“Yurdumun sirləri” – əsrimizin bestselleri – Esmira Fuad yazır VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR BAXIŞ
“Yurdumun sirləri” – əsrimizin bestselleri – Esmira Fuad yazır
VƏ YA RZA BƏRAHƏNİ YARADICILIĞINA BİR BAXIŞ
Esmira FUAD
(Əvvəli ötən sayımızda)
Rza Bərahəni şəhidlik qonusunda son dərəcə həssas idi. Vətən, amal uğruna canından keçənləri insanlığın naxışı sayır, onları ən etkiləyici romantik dillə öyürdü. O, şah ordusunun Ərdəbildəki diviziyasının, əməllərində düzgün və sadiq, düşüncələri aydın 14 zabitinin güllələnməsini də terror hadisəsi sayır, nakam hərbçiləri isə şəhid kimi əzizləyir: “Onların şəhidlikləri ən mükəmməl, dünyanın ən yüksək şəhadətlərindən idi. Onlar kişi, qadın cinsinə bölünməyən mələklər idilər. Böyük quşlar kimi gözəl qanadlarını açıb günün qürub etdiyi qəmli vaxtında, səmanın intəhasız dərinliklərinə uçurdular. İranlı və amerikalı müstəntiqlər bu xəyali gözəl uçuşun qarşısında nə qədər alçaq və zəlil görsənirdilər. Edam zamanı yağış yağırdı və bu, sanki lənət yağışı (bəlkə də doğanın nakam canlara tökdüyü göz yaşları – E.F.) idi…”
Bu ani, şıdırğı yağan yağış cəllad general Şadanı da təəccübləndirir: “Bu nə yağışdır? Heç vaxt görməmişdim ki, Təbrizdə bu fəsildə belə bir yağış yağsın…”
Əksər əsərlərində xalq yaradıcılığından motivlər, elementlər, təlmihlər, ana dilindən söz və ifadələr olduğu kimi, “Yurdumun sirləri” romanında da Rza Bərahəni “Rüstəm və Söhrab” dastanı, Həzrət Əlinin Hüseyn Mirzənin qarşısında zühuru və onun öz əmisinin evində şaqqalara ayrılaraq öldürülməsi, Qara Seyidin öngörmələri, Yusif peyğəmbər, Fironla Musanın nağılı, bir sıra xalq və aşıq mahnıları və sair kimi… folklordan, xalq təfəkküründən süzülüb dövrümüzədək gəlib çatmış folklor örnəklərindən, dini əfsanə və rəvayətlərdən, aşıq havalarından, xalq mahnılarından bədii amalına uyğun gəldiyi məqamlarda böyük ustalıqla istifadə edir və fikrini oxucuya daha tutarlı çatdırır. Təbriz şivəsinə məxsus danışıq dilindən olduğu kimi romanlarına gətirdiyi söz və cümlələr, mahnı mətnləri isə Rza Bərahəni təhkiyəsinə ayrıca bir özəllik verir. Şah dövründə qələmə aldığı “Hakim və məhkum kültür” adlı məqaləsində yazdığı kimi: “Bir sıra sözlər var ki, xalq özü yaradır. Məsələn, Təbrizdə minibusa – “qapdıqaçdı” deyirlər. Hələ də bu sözün qarşılığı nə farsca, nə də türkcə var. Bu, xalqın dilidir. Biz ondan yararlanırıq, ziyalılar, elm adamları bu kimi sözləri cilalayaraq ona elmi mahiyyət verirlər. Ziyalıların yaratdığı sözlər də xalq arasında yayılır. Ancaq xalqın yaratdığı daha tez qəbul edilir və yayılır…”
Xalqın yaratdıqlarına, özünə və dilinə vurğun olan yazar “Yar bizə qonaq gələcək” şərqisini də romanda “həsrətli, dərin xatirə ilə dolu bir türk mahnısı” kimi qeyd edir və çayxanada gecələyən sürücülərin ana dilində zümzüməsindən bir bəndi örnək gətirir:
Piyalələr irəfdədir,
Hər biri bir tərəfdədir,
Görməmişəm bir həftədir…
Yar bizə qonaq gələcək,
Bilmirəm haçan gələcək,
Söz verib sabah gələcək…
Öz məzhəb və ideologiyasını yaradan, dünyanın böyük peyğəmbərlərindən biri sayılan, “illərlə qurdlarla birgə yaşayıb, onların dilini bilən, qurdların qoruduğu Zərdüşt”, Şeyx Səfi kimi tarixi şəxsiyyətlərin, Həzrəti Əlinin, insanlığın yaranma fəlsəfəsini, Türk kimliyini İranda ona hakim olan, hüquqlarını əlindən alan digər xalqın öz dilində tanıtmaq missiyasını da çiyinlərinə götürdüyü aydın görünür.
