1945-ci il may ayının 2-də səhər tezdən leytenant Ələkbər Məcidovun rəhbərliyi ilə döyüşçülər Məmmədov, Əhmədzadə, Berejnoy və Andreyev Berlin şəhərinin Brandenburq qapısı üzərində qələbə bayrağını qaldırdılar. Bu, açıq faşizmin və qapalı liberalizmin sonu olmalı idi.
75 il keçəndən sonra həmin Almaniyanın bir funksioneri Azərbaycana “düzgün yaşamaq” haqqında tövsiyələr edir və hətta Azərbaycana qarşı Avropa parlamentində “düzgün yaşayanlar” arasından özünə tərəfdarlar da tapır.
Almaniyanın siyasi dövlət quruluşu II dünya müharibəsindən sonra dəyişmədi. 1930-cu illərdə Nasional-sosialist partiyası ilə ittifaq qurmaqla Hitleri hakimiyyətə gətirən Sosialist demokratlar dünyanı böyük fəlakətin astanasına gətirdi. Bu gün də Almaniyada sosial demokratlar hakimiyyətdədirlər. Bu, elə bir dövlət modelidir ki, dövlət başçısı maliyyə nazirinə tapşırıq verir, maliyyə naziri nümayişkaranə şəkildə onu yerinə yetirmir. Məgər belə dövlət idarə olunar? Almaniya politoloqları buna demokratiya deyir. Ölkəni böhrana gətirən, maliyyə ayrılmaları üzərində pay davası edənlər, dövləti içindən parçalamaq üçün koalisiyaya daxil olan riyakar siyasət Avropa demokratiyasının qələbəsi olaraq göstərilir. Bu qüsurlu düşüncə “Almaniya üçün Alternativ partiyası”nın yaxın illərdə hakimiyyətə gəlməsi ilə nəticələnəcək.
Bir neçə il əvvəl Almaniyanın həmin partiyadan olan dövlət rəhbəri seçilmiş şəxs müddətini yarımçıq qoyaraq dövlətdən istefa verir və bir Rusiya şirkətinə işə qəbul olunur. İddia olunur ki, “orada daha artıq maaş verirlər”.
Məgər daha artıq məvacib almaq üçün mənsub olduğun siyasi partiyanın ideyalarına, seçkiqabağı xalqa verdiyin sözlərə, məqsəd və məramına xəyanət etmək lazımdır?
1970-ci illərdə Almaniyada “yaşıllar hərəkatı” başlayanda fərqli siyasi qruplar hərəkata şübhə ilə yanaşdılar. Bir tərəfdə Avropada həqiqətən də ekoloji problemlər qabarıq şəkildə görsənirdi və koorparasiyalar dövləti məhv edirdi. Digər tərəfdən isə bu problemlər siyasi partiya olaraq qavranılmırdı. Məgər ev heyvanlarını qorumaq,vegeterian, veqan olmaq, təbiəti sevmək üçün siyasi partiya qurmaq lazımdır? Bəlkə təhsil və maarif prosesinə bu istiqamətdə diqqət yetirmək, təbiətin qorunması üsullarını təbliğ etmək kifayət edərdi? Hər halda yaşıllar hərəkatı genişləndi, onun ilk liderləri az müddətdən sonra Almaniyanın elitasına çevrildi və tədricən təbiəti qorumaq ideyaları transformasiya olundu. İndi bu partiyanın üzvləri təbiəti, ekologiyanı bir kənara qoyub insan hüquqlarından danışır və “düzgün həyat” tərzinin təbliğatçılarına çevriliblər. Almaniyada siyasi xəyanətlər, oliqarxların sərvəti, böyük koorparasiyaların sahibləri haqqında yazmaq, müzakirə aparmaq tövsiyə olunmayan mövzulardır.
Berlinin mərkəzində bir siyasi sığınacaq almış şəxsə yaxınlaşıb onu odlu silahla qətlə yetirirlər. Siyasi mühacir ölür, yani, artıq heç bir hüququ yoxdur. Qatil isə həbs olunur və bütün hüquqları qorunmaq şərti ilə həbsxanaya göndərilir. Bir müddətdən sonra bu qatil başqa bir “cinayətkar”la əvəz edilir və azadlıga buraxılır.
