Avropa Netanyahunu necə həbs edə bilər?

Açıqlama

Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsi cümə axşamı İsrailin Qəzzada
HƏMAS-a qarşı müharibəsində hərbi və insanlığa qarşı cinayətlər törətmək ittihamı
ilə İsrail Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın
həbsinə order verib. Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell Beynəlxalq
Cinayət Məhkəməsinin qərarının icrasını məcburi hesab edir. Bəs Netanyahunun
həbs mümkündürmü? Bu, necə baş verə bilər?
Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran politoloq Vüqar Zifəroğlu bildirib ki,
bu, Avropa Cinayət Məhkəməsinə üzv olan ölkələrin həmin qərarla nə qədər
razılaşdığından asılıdır:
“Xüsusilə vurğulamaq istəyirəm ki, həm Tramp, həm Bayden administrasiyasında təmsil
olunanlar birmənalı şəkildə bu qərara etirazlarını bildirdilər. Hətta arallarında kifayət qədər
sərt açıqlamalar verənlər də var idi. Bu onu deməyə əsas verir ki, ABŞ Beynəlxalq Cinayət
Məhkəməsinin qərarlarıyla razılaşmır. Hətta Tramp administrasiyasının təhlükəsizlik
məsələləri üzrə müşaviri Mayk Uolts bildirib ki, yanvarın 20-dən sonra cavabın nə olacağını
hamınız görəcəksiniz”.


Politiloq bildirib ki, digər maraqlı məqam isə Avropa Birliyinə daxil olan ölkələrin
reaksiyalarıdır:
“Xatırladım ki, dünən Beynəlxalq Cinayətlər Məhkəməsinin qərarından sonra ard-arda
Avropanın bir çox aparıcı ölkələrinin rəsmilərinin məsələyə münasibət bildirən açıqlamaları
oldu. Onlar bildirdilər ki, biz bu qərarı nəzərə alırıq, Netanyahu və Qallant bizim ölkəyə
səfər etsə, onları həbs edəcəyik”.
V.Zifəroğlu qeyd edib ki, Avropa Birliyinə daxil olan bəzi ölkələr isə bu qərara etiraz etdilər:
“Məsələn, Macarıstanın baş naziri Viktor Orbanın açıqlamasını xüsusilə vurğulamaq
istəyərəm. Hətta Orban Cinayət Məhkəməsinin bu qərarına etiraz olaraq Netanyahunu
Macarıstana qonaq dəvət etdi və həbs etməyəcəyinə dair söz verdi”.
Onun sözlərinə görə, bütün bunlar çox ciddi qütbləşmənin olduğunu göstərir:
“Hazırda Yaxın Şərqdə baş verən proseslər ABŞ ilə Avropanın bir çox məsələlərdə ciddi
fikir ayrılıqlarında olmasını çılpaq şəkildə göstərir. Bu da ondan irəli gəlir ki, ABŞ son 3 ildə
Yaxın Şərq strategiyasını dəyişdi və Avropa ölkələrinin Yaxın Şərqdən sıxışdırılıb
çıxarılmasına start verildi. Əslində, biz burada bir qütbləşmənin şahidi oluruq. Bu isə
növbəti mərhələlərdə daha ciddi və maraqlı proseslərin şahidi olacağımızı göstərir”.

Şərhlər bağlıdır.