Azərbaycan-Türkiyə əlaqələri həm də regional və qlobal təhlükəsizliyə töhfə verir – ANALİZ

24 Sentyabr , 2024

Dünya dövlətlərini siyasi maraqlar birləşdirir. İngilislər deyib ki, dövlətin əbədi dostu olmur, əbədi marağı olur. Lakin Azərbaycanla Türkiyənin münasibətləri bu deyimi təkzib edir. Çünki əlaqələr ortaq milli maraqlarla yanaşı, yüksək mənəvi dəyərlərə dayanır. Türkiyənin marağı Azərbaycanı, Azərbaycanın marağı isə Türkiyəni qane edir.

Belə münasibətə beynəlxalq arenada çox az təsadüf edilir. Azərbaycan-Türkiyə əlaqələri həm də regional və qlobal təhlükəsizliyə töhfə verir. Bu əməkdaşlıq üçüncü tərəfə qarşı nəinki tuşlanmır, əksinə, bütün üçüncülərin bu münasibətdən faydalanmasına şərait yaradır…

İki ölkə bir sıra enerji və nəqliyyat layihələrinə ev sahibliyi edir.

Ölkələrin siyasi əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2010-cu il sentyabrın 15-də İstanbulda Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə imzalanıb.

Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilis-Ərzurum təbii qaz kəmərləri Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının başqa tərəflərə faydasını təsdiqləyən layihələrdir.

Trans Anadolu Qaz Boru Kəməri layihəsi Azərbaycandan başlayaraq təbii qaz Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. “Mavi yanacağı” Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Bu layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildə kəmərlə 16 mlrd. kubmetr, 2023-cü ildə isə 23 mlrd. kubmetr qaz nəql olunub. 2026-cı ildən isə kəmərlə “mavi yanacağın” nəqlinin 32 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulub.

TAP layihəsi də Azərbaycan və Türkiyənin dünyanın enerji daşıyıcılarının təhlükəsiz təminatına verdiyi daha bir önəmli layihədir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2017-ci il oktyabrın 30-da “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin əhəmiyyətli qismini təşkil edən Bakı-Tbilis-Qars dəmiryol layihəsi də Cənubi Qafqazda sülh və əməkdaşlığa xidmət edən planlardandır.

İki ölkə arasında iqtisadi əlaqələr durmadan artmaqdadır. Məsələn, 2024-cü ilin əvvəlində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 475 milyon 522 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin uyğun dövrünə nisbətən 18,4 faiz çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri 170 milyon 484 min ABŞ dolları, Türkiyəyə ixrac olunan məhsulların dəyəri 305 milyon 38 min ABŞ dolları olub. Bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 faiz az və 39 faiz çoxdur.

Türkiyə ilə Azərbaycan arasında xarici ticarət həcmi əvvəlki ilə nisbətən 31 faiz artaraq 2023-cü ildə 7,65 milyard dollara çatıb.

Türkiyə İtaliyadan sonra Azərbaycanla ən çox ticarət aparan ikinci ölkə olub. Azərbaycan İtaliya ilə 15,68 milyard dollar, Türkiyə ilə isə 7,65 milyard dollarlıq ticarət həcminə çatıb. Hesabat dövründə Azərbaycanla ən çox ticarət aparan üçüncü ölkə isə 4,35 milyard dollarla Rusiya olub.

2022-ci ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 5,84 milyard dollara çatıb. Azərbaycanla Türkiyə ticarət əlaqələrini 15 milyard dollara çatdırmağı hədəfləyir.

Ölkələr arasında ticarət əlaqələrini inkişaf etdirib genişləndirmək və gücləndirmək məqsədi ilə iki ölkə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilib. Bununla bağlı sənəd parlamentdə qəbul olunub. Bunun Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb olacağı gözlənilir.

Bu il iyulun 3-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə ölkələr arasında siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə iqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib.

Azərbaycan və Türkiyənin əlaqələri Gürcüstan, İran, Türkmənistan ilə ayrılıqda üçtərəfli formatda əməkdaşlığı da regional təhlükəsizlik, sabitlik və rifaha öz töhfəsini verir.

Tərəflər arasında Türk Dövlətləri Təşkilatında (TDT) əməkdaşlıq və birgə səy Mərkəzi Asiya, Türk dövlətləri ilə əlaqələrin genişlənməsinə və inkişafına təkan verir.

