Vətəndaş, alim, jurnalist – Teymur Əhmədov-90

Vətəndaşlıq təkcə rəsmi-hüquqi qeydiyyatdan ibarət deyil. Əsl vətəndaşlıq insanın fəaliyyətinin, şəxsiyyətinin vətənə, millətə, dövlətə və dövlətçiliyə gərəklik dərəcəsi ilə ölçülür.

Professor Teymur Əhmədovun ömür yolunun şüurlu həyat və fəaliyyət tarixinə nəzər salanda bütün hallarda adamda onun həmin tələblərə uyğun gəldiyi qənaəti hasil olur; orta məktəbi qızıl medalla bitirəndə də, ali məktəbdə təhsil alanda da, İrəvanda, Bakıda jurnalist, publisist, alim və yazıçı kimi fəaliyyət göstərəndə də, Teymur müəllim birinci növbədə vətəndaş olaraq qalır.

İrəvanda “Sovet Ermənistanı”, Bakıda “Azərbaycan” jurnalı, “Vətən səsi”, “Respublika” və digər mətbu orqanlarda məsul vəzifələrdə – ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini, baş redaktor vəzifələrində çalışarkən qələmə alıb dərc etdirdiyi elə ilk yazılarından onun elmi və publisistik qabiliyyəti ilə yanaşı, vətəndaş müəllif mövqeyi də aydın sezilir. Bu keyfiyyətləri ilə ona təkcə soydaşları deyil, erməni həmkarları da hörmətlə yanaşır, Teymur şəxsiyyəti və mövqeyi ilə hesablaşmaya bilmirdilər.

T.Əhmədovun hələ İrəvanda ikən dərc etdirdiyi məqalə və kitablarda Azərbaycanın zəngin ədəbi və mədəni sərvətə, soydaşlarının yüksək intellektə malik olmalarından gələn qürur hissi həmin milli-mənəvi keyfiyyətlərlə rus, erməni, gürcü, ukrayn və digər xalqların kifayət qədər savad və nüfuz sahibi olan nümayəndələrinin ehtiramla bəhs etmələri, Azərbaycan şair və ədiblərinin bədii irslərindən bəhrələnmələrini həm də sözdə təsdiqləmələrindən də güc alır. Ona görə bu cür tarixi və ədəbi faktları öz yazılarında-məqalə və kitablarında diqqət mərkəzində saxlayıb xüsusi vurğulayır. Sovetlər Birliyinə daxil olan xalqların həm ziyalı elitasının, həm də sıravi nümayəndələrinin Azərbaycanın ədəbiyyat və mədəniyyət təmsilçiləri, ayrı-ayrı nümayəndələri ilə yaranıb formalaşan qarşılıqlı dostluq və əməkdaşlıq duyğularının kökündə daha çox Azərbaycanın intellektual zənginliyi,mənəvi- əxlaqi kamil, istedad və səmimiyyəti dayandığını görür və vurğulayırdı.

Hələ İrəvanda yaşayıb işləyərkən Abasqulu bəy Şadlinski haqqında çap etdirdiyi əsərində Teymur müəllimin alim vətəndaş mövqeyi, milli qürurdan doğan qətiyyəti, qorxmazlığı ilə yanaşı, yazılarında bir diplomat, ideoloq səriştəsi də görünür. Erməni daşnaqlarına, onların liderlərinə cəsur azərbaycanlı komandir Abasqulu bəy Şadlinskinin tutduğu divan sosialist ideyaları pərdəsi arxasından ucalan vətəndaş təəssübkeşliyi ilə işıqlandırılmışdır. Teymur Əhmədovun bu istiqamətdəki araşdırmalarını, “Vedibasarın qanlı-qadalı günləri (1918-1919-cu illər)”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər) ” və s. kitab və məqalələrində davam etdirmiş, hər dəfə də həmin problemlə bağlı yeni və daha tutarlı faktları, tarixi sənədləri oxuculara təqdim etmişdir. Bütün bu keyfiyyətləri onun elmi fəaliyyətinin də əsasını təşkil edir. Belə ki, Teymur müəllim böyük ictimai xadim, yazıçı və publisist, alovlu vətənpərvər olan Nəriman Nərimanovun ədəbi, elmi və publisistik irsi ilə yanaşı dövlət xadimi kimi fəaliyyətini araşdırarkən də tədqiqat obyektinə zaman-zaman yenidən qayıtmış və hər dəfə də onu yeni sənədlər, faktların işığında elmi-nəzəri cəhətdən xeyli təkmilləşdirmiş, yeniləndirmiş, zənginləşdirmişdir.