“Bütün bəlalar cəhalətdən gələr”, “Adam qonağa ihanət etməz”, “Qurd qarın sultanıdı”, “Eşqə gözlə məğlub olarsan. İnsanın gözü eşqin çeşməsidi”, “İnqilabi ruh əbədi deyil, həmişə də o yuxarılarda qalmaz…”, “Ruh öləndə, millət tikə-tikə olur, bir-biri ilə düşmən olur”, “Böyük ölümlərin hamısı siyasi məqsədli olur” kimi fikirlərindən də Rza Bərahəninin bir filosof müdrikliyi ilə düşündüyü yansıyır…
Əsrin bəlası olan narkotik maddələrdən istifadənin gəncləri məhv etdiyini, ordunun içində belə yayılaraq zabitlərini də ağ ölümlə nəfəs-nəfəsə qoyduğunu yazan ədib zabit Biltimorun düşdüyü durumu təsvir etməklə, oxucuya narkotik bəlasından-ağ ölümdən uzaq ol, mesajını ötürür: “Lənətlənmiş bu narkotik, bu amerikalı uşağın Vyetnamda atasını yandırıb. Bax, o gözəllikdə gənc nə hala düşüb?!”
Rza Bərahəni “Yurdumun sirləri” romanının qəhrəmanı Hüseyn Tənzifinin anasının dili ilə xalqına, gənc soydaşlarına səslənir, keçənlərdən dərs almağa, yol verilən yanlışlardan ibrət götürməyə və öz nəslinin yanlışlarını təkrar etməməyin yolunu göstərir: “İbrət alın, siz Allah, bir yerdə, birlikdə qalın, bir-birinizə güzəşt edin, bir-birinizə əl qaldırmayın, əgər bir-birinizə əl qaldırsanız, düşməniniz yerlərində qalıb, dostlarınız düşmənlərinizə çevriləcək…”
“Iran ədəbi mühiti və siyasi-ictimai mühitinin əsiri, məhbusu olaraq qalmır. Ədəbiyyatda post-modernizm və dekonstruksionizm ilə zirvəni fəth edir. Zamanla ona, hətta farsca belə, dar və yetərsiz gəlir. Şeir haqqında zəbaniyyət və ya dilsəllik nəzəriyyəsində ona toxunur. Eyni şəkildə o toplumdakı o qavramlar, o tabular da ona çox dar gəlir. Ona görə, bir çox şeydə birincilliyin təməlini atır…”
Güney xalqına uzun illər boyu yaşadılan müsibətlərin güzgüsüdü “Yurdumun sirləri”, hakim kəsimlə məzlum kəsim arasındakı fərqin, yoxsulluqla zənginliyin yaratdığı paradoksallığın, məktəblərdə kasıb balalarının başına açılan dərdlərin, aclıq və çarəsizlikdən övladını satan ata-anaların, ağrılarla dolu həyat yaşamaqdan bütün varlığı hıçqıran insanların, siyası məhbuslara verilən sınırsız işgəncələrdən onların düşdüyü mənzərənin sözlə rəsmini çəkir Rza Bərahəni… İnanmayanlar bu sitatları bir daha oxusunlar: “Şagirdlərin birindən ayaqyolunun yerini soruşanda bu həyəti göstərmişdi. Axtardım, nəhayət, tapdım. Təzəcə oturmuşdum ki, birdən üzümə möhkəm bir təpik dəydi. Elə ki, iki metr o yana tullandım, ağzım cırıldı, dişlərimin ikisi sındı. Ağzımı açıb çığırmaq istəyəndə dişlərimin ikisi də qarnıma getdi. Başımı qaldırdım, 3 gün öncə otaqda gördüyüm yaraşıqlı kişini qarşımda gördüm. O, ucu şiş ayaqqabılarının ucu ilə böyrəklərimi, belimi təpikləyirdi…”
“Leytenant Cəzayerinin dırnağını çəkmişdilər. Sonra Tehran SAVAK-ının iki məmurunun köməyi ilə, bəzən türkcə nəğmə oxuyan zabitə çox ağır işğəncə vermişdilər. Qaynar su ilə arxasından imalə eləmişdilər. Hər yeri qanqrena olmuşdu…”
“Təbrizin soyuğunda geyinməyə heç vaxt paltom olmazdı. Məktəbdə də yoxsullara palto verməzdilər, həmişə burnumun suyu tökülər, ya da burnumun ucunda donub qalardı. Anam qayıdanda evdən apardığı yekə qazanı dolu gətirirdi. Dilənçilərə məxsus olan bu növ yemək müxtəlif məcunlarla dolu olurdu. Düyü, kabab, səbzi qovurma, düyü qızartması, qıyma, tər halva və ümumilikdə bu evlərin təndirində yapılan qar kimi ağ lavaş çörəkləri qarmaqarışıq halda qazana tökülürdü. Bu yeməklərin hər bir tikəsini anam