Firidun Ağazadə – 75 Otuz ildən sonra

Bu da təzə kitab. Təzə kitabıma şeir kimi, amma şeirdən də lətif və munis bir
“Ön söz” yazmış Şəhriyar Del Gerani. O gözəl şair! Amma haqqı yazmış!
Allah necə haqdı!? – özü demiş.
Şəhriyarın ürək sözləriylə siz də tanış olun.
“Uşaq vaxtı mənə elə gəlirdi, tərcüməçilər müəlliflərin qohumlarıdır. Elə bilirdim
tərcüməçilər müəllifləri yaxından tanıyır, hər gün bir yerdə yeyib-içir, gəzib
əylənirlər, dostdurlar. Atamın kitabxanasında qurdalanmaq şakərim vardı. Orta
məktəbin 8, bəlkə də 9-cu sinifində oxuyardım. Atamın kitabxanasında
qurdalananda əlimə bir kitab keçdi. Qara üz qapağına kiril əlifbasında ağ
şriftlərlə “Ay və qara şahı” yazılmışdı. Bilmirəm hansı səbəbdənsə, diqqətimi
çəkdi, vərəqlədim, bir-iki abzasa göz atdım, bir də gördüm romanı yarılamışam.
Sözüm ona, mənim ciddi ədəbiyyatla şüurlu şəkildə tanışlığım Moemdən
başlayıb. Məni Moemlə, ciddi dünya ədəbiyyatı ilə tanış edən isə Firidun
Ağazadədir. Təkcə bu tanışlığa görə içimdə ona qarşı əbədi ehtiram hissi,
təşəkkür duyğusu var. “Ay və qara şahı”dan söz düşmüş ikən, əsərdən bir
şairanə sitat götürübən elə onun üzərindən yol alaq Firidun bəylə şəxsən
tanışlığımın tarixçəsinə.
Sitat: “Mən keçmiş haqqında düşünmürəm. Mənim üçün yalnız əbədi olan bu
gün var…”
Mənim üçün də əbədi olan günlərin birində yenicə tanış olduğum gənc qələm
dostum Vüqar Van söhbət əsnasında belə bir cümlə işlətdi: Dayım da ədəbiyyat
adamıdır, tanımamış olmazsan. Soruşdum, kimdir? Dedi, Firidun Ağazadə. Xoş
bir təəccüblə – “Nə danışırsan? Moemin tərcüməçisi Firidun Ağazadə? –
soruşdum. Dedi, hə, bəli, “Ay və qara qəpik” əsərini dayım tərcümə edib.
Romanın adındakı “şahı” sözünün “qəpik”lə əvəz olunması bir tərəfdən Vüqarla
mənim aramdakı yaş fərqini göstərirdisə, digər tərəfdən mənim onun dayısını
onun özündən daha əvvəl tanımağımın nişanəsiydi. Düzü, qəribə duyğu bürüdü
canımı. Bu dəfə Vüqara olan münasibətimi daha aydın, daha etibarlı müstəviyə
daşıdı Firidun Ağazadə imzası. Elə bu müstəviyə görə də içimdə ona qarşı
əbədi ehtiram hissi, təşəkkür duyğusu var. Beləliklə, yamyaşıl bir yaz günortası
Firidun müəllim bizi – Vüqarla məni – bağ evində samovar çayına dəvət etdi,
getdik.
Etiraf edim, Firidun Ağazadəni şair kimi, yazıçı kimi çox gec tanıdım. Bu
gecikmənin səbəbkarı isə taledir desək, yersiz pafos alınmaz zənnimcə. Firidun
müəllim məqalələrinin birində bu gileyi belə ifadə edib: “Öz yazılarım həmişə
çətinliklə çap olunurdu, odur ki, illər öncə sevgimi Tərcüməyə verdim!” Bu
gileydə bir az amiranəlik də var. Açığı, buna haqqı da çatır. Tərcüməyə olan
sevdasını isə düşünürəm bu peşəkar yanaşması dəqiq təsbit edir: “Dil
bilgisindən qabaq, tərcüməçi özü də yazar olmalıdır, özü mətn yaza bilməlidir,
çünki o, mətnlə, sözlə, məna ilə, ifadə ilə işləyir.
