PROFESSOR SƏDİQ KİM İDİ?         

Qalası deyiləm sizin bu yurdda

Yolumu gözləyir gözəl vətənim.

Elimin ağrıyan yarasıyam mən

Qəlbimi Təbrizdə basdırın mənim.

Hüseyn Məhəmmədzadə Sədiq avqustun 25-də Təbrizin Vadi Rəhmət məzarlığının sənətkarlar bölməsində dəfn edildi. Yüzlərlə insanın iştirakı ilə gerçəkləşən dəfn mərasimində Professor Sədiqin xatirəsi əzizlənib, onun dəyərli çalışmaları minnətlə yad edilib.

Professor Sədiq tək başına bir akademiya qədər fəaliyyət edib. Onun çalışmaları yalnız bir sahədə deyil, müxtəlif ixtisaslarda əhəmiyyətə layiq əsərlərin ortaya çıxmasına səbəb olub. O həm də keçmiş nəsil kimi tanınan intellektuallar və yazıçılar siyahısının son yadigarı idi.

“Azərbaycan” və “Ayrılıq” mahnıları ilə son yolçuluğa uğurlanan yazıçı Təbrizdə torpağa tapşırılmasını vəsiyyət edib. Dəfn mərasimində iştirak edənlər “Azərbaycan sənin başın sağ olsun, böyük ustad yolun davamlı olsun” şüarını səsləndiriblər.

Hüseyn Məhəmmədzadə Sədiq bir müsahibəsində elinin onu yaxşı qarşıladığına sevindiyini, bir daha dünyaya gələrsə yenə eyni çalışmalarla məşğul olacağını demişdi. O yorulmayan tədqiqatçı kimi Azərbaycan türklüyünün ayaqda qalması, assimilyasiya siyasəti qarşısında dik dura bilməsi yolunda böyük əməyi keçib. Sədiq 77 illik həyatında nəinki öz elinin, başqa türk cəmiyyətlərinin də hörmətini qazana bildi.

Təbrizdən Təbrizə; 77 illik ömür hekayəsi

Hüseyn Məhəmmədzadə Sədiq 1945-ci ilin iyul ayının 6-da Təbrizin Sırxab məhəlləsində dünyaya göz açıb. Məktəbin birinci ilini atasının Xudafərin şəhərindəki işi üçün orda keçirir. İkinci ildən Təbrizə qayıdan balaca Hüseyn orta məktəbini bitirənədək Təbrizdə təhsilini davam etdirib.

Atasının istəyi ilə ilk təhsil illərini bitirdikdən sonra yayları Təbrizin Came məscidində dini dərslər almağa başlayır və bu təhsili orta məktəbi bitirənədək davam edib. Sədiq orta məktəbini Təbrizin Loqman məktəbində bitirib. Bu illərdə onun ədəbiyyata və şeirə marağı daha da artıb, ilk şeirlərini farscada deyib.

Loqman məktəbinin yanında yerləşən Tərbiyət kitabxanası oxumaq həvəslisi olan Sədiq üçün əhəmiyyətli imkanlar yaradıb. Özü hər gün saatlarla həmin kitabxanada oxumaqla məşğul olduğunu deyib.

“Daneşsərayi Müqəddəmati”-də təhsilini bitirdikdən sonra müəllim kimi Azərbaycan kəndlərində dərs deməyə başlayıb. Müəllimliklə paralel olaraq Təbriz universitetinə daxil olub və fars dili və ədəbiyyatı ixtisasında təhsilə başlayıb.

Hüseyn Məhəmmədzadə Sədiq öz ana dili olan türkcəyə diqqət yetirməyə başlayır. Kitabxanada çalışan molla, Sədiqin öz ana dilinə olan marağını görür və “Ədəbiyyat məcmuəsi” adlı kitabı ona verir. Bu kitab hələ sovet dövründən qabaq “Abdulla Şaiq” adlı bir şəxsin əli ilə Bakıda çap edilibmiş. Doğma ana dilinin şirinliyini ilk dəfə dadan Sədiq daha sonra türkcə kitab oxumağını Fridun Köçərlinin “Balalara hədiyyə” adlı kitabı ilə davam etdirir.

Bu kitablardan sonra gənc Sədiq az zaman ərzində Tərbiyət kitabxanasında olan Mirzə Cəlil Məmmədquluzadə və Mirzə Fətəli Axundzadənin əsərləri kimi türkcə əsərləri oxumağa başlayıb. Bununla da Böyük ustad ləqəbi alacaq olan gənc Sədiq ana dili olan türkcə haqqında daha çox oxumaq eşqini, assimilyasiya siyasəti qarşısında onu qorumaq vəzifəsini ömrünün sonunadək davam etdirəcəkdi.