Başqa bir ənənə şəklini almış hüquq hadisələri: Bir bayram da “sağçılar” yük maşınını bayram bazarlığına çıxmış insanların üzərinə sürür, digər bayramda isə “solçular” maşını insanların üzərinə sürür. Çox sayda insan ölür və yaralanır. Demokratiyanın bu qədər eybəcər ifadəsini anlamaq olmur.
Bəlkə, bu almanlar öz düşüncələrində 1945-ci ilin qisasını almaq istəyir? Bu gün bir alman deputat bizə necə yaşamağı, bir fransız ictimai xadim ölkəmizi necə müdafiə etməyimizi öyrədir.
İkinci dünya muharibəsi başlayanda 3 milyon iki yüz min nəfər əhalisi olan Azərbaycandan 640 mindən artıq insan müharibəyə səfərbər olundu və bunlardan 350 min insan müharibədə vəfat edərək geri qayıtmadı. 50 mindən artıq azərbaycanlı faşist zindanlarında həbsdə oldular və onların böyük əksəriyyəti həlak oldu, itkin düşdü.
Bir müddətdir ki, beynəlxalq ictimaiyyətə II dünya müharibəsinin qalibləri kimi göstərilən Fransanın işğalı zamanı 41 milyonluq ölkənin 6 milyonluq silahlı qüvvələri olduğu halda, rəsmi məlumata görə 250 min insan tələf olundu ki, onların da əksəriyyəti müstəmləkələrdən səfərbər olunmuş əsgərlər idi. Fransızlar nəinki müqavimət göstərmədilər, hətta 1940-cı il mayın 25-də Fransa silahlı qüvvələrinin baş komandanı general Veyqand hökumətin iclasında “almanlardan təslim olmağımızı qəbul etməklərini xahiş etmək lazımdır” demişdi.
Fransızlar qaçıb gizləndilər, itki vermədilər, müstəmləkə ərazilərində yerləşdilər, o zaman ki, yüzlərlə azərbaycanlı partizanlar –Nuru Abdullayev, Həsən Əliyev, Vəli Vəliyev, Mikayıl Hüseynov, Paşa Cavadxanlı, Əhmədiyyə Cəbrayılov, Feyzulla Qurbanov Məmməd Hüseyinzadə, Qurban Məmmədov, Mirzəxan Məmmədov, Mirzəli Məmmədli, Nuruş Mehdiyev Fransanın azadlığı üçün mübarizə apardılar, qəhrəman oldular və qalib gəldilər.
İndi həmin fransızlar bizə ölkəni necə qorumalı və düşmənlə necə davranmaq qaydalarını öyrətmək istəyir. Fransada hələ də müstəmləkə ərazilərindən gəlmiş fransız vətandaşları ikinci dərəcəli vətəndaşlardır. Fransızlar hələ də yəhudiləri çox da sevməzlər. “Yəhudi düşmənçiliyinin” günahını almanların üzərinə yıxsalar da yaxın tarixdən məlumdur ki, yəhudiləri almanlarla yanaşı fransızlar da, italyanlar da, polyaklar və Qərbi Rusiya ərazilərində də sevmirdilər, vaxtaşırı onlara qarşı repressiyalar həyata keçirilirdi. II dünya muharibəsi bütün riyakarlıqları üzə çıxardı.
O illərdə Azərbaycan 75 milyon ton neft istehsal edərək müharibəyə göndərdi və Hitler almaniyasının qarşısını almağa sərf etdi. Nəticədə, faşizmin qarşısı alındı, Fransa müstəmləkə olmadı. İndi biz bunun hesabını onlardan tələb edə bilərik?
Bu günlərdə İtaliyanın baş naziri, xanım Ciorcia Meloni Fransanın işğalçı və istismarçı mahiyyəti haqqında qıssa, lakin kəskin və təsirli çıxış etdi. Fransanın yeni müstəmləkəçilik mahiyyətini biz də ifşa etməkdə davam etməliyik. Fransanın bugünkü durumunda, onun müstəqilliyində Azərbaycan əsgərinin və azərbaycanlı partizanların haqqı var.
P.S: Fransa səfirliyində viza qeydiyyatından keçən azərbaycanlılar bu ölkənin azadlığı uğrunda canından keçmiş şəxslərin övladlarıdır.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki,
tarix üzrə fəlsəfə doktoru, dosent
Şərhlər bağlıdır.