Nəriman Nərimanovun dramaturji irsinin öyrənilməsinə həsr etdiyi dissertasiya və onun monoqrafiya halında nəşrində ədibin sənət yolu, obrazlar aləmi, əsərlərinin  nəşri, tamaşa tarixləri, ideya-estetik keyfiyyətləri barədə əsaslandırılaraq irəli sürülən fikirlər özünün elmi dəyərini və aktuallığını qoruyub saxlamaqdadır. N.Nərimanovun tarixi faciə janrında yazdığı “Nadir şah” dramının mövzusu, obrazlar sistemi, ideyalar aləmi geniş və ətraflı təhlil edilərkən ədibin əsərdə qabarıq görünən bütöv Azərbaycan arzuları və dövlətçilik görüşləri üzərində xüsusi dayanılması T.Əhmədovun həm də araşdırmalarının gələcək üfüqlərinin genişlənməsinə hesablandığı barədəki ehtimalları doğrultdu; o, növbəti -doktorluq dissertasiyasını böyük ədib və dövlət xadiminin- Nəriman Nərimanovun bütövlükdə həyat və yaradıcılıq yolunun tədqiqinə həsr etdi. Bu araşdırmada N.Nərimanovun nasir, publisist və dramaturq portreti, demək olar ki, bütün tərəfləri ilə canlandırıldı. Bununla qalmayıb N.Nərimanovun dövlət xadimi, vətən, millət, torpaq təəssübkeşi kimi son dərəcədə çətin, üzüntü, sarsıntı və ağrılarla dolu fəaliyyətinin uzun müddət gizli saxlanılmış səhifələrinə işıq saldı. O, torpağa, yurda alim-vətəndaş sevgisi və təəssübü ilə hazırlayıb çap etdirdiyi ” Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər” (Bakı, 2002) adlı kitabında Zəngəzur, Göyçə, Qarabağ torpaqları (əraziləri) ilə bağlı erməni- rus siyasətçilərinin məkrli siyasi addımlarına N.Nərimanovun təkbaşına və fədakarcasına mübarizəsinin ayrı-ayrı məqamları tarixi sənəd və faktların təkzibolunmaz “şahidliyi” ilə üzə çıxarılmasına nail olmuşdur. Bu zaman sətirlər və sənədlər arasından N.Nərimanov fədakarlığı, mübarizliyi, cəsarəti ilə yanaşı T.Əhmədov təəssübkeşliyi və vətəndaş- müəllif mövqeyi də qabarıqlığı ilə görünür.

Professor Teymur Əhmədov öz sevgisində də, nifrətində də sabitqədəmliyi ilə seçilir. Bu xüsusiyyət onun Abasqulu bəy Şadlinski və N.Nərimanovla yanaşı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik dühasına və şəxsiyyətinə münasibətinin ardıcıllığında və qətiyyətində də qabarıq görünür. Belə ki, hələ 1990-cı illərin əvvəllərində Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi ağır və sıxıntılı dövrdə Bakıda çıxan hər hansı KİV-də onun haqqında ötəri bir qeyd belə getməsinə rəvac verilməyəndə Teymur Əhmədov baş redaktoru (və təsisçisi) olduğu “Vətən səsi” qəzetində Heydər Əliyevin həm haqqında yazılar verir, həm də onun baş redaktora-T.Əhmədova ünvanlanmış teleqram və açıq məktubunu dərc edirdi. Bəzi dostlarının ehtiyatla onu belə hərəkətlərdən uzaq olması haqdakı çağırışlarına heç məhəl belə qoymurdu. Çünki o, Heydər Əliyev dühasını, onun vətən, xalq və dövlət qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, belə bir şəxsiyyətin böhtanlar, yersiz qınaqlar burulğanında gizlədilməsi cəhdləri ilə heç vəchlə barışa bilmirdi. Vəzifə postundan uzaqlaşdırıla biləcəyi haqda olan açıq və gizli eyhamların tezliklə həqiqətə çevriləcəyi ehtimalı da T.Əhmədovu öz yolundan döndərmədi. Respublikanın o zamankı rəhbərliyinin tarixi ərazilərimizdən qovularaq Bakıda sığınacaq tapan qərbi azərbaycanlıların şəhərdən çıxarılması məqsədi ilə tətbiq etdiyi zorakı, qeyri-insani əməlləri ifşa edən və soydaşlarımızın hüquqlarının müdafiəsinə yönəldilən irihəcmli yazını “Vətən səsi”ndə dərc etdi. Kollektiv imza ilə çıxan həmin məqalə həm dövlət rəhbərliyində, həm də ictimaiyyət içində böyük əks-səda doğurdu…  Nəhayət, cürbəcür çirkin bəhanələrlə “Vətən səsi” qəzetinin baş redaktoru vəzifəsindən uzaqlaşdırılan Teymur müəllim ruhdan düşüb sayılmadı,  “Vətən həsrəti”, “Ata yurdu”,  “Yeni fikir” və s. qəzetlərin baş redaktoru kimi fəaliyyətini davam etdirdi.