Sentyabrın 9-11-də Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclası keçirilib. TDT tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib. Bu sahədə əldə edilən məlumatlardan və komissiyanın 2 illik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib.

Ortaq əlifbanı da Azərbaycan və Türkiyənin birgə səyinin nəticələrindən saymaq olar. Bu əlifba gələcəkdə ortaq Türk dilinin formalaşmasına böyük yol açacaq.

İki ölkənin əlaqələri Mərkəzi Asiya Türk ölkələrinin Avropaya yolunun açılmasına da lokomotivdir. Bu, həm də Asiya ilə Avropanın birləşməsinə Türk Dövlətləri Təşkilatının xidmətidir.

Azərbaycan torpaqları işğal altında olanda Türkiyə onun haqlı mövqeyini daim müdafiə edib. 2020-ci ilin sentyabrında başlamış 44 günlük müharibə zamanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti, adi insanları, KİV, iş adamları Azərbaycanın yanında olub. Bu müharibədə Türkiyə hərbi sənayesinin məhsulu olan “Bayraktar”ın fəaliyyəti düşmənin qovulmasında önəmli rol oynayıb. İki ölkənin birgə səyi nəticəsində dünyaya yeni müharibə dərsi verildi.

Torpaqlar işğaldan azad edildikdən sonra da Türkiyə quruculuq işlərində Azərbaycanı tək qoymayıb. Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində 20-dən çox Türkiyə şirkəti 50-yə yaxın layihə icra edir: “Həmin layihələrin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir”.

Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq da yüksək səviyyədədir. İki ölkənin hərbçiləri müxtəlif təlimlərdə döyüş tapşırıqlarını birgə icra edirlər. Bu istiqamətdə təcrübə mübadiləsi aparırlar.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.

Bu, tərəflər arasında hərbi sənaye kompleksləri istiqamətində əməkdaşlığın nümunələrindəndir.

Təbii fəlakət və fövqəladə hallar zamanı da iki qardaş dövlət bir-birinin yanında olub. Yayda Türkiyədə meşələrin yanmasına qarşı ilk yardım Azərbaycandan gedib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə göndərilib.

2023-cü ildə Türkiyədə 7,4 maqnitudalı zəlzələ baş verib. Qardaş ölkəyə yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub. Türkiyədə yerli mətbuat bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb.

Azərbaycan və Türkiyə bununla bütün hallarda bir-birinin yardımında, arxa kömək olduqlarını göstərir.

“Texnofest” çərçivəsində əməkdaşlıq Azərbaycan-Türkiyə münasibətlərində xüsusi yer tutur. Bu, iki ölkə arasında elm, təhsil, texnologiya sahələrinin inkişafına impuls verir.

İki ölkənin əlaqələrinin inkişafına xidmət edənlər sırasında Azərbaycan -Türkiyə İş Adamları Birliyi (ATİB) də var. Bu, yarandığı gündən iş dünyasının maraqlarını təmsil edən ictimai birlikdir. ATİB Azərbaycanda fəaliyyət göstərən Azərbaycanın və xarici ölkələrin iş adamlarını birləşdirən aparıcı qurumlardan biridir. ATİB iş adamlarını və idarəetmə orqanlarını, iş dünyasını ölkənin və xalqın maraqları ətrafında birləşdirmək məqsədi daşıyır. ATİB Azərbaycan iqtisadiyyatını canlandırmaq məqsədi ilə türkiyəli və azərbaycanlı iş adamlarını bir araya gətirərək Azərbaycanın iqtisadi potensialını gücləndirmək və sinerji yaratmaq məqsədi ilə yaradılıb.

Azərbaycanla Türkiyə əlaqələrinin Zirvə sənəd Şuşa Bəyannaməsidir.

Bu sənəddə iki ölkə arasında indiyədək imzalanmayan və həyata keçirilməyən çoxlu ideyalar təsbit olunub. Bəyannamədə “ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti” vurğulanıb.

Sənəddə “Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyi” xüsusi qeyd olub.

Bəyannamədə Azərbaycan və Türkiyənin müstəqillik, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı kimi məsələlər öz əksini tapıb.

Bir sözlə, bu sənəd Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti tarixində daim arzuedilən, ancaq müxtəlif tarixi hadisələrin baş verməsi səbəbindən reallaşması mümkün olmayan bir hədəf olub. Yəni, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin məntiqi nəticəsidir.

REPORT-ANALİZ

Şərhlər bağlıdır.