R.KOZLARIÇIN MƏNTİQİ BELƏDİR:  

AZƏRBAYCANDA AMERİKA SƏFİRLİYİ FƏALİYYƏT GÖSTƏRMƏMƏLİDİR

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəsinin indiki səfirinin Şuşaya səfərdən imtina etməsinə “haqq” qazandırmağa çalışıb. Kozlariçə görə, amerikalı səfirin Şuşaya getməsindən imtina etməsinin səbəbi Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmaması ilə bağlıdır. Sabiq səfirin məntiqinə əsasən, məhz sülh sazişi olmadığı üçün Qərb ölkələrinin diplomatlarının Şuşaya getməsi doğru deyil.

Azerbaycan-ruznamesi.org keçmiş ABŞ səfirinin fikirlərinə münasibəti bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Editor.az-a açıqlamasını oxuculara təqdim edir.  Onu da deyək ki  yazını Riçard Kozlariç Azərbaycanda səfir kimi diplomatik missiyasını başa çatdırdıqdan sonra regionla bağlı müxtəlif fikirlər söyləyərək özünü ABŞ ictimaiyyətinə Cənubi Qafqazşünas kimi təqdim etməyə çalışır:

“Habelə o bir sıra hallarda yaxın Orta Şərq məsələlərinə də müdaxilə edir və özünü regionşünas kimi Amerika siyasi dairələrinə sırımağa çalışır. Ancaq  bütün hallarda hər zaman yanlış şərhlər verir. Bu da onun növbəti yanlışlıqlarından biridir. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Riçard Kozlariçin məntiqi ilə ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyət göstərməməlidir. İraqla İran arasında sülh sazişi imzalanmayıb. Eyni zamanda, belə çıxır ki, ABŞ-ın  Bağdadda da səfiri fəaliyyət göstərməməlidir. Halbuki ABŞ-ın dünyada ən böyük səfirliyi Bağdadda yerləşir. Digər tərəfdənABŞ-ın İraq ərazisində çox böyük hərbi kontingenti yerləşir. Odur ki, Kozlariçin məntiqi yersiz və gülüncdür”.

  1. Soltanın sözlərinə görə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü işğal altında olan əraziləri də daxil olmaqla, tanıyıb:

“ABŞ BMT TŞ-nin 4 qətnaməsinə səs verib. Bu səsvermə də onu sübut edir ki, ABŞ Azərbaycanın mövcud sərhədləri daxilində işğal altında olan bütün əraziləri də daxil olmaqla, ərazi bütövlüyünü tanıyır. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard da ölkəsinin tanıdığı Azərbaycan ərazisində diplomat kimi fəaliyyət göstərib. Bu baxımdan onun fikirləri yersiz və məntiqsizdir. Digər tərəfdən ABŞ-ın Azərbaycandakı səfirliyi bu yaxınlarda Şuşaya səfərdən imtina ilə bağlı məsələyə aydınlıq gətirərək bildirdi ki, Azərbaycanın işğaldan azad olunan bir sıra ərazilərdə ABŞ səfirinin diplomatları səfərdə olublar. Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını və rəsmi Bakının öz torpaqlarını işğaldan azad etməsi üçün ən çox yardım edən ölkənin ABŞ olduğunu qeyd edib. Görünür, Riçard Kozlariç öz səfirliyinin yaydığı bəyanatları da izləmir. Hesab edirəm ki, yaxın vaxtlarda ABŞ-ın Azərbaycandakı səfiri işğaldan azad olunmuş torpaqların hər birinə səfər edəcək. ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyirsə, bu məsələlərdə diqqətli olmalıdır”.

Gülnarə Abasova

Şərhlər bağlıdır.