T.Əhmədov “Respublika” qəzetinin baş redaktoru kimi səmərəli fəaliyyətində əvvəlki əzmkarlığını, dövlətə və dövlətçiliyə, vətənə və xalqına sədaqətini daha da möhkəmləndirmiş, kamilləşdirmiş, yeni və uğurlu səhifələrə imza atmışdır. Onun toplayıb tərtib etdiyi dörd cildlik “Heydər Əliyev və mətbuat” üçcildlik “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev və qadın siyasəti”,  həmçinin iqtisadiyyata, siyasətə dair digər kitablar yüksək peşəkarlıq və elmi səriştə ilə hazırlanmaqla Heydər Əliyev şəxsiyyətinə sonsuz sevgi və ehtiram nümunəsi olub, ayrı-ayrı ,əsasən də humanitar elmi düçüncə sahəsi mütəxəssislərinin tez-tez müraciət etdikləri ən mötəbər nəşrlərdəndir. (T.Əhmədov bu istiqamətdəki fəaliyyətini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mətbuat və mədəniyyət sahəsi ilə bağlı görüş, çıxış və müsahibələr toplusunun nəşri ilə də davam etdirir).

Beləliklə, professor Teymur Əhmədovun vətəndaş alim və jurnalistik fəaliyyəti qovuşuq şəkildə püxtələşir, inkişaf edir. Bu hal onun ayrı-ayrı tarixi və ədəbi şəxsiyyətlərə bəslədiyi vətəndaş-alim münasibətində, hazırlayıb çap etdirdiyi nəşrlərə   müxtəlif məzmunlu münasibətlərində də müşahidə edilir.

Məsələn, Nəriman Nərimanov, Süleyman Rüstəm, Səməd Vurğun, Abdulla Şaiq, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Mirzə İbrahimov və Mir Cəlal Paşayev ( sonuncu iki cilddən ibarətdir) şəxsiyyətlərinə həsr edilən kitab-albomlar elmi-nəzəri səviyyə və mündəricəsi, fakt və material zənginliyi, mükəmməl sistemliyi ilə diqqəti cəlb edir. Həmin nəşrlərdən aydın olur ki, Teymur Əhmədovun elmi (və bədii) tərtibçilik uğurunun arxasında onun elmi erudisiyası, axtarış səbri və dözümü, fakt və materialları çeşid ardıcıllığı ilə düzmə səriştəsi, incə zövqü, işinə dərin məsuliyyət hissi, hər şeydən əvvəl tədqiqat obyektlərinə sonsuz sevgisi və ehtiramı durur. Özünün orijinallığı ilə seçilən bu nəşrlərin hər birinin təkrarsızlığını onların həsr olunduqları tarixi və ədəbi şəxsiyyətlərin özgünlüyü müəyyən  edir. Həm də ona görə ki, professor Teymur Əhmədov həmin nəşrlərə daxil etdiyi elmi tədqiqat xarakterli yazıları, müxtəlif ədəbi, elmi material və tarixi sənədləri, foto və illüstrasiyaları elə səriştə və elmi prinsiplə yerləşdirir ki, onların həsr edildiyi şəxsiyyətlər fərdi ədəbi simaları hərtərəfli fərdi cizgiləri ilə göz önündə canlanırlar. Bu da həmin kitab-albomların elmi-nəzəri məzmununu təmin etmiş olur. (Qeyd edək ki, C.Məmmədquluzadə və R.Rzaya həsr edilən kitab-albomların hazırlanmasında akad. İ.Həbibbəyli və prof. B.Bağırov T.Əhmədovun bu sahədəki təcrübəsindən bəhrələnmişlər).