Daha sonra “Hünər və ictima” adlı türkcə-farsca jurnalı Təbrizdə çap etdirib. Lakin 7 sayı buraxdıqdan sonra jurnalın nəşrinə qadağa qoyulub və özü də həbs edilb. Həbsdən azad olduqdan sonra Ərdəbil şəhərində müəllimlik etdiyində folklor toplamağa başlayıb. Bu isə yenidən Savakın müdaxiləsinə səbəb olub. Sədiq yenidən həbs edilib. 41 günlük işgəncədən sonra 6 aylıq həbs və 5 illik dövlət işindən uzaqlaşma cəzasına məhkum edilib.

Həbsdən sonra Tehrana köçməli olub. Tehranda öz yazıçılıq və nəşriyatçılıq fəaliyyətlərini davam etdirib. Daha sonra İstanbul universitetində əski türk dilçiliyi ixtisası üzrə yüksək lisans, sonra isə türk, fars və ərəb dilləri arasında müqayisəli ədəbiyyat ixtisası üszrə doktorluq dərəcəsini alıb.

Yazıb yaratdıqları sayəsində nəinki güneydə, başqa ölkələrdə də bir türkoloq kimi tanınıb, xarici universitetlərdən əməkdaşlıq təklifləri alıb. Lakin Ölkəyə qayıtmağı daha önəmli hesab edib, ömrünün sonunadək İranda yaşayıb.

Hüseyn Məhəmmədzadə Sədiq birincilik qazanan çox sayda kitab nəşr edib. Eyni halda o İranın müxtəlif universitetlərində türk dilii ustadı olaraq xidmətə alınıbdır. Son vəsiyyəti isə məzarının Təbrizdə olması idi. Professor Sədiqin məzarı Vadi Rəhmət qəbiristanlığının sənətkarlar bölməsində yer alıb.

“Tikdim ki izim qala”; faliyyətləri və əsərləri

Hüseyn Məhəmmədzadə Sədiq Tərbiyət kitabxanasında bir başqa şəxslə də tanış olur. Əbdülsəməd Əmirşəqaqi adlı yaşlı bir kişi gənc Sədiqi “Divanü Lüğat-it-türk”  kitabı ilə tanış edir. O hər gün gənc Sədiqlə bir səhifə bu kitabdan oxuyur. Tərbiyət kitabxanasında üç cildlik “Divanü lüğat-it-türk” kitabının bir cildini Əbdülsəməd Əmirşəqaqi ilə bitirən Sədiq daha sonra qalan iki cildi də özü oxuyur.

1979-ci il inqilabından sonra Sədiq bu kitabı ərəbcədən farscaya tərcümə etmək qərarı alır. Eyni halda oğlu Səttarxanla birlikdə kitabda istənilən sözü daha rahat tapmaq üçün bir “dizin” hazırlayır. Nəhayətdə Divanü lüğat-it-türk farscaya tərcümə edilir. bununla o daha əvvəllər səhvlər və təhqirlərlə dolu olan digər tərcümə versiyasının üstünə qələm çəkərək İranda türklüyün yaşadığını göstərir.

Divanü Lüğat-it-türk Kitabının tərcüməsi Sədiqin ən məşhür işlərindən biridir. Sədiq daha sonra əski türk epiqraflar haqqında da araşdırmalar aparıb. Kültigin, Bilgə xaqan və Tonyukuk daş yazılarını farscaya tərcümə edib.

Çox yönlü bu alim həm də şair idi. Düzgün təxəllüsü ilə şeir yazan Sədiq, öz şeirləri ilə birlikdə Füzuli və Nəsimi kimi qədim şairlərin türkcə və farsca şeirlərini də toplayıb çap edibdir.

Hüseyn Məhəmmədzadə Sədiq 1979 inqilabı ərəfəsində bir neçə türkcə-farsca jurnal da çap etdirib. Bunlardan Yoldaş, İnqilab yolunda və Azadlıq kimi jurnalları nümunə kimi göstərmək olar.

Yorulmaz tədqiqatçıdan 300 hüdudlarında kitabı Azərbaycana ərməğan edilib. Eyni halda çox sayda jurnal ilə əməkdaşlıq edib. Onun müxtəlif mövzularda yazdığı məqalələrin sayı mini aşır. Müxtəlif konqreslərdə iştirak edib və türk dünyasının tanınan simalarından birinə çevrilib. Bunlardan Daşkənddə keçirilən Əmir Əlişir Nəvayi konqresi, İstanbulda İpək yolu konqresi, Bakıda Azərbaycan yazıçılar konqresi,  Təbrizdə Nizami konqresi və s. nümunə kimi göstərmək olar.

Professor Sədiq Əmir Əlişir Nəvayi konqresində danışığı və onu tanıtması yolunda fəaliyyətləri üçün Özbəkistan dövləti tərəfindən Dostluq nişanına layiq görülüb. Şərqi Azərbaycanın Vəkillər birliyi tərəfindən isə ali xidmət medalına layiq görülüb. Lakin o Barışsəsi saytına verdiyi müsahibəsində deyir ki, ən böyük fəxri elinin onu yaxşı qarşılaması olub.

Ətəkyazı

 

Şərhlər bağlıdır.