqdır,
Haqq sözünə inanan gəlsin.
Bu misralar onun təkcə hökmdar yox, həm də şair olduğunu göstərir.
Biz də tarixə məhz haqqın gözü ilə baxmalıyıq.
Nə kor-koranə tərifləməliyik, nə də kor-koranə gözdən salmalıyıq.
Çünki öz tarixinin ən böyük şəxsiyyətlərini kiçildən xalqlar, adətən, gələcəyin böyük şəxsiyyətlərini də yetişdirə bilmirlər…
Elbeyi Hesenli
Şərhlər bağlıdır.