Təvazökarlıqdan kənar olsa da, deyim, tərcümədə mənim öz leksikam, öz stilim
var, yəni müxtəlif hiss və emosiyaları, müxtəlif məna və situasiyaları ifadə
etmək üçün öz sevimli sözlərim var”. Bəli, məhz bu açar bilgilər, bu açar
yanaşmalardır onun orijinaldan etdiyi əvəzsiz, bənzərsiz tərcümələri öz doğma
dilimizdə bizə sevdirən. Yeri gəlmişkən, yaxın günlərdə Moemin “İnsan
ehtiraslarının yükü” romanını oxudum Firidun Ağazadənin tərcüməsində.
Yəqinə çatdım ki, bəli, düz bilirmişəm, tərcüməçilər müəlliflərin qohumlarıdır.
Onlar müəllifləri yaxından tanıyır, hər gün bir yerdə yeyib-içir, gəzib-əylənirlər,
dostdurlar.
“Fevral havası” şeirlər kitabıyla, nəhayət, şair Firidunla tanış oldum 2 il öncə.
Özünün də qeyd etdiyi kimi, 30 illik şeir orucu tutan, 30 ildir şeir yazmayan, 30
ildir şeirdən küsən bir şair nigaranlığı sezdim bütün mətnlərində. Amma
qəribədir, o şeirləri bu 30 ilin harasına səpələsən, o illərdən xəbər verər, o illərə
bənzəyər, o illərə aparar səni. Cəsarət kişinin istedadıdır. Mən bir oxucu kimi
Firidun Ağazadənin bütün şeirlərində şair istedadı ilə yanaşı kişi istedadı da
gördüm. Sevməkdən qorxmayan, ilk sevgisini heç bir vədə və heç bir vəchlə
sonuncu yerə qoymayan kişi istedadı. Maraqlıdır, könül verdiyin mətnlər
insanın taleyinə çevrilə bilir. Biz bunu bilirik. Firidun Ağazadənin məxsusən
sevgi şeirlərini oxuduqca “Ay və qara şahı”da keçən bir söhbəti xatırladım:
“Sevməyən qadının onu sevən kişiyə qarşı qəddarlığı qorxulu olur”.
Firidun müəllim haqlı olaraq yazır ki, “Şeir iş deyil, peşə, sənət deyil,
vurulmaqdır, sevməkdir…” Doğrudur. Şairlik təkcə yazı masası arxasında
mətnlərlə baş-başa qalmaq deyil, şairlik həm də həyat tərzidir. Siz, bəli, bu
kitabla isbat edirsiniz ki, bütün həyatınız boyu bu məşum tərzə sadiq qalan
imzalardansınız, Firidun bəy. “30 ildən sonra” şeirlər kitabını bütöv bir mətn,
təbiri caiz isə, poema kimi oxudum. Kitabın sonundakı “Mən və dostlarım”, “Sən
və dostların” şeirləri də poetik yekunudur bu ömür poemasının. Yadıma
düşmüşkən bunu da deyim, tam aydın olsun. “İşsiz bacıoğluma” şeirinin son
misraları belədir:
“…Amma bax, gözüm nuru,
İndi həyətdə iyuldur,
Hələlik qoy bir yana qalsın şeirim.
Pəncərəni aç,
Bu yay günü
Sənə bir dondurma verim”.
“Şairlik həyat tərzidir” deyəndə bunu qəsd edirdim əslində. Şairlik bəlkə də otuz
il şeiri bir yana qoyub yay günündə uşağa pəncərədən dondurma verməkdir
həm də.
Allah necə haqdı?!

Şərhlər bağlıdır.