Azərbaycan Pezeşkianın adından yayılmış bəyanata görə Tehrandan açıqlama gözləyir.

“The Telegraph” nəşri İranla İsrail arasında gərgin münasibətlər fonunda
Azərbaycanla bağlı sensasion iddia ilə çıxış edib.
Azerbaycan-ruznamesi.org APA-ya istinadən yazır ki, iyulun 31-də
HAMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə
necə cavab veriləcəyi ilə bağlı İran hakimiyyət dairələri arasında fikir
ayrılığı mövcuddur.
“İnqilab Keşikçiləri Korpusunun generalları mülki əhali arasında itkilərin
qarşısını almaq üçün əsas diqqəti hərbi bazalara yönəltməklə Tel-Əvivə və
İsrailin digər şəhərlərinə birbaşa zərbə endirməkdə israr edirlər. Lakin yeni
seçilmiş prezident Məsud Pezeşkian İranın qonşu ölkələrindəki gizli İsrail
bazalarını hədəf almağı təklif edib”, – məqalədə deyilir.
Nəşr xatırladıb ki, daha əvvəl İran İraq Kürdüstanında İsrailin kəşfiyyat
agentliyi olan “Mossad”ın “casus bazaları” adlandırdığı yerləri hədəfə alıb.
Prezidentin köməkçiləri “The Telegraph”a bildiriblər ki, SEPAH İsrailə qarşı
daha aqressiv cavab tədbirləri görməklə prezident Pezeşkianı sarsıtmağa
çalışır.
“Cənab Pezeşkian isə qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi
nəticələrə səbəb ola bilər”, – deyə prezidentin yaxın köməkçisi bildirib.
“Ölkənin qərb sərhədində keçirilən son təlimlər, sadəcə olaraq, cənab
Pezeşkianı qorxutmaq üçündür. SEPAH İsraili hədəf almaqda çox israrlıdır
və onlar bunun asan olduğunu düşünürlər”, – deyə prezident Məsud
Pezeşkianın ikinci köməkçisi “The Telegraph”a deyib.
Köməkçisinin sözlərinə görə, Pezeşkian təklif edib ki, Azərbaycan
Respublikasında və ya İraq Kürdüstanında İsraillə əlaqəli mərkəzlər hədəfə
alınsın, lakin hücumdan əvvəl bu ölkələrə xəbər verilsin və bütün bu dram
bitsin.
“Cənab Pezeşkianın SEPAH komandirlərini nəzarətdən çıxa biləcək
hərəkətlərdən qaçmağa inandırmağa çalışdığı uzun və gərgin müzakirələri
olub. O, SEPAH-ın ölkəni müharibəyə cəlb etmək məqsədi güddüyünü bilir,
ali
liderin ofisindəki nüfuzundan istifadə edərək, SEPAH-ın İranı
müharibəyə sürükləməsinin qarşısını almağa çalışır”, – deyə prezidentin
köməkçiləri əlavə ediblər.
SEPAH-ın adı açıqlanmayan rəsmisi də “The Telegraph”a danışıb.
“Qüvvələr daxilində cənab Pezeşkiyanın səylərini necə əngəlləmək barədə
müzakirələr aparılıb. Demək olar ki, hər kəs onun israr etdiyi şeyin inqilabın
reputasiyasına uyğun olmadığına inanır”, – deyə SEPAH rəsmisi bildirib.
İranın yeni prezidenti Pezeşkianın adından səsləndirilən bu iddialar təbii ki,
Azərbaycanda müəyyən narahatlıqla qarşılanıb.
Lakin Azərbaycandakı rəsmi mənbələr APA-ya bildirib ki, ölkənin
hakimiyyət dairələrində İran prezidentinin adından yayılmış bəyanatın feyk
olduğunu düşünürlər.
Azərbaycan tərəfində, ümumiyyətlə, belə bir rəy var ki, bu, feyk və
dezinformasiyadır. “Hansısa dairələr İranla Azərbaycan arasında
münasibətlərin son vaxtlar normallaşmasından narahat olmağa başlayıb,
bu prosesi pozmaq istəyir.
İranın yeni prezidentinin xüsusilə azərbaycanlı olması, Azərbaycana isti
münasibət bəsləməsi fonunda ola bilsin ki, İranın daxilində və xaricində bu
münasibətlərə xələl gətirmək istəyən qüvvələr var.
Yaxşı olardı ki, bu iddialara İran tərəfi münasibət bildirib, təkzib eləsin və
şübhələrə son qoysun”, – deyə Azərbaycan hakimiyyətindəki mənbələr
bildirib.

Şərhlər bağlıdır.