süfrənin müxtəlif guşələrindən yığırdı. Fərqli qoxuları başımı gicəlləndirən, sərsəm edən bu yeməklər məni dəli edirdi. Aclıq çəkən bir qurdun iştahası. Anam özü yeməyini orada yeyirdi. Nənəmlə mən yeməyə hücum çəkirdik, tələsik, ata-anaları ləzzətli ovu qabağına atan pələng balaları kimi yeyirdik bunları… Süfrədən kənara çəkiləndə fil kimi kefli olurduq. O, başımı aldadan şəhvətli qoxularla dolu bu qarmaqarışıq yeməklər mənimlə Rasta küçəsinin tacir və əşraflarının həyatı arasında açılan balaca bir qapı idi. Fikirləşirdim ki, gör bunların hamısı hər gecə bu qədər yeyirlər. Ancaq onların da gözlərində aclıq var, nə qədər yeyirlərsə doymurlar…
Güney Azərbaycanın gənc şairi Elşən Böyükvənd romanları ilə dünya tənqidçi və yazarlarını heyrətləndirən Rza Bərahəninin təkcə doğulub-böyüdüyü Təbrizin və İranın deyil, çağdaş dünya ədəbiyyatının dev yazarı olduğunu, əsərlərində məhz Türk kimliyinin boy verdiyini, Güney türklərinin, xalqının tarixini, yaşadığı ağrı-acıları yazdığını dərk etməyən, onu bu yöndən anlamayanlara səslənir. Təbriz ləhcəsində yazılan və türkcə nəsrin bütün özəlliklərini daşıyan, ikinci Pəhləvi dövründə Əmirkə bir yayım evində basıldıqdan sonra bütünlüklə məhv edilən, yalnız bircə nüsxəsi yazıçının özündə qalan “Ayazın cəhənnəm günləri”ndə Səməd Behrənginin öldürülməsi mövzusunu da gündəmə gətirir: “İntiqamüvi o quldurlardan alacam, intiqamüvi… Mahmudun dırnaxlarınnan eşiyə çəkəcam! Aş qulaxlarüvi, eşit Səməd! Mahmudun ürəyinin başında bir yer var ki, mənim qəməmin ucu üçün yaranıb. Mən bu qəməni birəlli vırmıyacam, ürəyinin başınnan iki əllə elə möhkəm nallıyacam ki, sinəsində ürəyi qırx yerə bölünsün, Səməd! Otuz ildi bu qəməni itildirəm. Dədəmin, dədəmin dədəsinin, dədələrimin, qərdəşlərimin intiqamını Mahmutdanalacam…
Kaş ölməyəydün Səməd, göreydün ki, mən bu qəməni nə üçün itiltmişəm. Baxdıxcan bu qəmiyə, özüm də qorxuram, Səməd!”
Əslində bu səslənişi Elşənin özümüzə, Türk kimliyimizə, Türk ruhuna sahib olan, ancaq zor gücü ilə yad dillərdə yazan insanlarımıza – yazarlarımıza yad baxışımıza qarşı etirazı da saymaq olar: “Helen Cixos Rza Bərahəninin əsərlərindəki Türklük içəriyini sezirsə, nədən bizim bir sıra yazarlarımız bunu sezmir, yaxud sezmək istəmirlər?..”
Bəlkə bu içəriyi sezməyə elə “dönəmin aydınlarının yoluxmuş olduğu bir çox xəstəlik və zehniyyətdən uzaq, eyləmdə və söyləmdə bir dünya yurtdaşı olan, tabuların bir çoxunu sındıran və dünya çapında bir aydına çevrildiyi üçün hakim və status-kvoçu zehniyyət tərəfindən hər zaman kənarlaşdırılan “Rza Bərahəninindünyaca tanınan romanlarını oxumaqla başlayaq?!
Bəlkə elə Toğrul Atabayın da: “Bərahəninin dəyəri bilinmədi, təəssüf ki… O coğrafiyanın ədəbiyyatında və düşüncə dünyasında haqqı olan yerini ala bilmədi. O coğrafiyaya baxışı, siyasi tarixə baxışı və ya, “Maskunin Tarix” kimi əsərlərində olduğu kimi, sosial kültür üzrə gətirdiyi tənqidlərlə o dönəmin ötəsində və üstündə bir şəxsiyyət olduğu üçün yetərincə anlaşılmadı. Anlaşılmaq da istənilmədi bir çox yerdə. Bizim ictimaiyyət də, təəssüf ki, Bərahənini mənimsəməyə və yiyələnməyə hazır deyildi…” dəyərləndirməsindən ibrət götürüb bu böyük şair, yazıçı, publisist və ədəbi tənqidçini anlamağa, türk təfəkkürünə söykəli yaradıcılığını yayımlamağa, öyrənib yiyələnməyə start verək?!
Link:“Yurdumun sirləri” – əsrimizin bestselleri – Esmira Fuad yazır
Şərhlər bağlıdır.