Professor Teymur Əhmədov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətini jurnalistliklə paralel şəkildə davam etdirir. O, əvvəlcə institutun müvafiq şöbələrində çalışmış, sonra isə akademik Mirzə İbrahimovun təşəbbüsü və Heydər Əliyevin xeyir-duası ilə yaradılan Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində səmərəli elmi yaradıcılıqla məşğul olmağa başlamışdır. Özünün bütün elmi, publisistik və ictimai vətəndaşlıq fəaliyyətində bütöv Azərbaycan  amalını rəhbər tutan T.Əhmədov Mirzə İbrahimovun vəfatından sonra fəaliyyəti dayandırılan həmin şöbənin fəaliyyətinin bərpasına nail olmuş və yarımçıq qalmış işlərin tamamlanması ilə yanaşı yeni tədqiqatların əsasının qoyulmasına nail olmuşdur. Nəticədə “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” adlı nəşrin sonrakı cildləri, XIX əsr və XX əsrin əvvəlləri Cənubi Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş iki cilddən ibarət fundamental elmi nəşrlər oxucuların ixtiyarına verilmişdir. Həmin nəşrlər elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış, mətbuatda əks-səda doğurmuşdur.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin həmin mötəbər nəşrlərinin hər birinin təşkili, hazırlanması redaktəsi və çap edilməsində Teymur müəllimin həm müəllif, həm də ümumi rəhbərlik əməyi böyükdür, təqdirəlayiqdir.

Professor T.Əhmədov çoxcildlik Azərbaycan ədəbiyyatı tarixini beşinci cildinin də müəlliflərindən biridir.

Professor Teymur Əhmədov elmi-nəzəri və təcrübi toplama və tərtibat işini digər sahələr və istiqamətlər üzrə də aparmaqdadır. Onun səbrlə, elmi-metodiki səriştə ilə toplayıb tərtib etdiyi hər biri iki və üç cilddən ibarət “XIX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı”, “XX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı”, “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”, Nəriman Nərimanovun, X.R.Ulutürkün, Əndəlib Qaracadağinin seçilmiş əsərləri və bu kimi digər nəşrlər, həmçinin “Jurnalist olmaq istəyirsənsə…” kitabı səriştəli, təcrübəli, zəhmətkeş, alim əməyinin qiymətli bəhrələridir.

Teymur Əhmədov bütün bunlarla yanaşı çox böyük çətinliklə başa gəlməklə, kollektiv əmək tələb edən ensiklopedik nəşrlərə də təkbaşına imza atmışdır. “Azərbaycan Sovet yazıçıları”, “XX əsr Azərbaycan yazıçıları”, “XX-XIX əsrlər Azərbaycan yazıçıları”, “Müasir Azərbaycan yazıçıları (soraq kitabçası)”, Azərbaycan Elmlər Akademiyasının və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yubileylərinə həsr edilmiş “Müqəddəs elm məbədi”, “Nizami adına Ədəbiyyat İnstitutu” adlı kitablar tərtibat texnikasının kamilliyi və elmi-bədii mükəmməlliyi ilə maraq doğurur.

Professor Teymur Əhmədov elmi kadrların hazırlanması işində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə iyirmidən çox adam müxtəlif mövzularda dissertasiya müdafiə etmişdir. O, onlarla gənc tədqiqatçının rəsmi opponenti olmuş və ya dissertasiyanın avtoreferatına rəy vermişdir. Otuzdan artıq kitabın (elmi və ədəbi) redaktoru və ya rəyçisi olmuşdur. Respublikada ədəbiyyatşünaslıq elminin təşkilində Əlaqələndirmə Şurasının elmi katibi kimi səmərəli fəaliyyət göstərmişdir.

