Əziz salyanlılar! Sizləri xoş gördük. Yəqin indiki gənclərin çoxu
qəzet nədir, ətri nədir, dadı nədir suallarına əyani cavab verməyə
çətinlik çəkər. Axı çoxu köşkdən qəzet aldığı vaxtı yəqin ki, unudar.
Salyan şəhərinin 4-5 yerində belə köşk olardı. Yaşarın köşkü daha
dəbdə idi.
Nə isə, zaman dəyişir, amma xatirələri yaşadan insanlar nə yaxşı ki,
var. Mən peşəkar jurnalistəm, redaktorlarım olan Vaqif Əliyev və
Mahmud Ağalarov Əməkdar Jurnalist adını daşıyıblar. Mən isə
sovet dövründən sonra bu ada layiq görülən hələlik ilk salyanlı
jurnalistəm. Gün o gün olsun keçmiş yetirməm, “Qələbə” qəzetinin
redaktoru Rüstəm müəllim də cərgəmizə qoşulsun.
Bu sözləri deyərkən yadıma Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsində oxuduğum illər yada düşür. Onda bir mahnı
dilimizdə əzbər idi: “Ey həyat, sən nə qəribəsən”. Həyat doğrudan
da qəribədir. Harada doğulursan, qismətin nələr, haralar olur. Məni
Salyanda əksəriyyət salyanlı kimi tanıyır. Amma əslimiz Xətai yurdu
Ərdəbilin qoç igidlər kəndi Nünəkərandır. Cənubi Azərbaycanda elə
bir siyasi inqilab, siyasi təşkilat olmayıb ki, beşiyi Nünəkəran
olmasın. Atam Məhəmməd Huşiməndi bu inqilabların ön
sıralarında tanınıb. Azərbaycan Demokrat Firqəsinin fəallarından,
1945-ci ildə isə fədai başçılarından biri olub. O, anamı, böyük
bacımı və at üstündə doğulan qardaşım Kərimi Gəncəyə mühacirətə
gətirib. Mən və iki qardaşım, bir bacım da həmin şəhərdə dünyaya
gəlmişik… Universiteti bitirəndən sonra soruşdular ki, təyinatını hara
istəyirsən, cavab verdim ki, Gəncədən başqa hara istəyirsiz ora.
Neftçalanın keçmiş “Oktyabr bayrağı”, indiki “Gündoğar” qəzetinə
verdilər. Redaktorum Vaqif Əliyev sadəcə dahi idi və deyirdi ki, mən
Mahmud Ağalarovun yetirməsiyəm. Bilirsiz adi bir səhv üstündə bizi
nə vəziyyətə salırdı.
Düz dörd il sonra məni Salyan rayon partiya komitəsinin sədri Nadir
Abbasovun yanına çağırdılar. Dedi ki, səni ADF-nin Salyan məhəlli
təşkilatına sədr gətirirlər. Çörək ağacın isə rayon qəzetinin şöbə
müdirliyindən çıxacaq.
Həmin gün Mahmud müəllimlə görüşdük və bildirdi ki, biz də
partiyanın tapşırığını yetirməyə borcluyuq. Amma bilirsən ki,
mənimlə işləmək çox çətindir.
Gülümsündüm, dedim ki, mənə də elə siz lazımsız.
Sonradan da belə halların şahidi oldum. Axşam yeyib-içirdik, səhər
nöqtə-vergül səhvini burnumuzdan gətirirdi.
Mahmud müəllim Cənub mövzusunda mənim əsl məsləhətçim idi.
Bakıdan Qlavlitin rəhbəri İldırımzadə ilə çox maraqlı söhbətlərimiz
olmuşdu. 1979-cu ilə məni Təbrizə işləməyə göndərmək istəyəndə
bu sirri bilən 2-3 nəfərdən biri idi. Bir neçə ölkə fırlanıb məcburən
Azərbaycana qayıdanda məni gördü və sevindi. Dedi ki, o rejim hələ
çox qan tökəcək. Yaxşı ki, sağ-salamat qayıdıbsan.
Sonra əlavə etdi ki, Jurnalistlər İttifaqından zəng vurub bildiriblər ki,
“Qızıl qələm” mükafatına layiq görülübsən, sabah Bakıya get, sənə
təqdim etsinlər. Həmin ildə Mahmud və Vaqif müəllim də çox
sanballı dövlət mükafatları aldılar. Salyanda redaktorlarımızın
şərəfinə qonaqlıq verdim.
Bir-iki məqamı da qeyd etmək istəyirəm. Mahmud müəllim ən
qeyrətli, təəssübkeş, tənqid yazanın sonadək arxasında dayanan
şəxs idi. Mən rayon qəzeti redaktorlarının çoxu ilə söhbət etmişdim.
Maraqlanırdılar ki, bu kişi şir ürəyi yeyib, yoxsa nədir? O dövrdə
redaktorların çoxundan belə keyfiyyətləri gözləmək çətin idi. Yaxşı
yadımdadır, Salyanın ən qabaqcıl təsərrüfatlarının qırmızı
guşələrində reyd eləmişdik ki, vəziyyət necədir. Tənqidi yazı çıxdı.
Yazını büroya çıxartdılar. Məlum oldu ki, qabaqcıl sağıcıların adıyla
məktub təşkil olunub. Sonradan məlum oldu ki, elə yazan
dostumuzdur. Bu məktub oxunanda sakit dayana bilmədim. Dedim
ki, bu bizim mükafatdır. Birinci katib soruşdu ki, nəyi nəzərdə
tutursan? Cavab verdim ki, vaxtilə Molla Nəsrəddin hədəfləri faş
edəndə onu hədələyirdilər. Redaktor isə cavab verirdi ki, bu mənim
mükafatlarımdır. Deməli söz hədəfə dəyib.
Sən demə, katib redaksiyanın mükafat istədiyini başa düşübmüş.
Üstündən 2-3 ay keçəndən sonra redaksiya işçilərinin hamısı
təntənəli yığıncaqda mükafatlandırıldı.
Xatirələr çoxdur. Amma burada 3 nöqtə qoyuram…
İndi Azərbaycan Demokrat Firqəsinin S.C.Pişəvəridən sonra 7-ci
sədriyəm. Həyat mübarizədir, bu mübarizə mənim ölçümlə, biçimlə
yazıldığı üçün taleyimdən razıyam.
Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin Sədri, Əməkdar Jurnalist
Şərhlər bağlıdır.