İRAN REJİMİ İNQİLABI ŞƏRAİTDƏ SEÇİM QARŞISINDA

Ölkədə davam edən ciddi inqilabi durumda hakim molla rejimi başlıca olaraq nədən qorxur? Bu sualı verdiyimiz məmurlar, siyasətçilər, ilk növbədə, iqtisadi böhran amilini önə çəkirlər. Ölkəni davamlı tətillərin bürüdüyü bir vəziyyətdə onlar “etirazlar” kəlməsini də tez-tez dilə gətirirlər. 

Göründüyü kimi, artıq İranda məmur­lar və siyası dairələr də dərin iqtisadi və siyasi böhranın olmasını etiraf etməyə başlayıblar. Təbii ki, bunun səbəbi son 8 ayda ölkədə davam edən kütləvi eti­razlardır. Çarə axtarışında olan rəsmilər 2 cəbhəyə bölünüblər: keçmişdəki kimi dar ağaclarını çoxaltmağı təklif edənlər və islahatların vacibliyini vurğulayanlar. İkincilərin sayı o qədər də çox deyil.

Əvvəlki seçkilərdə İran prezedent­liyinə namizədlərdən biri olmuş doktor Həddad Adil kimi adamlar qütbləşmənin qarşısını almağı tövsiyə edirlər. Qalibaf kimi parlament təmsilçiləri iqtisadiyyatı inkişaf etdirmək üçün yollar axtarırlar. La­kin hər iki qanad bu mövqeyi ilə keçmiş­dəki kimi xalqı aldadır. Yəni rejimin 43 il­lik mövcudluğu ərzində müxtəlifçi sayılan islahatçılar və başqaları irəli sürdükləri təkliflərə əməl etməyiblər.

Belələri xalqın həyatını yaxşılaşdır­maq əvəzinə, ölkəni şah rejimindən də bərbad bir vəziyyətə gətirib çıxarıblar. İnqilabdan sonra hakimiyətə gəlmiş döv­lət rəhbərlərindən heç biri real plan orta­ya qoymayıb. Nəticədə, iqtisadi vəziyyət gündən-günə pisləşməkdədir. Ötən illərlə müqayisədə milli valyutanın dəyəri xeyli aşağı düşüb. İnqilab vaxtı bir dolların qiy­məti 6 tümən idisə, indi 55 min tüməndir.

İran iqtisadiyyatı Qacarlar dövründən bugünkü rejimədək enişli yol keçib. Ha­zırkı durumu Qacarlar dövrü ilə müqa­yisə edəndə onun necə gerilədiyini aydın görmək olar. 1925-ci ilə qədər İran iqtisa­diyyatı təbii yüksəlişlə irəli gedirdi. Ölkə feodalizmdən sərmayədar dövrünə qə­dəm qoymuşdu. Bu dövrdə istehsalat və banklar öz təbii axarında irəliləyirdi. Bu inkişafın nəticəsində Məşrutə inqilabı qa­nun və ədalətin gücü ilə dövlətin, səltənə­tin qüdrətini azaldaraq xalqın hüququnu yüksəltmişdi.

Məşrutə qanunu, demək olar ki, Orta Şərqdə, xüsusən, az sonra İran adlan­dırılan ölkədə – Qacar imperiyasında normal qayda-qanun yaratmışdı. Lakin 1925-ci ildə çevriliş vasitəsilə hakimiy­yətə gətirilmiş, fars şovinizminə, panfar­sizmə, irqçiliyə yoluxmuş Pəhləvi tayfası təbii inkişaf prosesini dayandırdı. Bundan sonra Məşrutə dövründə cəmiyyətdə ya­radılmış ictimailəşmə və sosial həyatdan heç nə qalmadı. Ədalət, azadlıq, parti­yaların formalaşması, məclisin rolu, se­çib-seçilmə, insanlar arasında bərabər­lik, qanunun aliliyi kimi yaxşı nə var idisə, sona çatdı.

Bütün məsələləri diktatorluqla həll etməyə başladılar. Bu müddət 57 il da­vam etdi. 1979-cu isə ildə İslam inqilabı baş verdi. Molla rejimi xalqa nefti, qazı milliləşdirmək kimi vədlər verdi. Lakin bu vədlərə əməl olunmadı. Mollalar iq­tisadiyyatı özlərinin dar və mühafizəkar düşüncələri əsasında idarə etməyə baş­ladılar. Bununla da ölkəni daha da geri saldılar.

İqtisadi durumun pisləşməsinə, bir tərəfdən, sanksiyalar təsir göstərdi, digər tərəfdən, molla rejiminin siyasi iddiaları geriliyə səbəb oldu.