Bütün bunlarla yanaşı Teymur Əhmədov jurnalistlik fəaliyyətini təkcə “Respublika” qəzeti ilə məhdudlaşdırmır. O, məşhur “Füyuzat” jurnalının nəşrini davam etdirmək məqsədilə həmin adda həmtəsisçisi olduğu jurnalın baş redaktoru və XX əsrin əvvəllərində qadın mətbu orqanı kimi nəşr edilən “İşıq” qəzetinin adını daşıyan “İşıq” qadın jurnalının təşəbbüsçüsü,  redaksiya heyətinin üzvüdür. “Füyuzat” jurnalının hər ayda çıxan nömrələrinə yazdığı ənənəvi “Baş redaktordan” başlıqlı məqalələr dövrün  ictimai-ədəbi, sosial-mədəni hadisə və proseslərinə ayıq alim-jurnalist baxışının sərrastlığı və nömrənin materiallarının qavranılmasında oxucuya irşad-yolgöstərən, bələdçi olmaq missiyası ilə maraq və rəğbət doğurur.

Teymur müəllimin tədqiqatçılıq və əməli jurnalistlik fəaliyyətinin nəticələrindən onun həmkarlarının bəhrələndikləri barədə yuxarıda etdiyim ötəri qeydə onu da əlavə etməyi lazım bilirəm ki, “Respublika” qəzetində on ilə yaxın Teymur müəllimin rəhbərliyi ilə çalışdığım müddətdə qazandığım təcrübə və vərdişlər, həmçinin onun hər nömrənin maketinin tərtibi, fotoların səhifələr üçün çeşidlənməsi üzərində çox vaxt heç kəsə etibar etməyib özü gördüyü işləri müşahidə etməyim və “Jurnalist olmaq istəyirsənsə…” kitabındakı materiallar Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyərkən və “Jurnalist sənətkarlığı” (Bakı, 2015) kitabını yazarkən xeyli dadıma çatmışdır.

Teymur müəllim həssas və xeyirxah insandır. Ona üz tutan hər kəsə, hətta heç tanımadığı adamlara belə mümkün qədər əl tutmağa çalışdığının dəfələrlə şahidi olmuşam. Bütün bu cəhətlərinə görə övladları da özündən geri qalmırlar.

Yuxarıda qeyd etdiyim kimi, o sevgisində də, nifrətində, qəzəbində də sabitqədəmdir; sevgisi və etibarı ona çoxlu dostlar, arxa qazandırdığı kimi, etibarsızlığı, üzüdönüklüyü bağışlaya bilmir, qəzəbi, nifrəti də (ermənilərə olduğu kimi) özünə və yaxın ətrafına qarşı müxtəlif təzyiq və zərərlərə səbəb olur. Ancaq o, bütün hallarda öz qətiyyətindən dönmür, təbiətinə dönük çıxmır. Bu da, məncə, hər kəsi özü kimi görmək istək və tələbindən irəli gəlir.

Bütün bunlarla yanaşı, Teymur müəllimin tərəfdarları, himayədarları, onu sevənlər daha çoxdur. Təsadüfi deyil ki, onun hərtərəfli səmərəli fəaliyyəti mətbuatda və ictimai-elmi mühitdə yüksək qiymətləndirilmiş, müxtəlif mükafatlara, o cümlədən, dövlət tərəfindən “Tərəqqi medalına” layiq görülmüşdür.

Teymur Əhmədova səmərəli elmi, ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilmişdir. Ona 85 yaşı yola salandan sonrakı fəaliyyətində də cansağlığı arzulayırıq!

 

Alxan BAYRAMOĞLU

filologiya elmləri doktoru, professor

 

P.S. Əziz oxucu sizlərə təqdim olunan yazı 5 il əvvə dekabrın 25-də “525-ci qəzet”də eyni sərlövhə ilə dərc edilib. Axtarış zamanı müəyyənləşdirdik ki, bu matreal yubiley gününədək Teymur müəllim barədə qələmə alınan ən ətraflı materialdır. Sadəcə 85-i 90-la əvəzləyib yayımlasaq yəqin qınağa tuş gəlmərik. Belə də etdik.

Azərbaycan Demokrat Firqəsi böyük ziyalıya 90 illik yubileyi münasibətilə təbriklərlərini yetirir, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayır. Azerbaycan-ruznamesi.org da təbriklərə qoşulur, 100 yaşın zirvəsində Təbrizdə görüşməyi, jurnalist, yazıçı, tədqiqatçı alimdən müsahibə götürmək vədini alır. Hələlik Teymur müəllimdən “Sağ ol, sağlam və daha çox yaşa, yarat” arzuları ilə ayrılırıq. Yubilyar Güney Azərbaycan ədəbiyyatının təbliğinə, təşviqinə daha fəal xidmətlərinə görə buna haqq edir.

 

Şərhlər bağlıdır.