“Mən nə gətirdim?” – Əli Tudə
من نه گتیردیم – شاعر علی توده
Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim.
Mən onu günəşdən təmiz saxladım,
Canımdan, gözümdən əziz saxladım,
Bu kiçik qəlbimdə dəniz saxladım
Bir xilqət görmədi, pünhan gətirdim
Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatım
Doğma qardaşıma qurban gətirdim.
Ürək dağ deyildir, bir parça ətdir
Bəs onu yaşadan hansı qüdrətdir?
Bir arzu, bir ümid, bir məhəbbətdir,
Mən o məhəbbətdən nişan gətirdim
Qardaşım, illərlə istədin ki sən
Öz ana yurdumda azad olum mən…
Lakin cəlalımı dağıtdı düşmən,
Tək sənə, tək sənə güman gətirdim
Yenə Azərbaycan qan ağlayır, qan
O azad olmasa, yaşamam, inan!
Gərək mən Təbrizə qayıdan zaman
Deyəm ki, təzə bir dövran gətirdim.
Şərhlər bağlıdır.