Rejimin İslam inqilabını başqa ölkələrə və dünyaya yaymaqla bağlı iddi­aları məmləkəti sanksiyalara məruz qoy­du. Şah zamanında qurulan zavodların vəsaitləri xaricdən gəlirdi. Qərblə müna­sibətlər pisləşdiyi üçün sərmayələr gön­dərilmədi. Metallurgiya və maşınqayırma sənayesi zavodları bir-birinin ardınca sıradan çıxdı. Eyni zamanda, savadsız idarəetmə kənd təsərrüfatına böyük zi­yan vurdu, İranda ekosistemi dəyişdirdi. Çaylar, göllər quruduldu,ekoloji böhran yarandı. Əsasən, farslar yaşayan yerlərə diqqət yetirildi. Azərbaycanı, Kürdüstanı, İran Ərəbistanı və Türkmənistanı, Bəlu­cistanı tamamilə inkişafdan geri qoydu­lar.

Gəlin, İranın 35 il öncəki bugünkü gə­lirlərini müqayisə edək. 35 il bundan əv­vəl ölkənin 7 milyard dollar xalis gəliri var idi. Bunun 3 milyardı müharibəyə gedirdi. 4 milyardı da ərzaq, talon xərclərinə sərf olunurdu. Ancaq bu gün İranın 80 milyard dollar gəliri olsa da, ölkənin gələcəyi qa­ranlıq uçurum vəziyyətindədir. Əhmədi­nejad hakimiyyətə gələn zaman bankla­rın borcu 12 trilyon tümən idi. 8 il sonra isə 260 trilyon tümənə çatdı.

Bu pul hara getdi? Bu vəsaiti Əhmə­dinejad öz ətrafındakılara və fars mühi­tinə xərclədi, məmləkəti iflasa uğratdı. Nəticədə, əmələ gəlmiş böhrandan çıx­maq üçün xalqa mənsub olan 76 ton qızılı əridib banklara verdilər. Banklar da bunları baha qiymətə satmaqla pul qazandılar. Beləcə, valyutanın və qızılın qiymətinin qalxması ilə yanaşı, ərzaq da, digər məhsullar da bahalaşdı.

Son aylarda isə kütləvi siyasi aksi­yalar İranda iqtisadi böhranın dərinləş­məsinə böyük təsir göstərib. Yəni, bu müddət ərzində neft, qaz və neft-kimya sənayesində çalışan işçilər iş yerlərini itiriblər. Bir çox sosial təbəqələr, o cüm­lədən, müəllimlər, tələbələr, fəhlələr, kəndlilər, məktəb şagirdləri tətil edərək mübarizəyə qatılıblar. Bir sözlə, kənd təssərrüfatı, idxal-ixrac məsələləri ağır durumdadır. Bu isə bütün məmləkətdə iqtisadiyatın büdrəməsinə gətirib çatdı­racaq. Vəziyyətin iqtisadi nəticələri daha ağır olacaq.

Yəni İranda bugünkündən daha yük­sək qıtlıq ola bilər. Ərzaq istehsalı yox­dursa, ölkəyə mallar daxil olmursa, qiy­mətlərin qalxması qaçılmazdır. Belə bir halda dövlət işçilərin, müəllimlərin, fəh­lələrin pulunu vermək üçün boş-boşuna pul çap edəcək. İxrac-idxal olmayan yer­də pul artıqlığı yüksək inflyasiyaya gətirib çıxaracaq. Pulun dəyəri endikcə, malla­rın qiymətləri qalxacaq.

Vəziyyəti təsvir etdiyimiz kimi, infl­yasiyanın qarşısının alınması yolların­dan da danışmalıyıq. Bu bəlanın qar­şısını edam, zindan, küçələrdə qətllər törətməklə kəsmək olmayacaq. İqtisadi tədbirlər həyata keçirilməlidir. Etirazla­rın daha da güclənməsi vətəndaş mü­haribəsinə gətirib çıxara bilər. Rejimin yaxın çevrəsi də bundan qorxur. Bəziləri asıb-kəsməklə iqtisadi böhranın dərin­ləşməsinin qarşısını ala biləcəklərini dü­şünür. Bəziləri isə istehsalın artmasının tərəfdarı kimi çıxış edirlər.

Keçən il İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf 7–8 bəndlik bir plan hazırlamışdı. Amma indiyədək bun­ların heç biri həyata keçirilməyib. İranda qanun əvəzinə, fitvalar işləyir. Bu isə in­sanları mövhumata sürükləyir. Cəmiyyəti səbirli olmağa səsləyib vədlər verirlər. Ancaq real təkliflər yoxdur. Molla liderlər milləti cəhənnəmlə qorxudub dini də göz­dən salırlar.

İranda yaşayan xalqlar bütün bu bə­lalardan canlarını qurtarmaq üçün baş­larına çarə qılmalıdırlar. İnsanlar müqəd­dəratlarını əllərinə alıb, özlərini idarə etməyə çalışmalıdırlar.

Abdulla Əmir Haşimi CAVANŞİR,
Güney Azərbaycan publisisti
İsveç

Şərhlər bağlıdır.