Yüz il keçsə də vəziyyət dəyişməyib

Bir-birinə qonşu olan Livan, Suriya və İraq Birinci Dünya
müharibəsindən sonra, Osmanlı Türkiyəsinin dağılması
nəticəsində yaranan dövlətlərdir. Üstündən 100 ildən çox
vaxt keçsə də, Birinci Dünya müharibəsində qələbə qazanan
Böyük Britaniya və Fransanın süni şəkildə yaratdıqları bu
dövlətlər hələ də ərazi bütövlüklərini təmin edə bilməyiblər.
Azerbaycan ruznamesi.org Axar.az-a istinadla xəbər verir
ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Livan, Suriya və İraq əşirətlərin, məzhəb
liderlərinin idarə etdikləri dövlətlərdir, mərkəzi
hakimiyyətlər nominal xarakter daşıyır:
“Hadisələrin bu istiqamətdə inkişafı ABŞ və İsrailin
maraqlarına uyğundur, bu ikili bölgəni istədikləri şəkilə
salmağa çalışırlar. İsrail ABŞ-ın dəstəyi sayəsində HƏMAS
və Hizbullahı başsız qoyub, komandirlərinin böyük
əksəriyyətini öldürüb, üstəgəl, Suriya və İraq ərazisindəki
hədəflər də vurulur. İslam Əməkdaşlıq Təşkilatı, Ərəb
Dövlətləri Liqası və buna bənzər təşkilatlar İsrail-ABŞ
cütlüyünü durdurmaq iqtidarında deyillər. Bu ikili növbəti
mərhələdə İran üzərində çalışmalara başlayacaq. İran
Prezidenti Məsud Pezeşkianın bugünlərdə səsləndirdiyi
“İranda hər hansı hadisənin baş verəcəyi təqdirdə
Kürdüstan, Azərbaycan, Sistan və Bəlucistan, Xuzistan
özlərinin hökumətlərini quracaqlar” açıqlaması təsadüfi
deyil. ABŞ və İsrail İranda rejim dəyişikliyinə nail ola
bilməsələr, Pezeşkianın səsləndirdiyi modeli həyata
keçirməyə çalışacaqlar. Azərbaycan buna hazır olmalıdır”.

Şərhlər bağlıdır.