80 il əvvəlin müraciəti: Tarixin bənzər səhifələri

Xocalı faciəsinin (1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə
Xocalı şəhərini işğal edərkən azərbaycanlılara qarşı törədilmiş
soyqırımdır) növbəti anma mərasimləri ərəfəsində Səttarxan mücahidi,
Xiyabani övladı, Pişəvəri fədaisi və Azərbaycan demokratı mərhum
professor Qafar Herisçi Kəndlinin Azərbaycan zəhmətkeşlərinə, zabit və
əsgərlərinə etdiyi aşağıdakı tarixi müraciəti diqqətinizə təqdim etməyi
münasib gördüm.
Səməd Bayramzadə.
Q.H.Kəndli: Yoldaş azərbaycanlı əsgər və zabitlər, irticanın məhvi üçün
ayağa qalxın
(farscadan tərcümə edilmişdir)
Əsgərlər, kəndli və fəhlə qardaşlarımız, vətənpərvər zabitlərimiz. Ey aranlılar
diyarının qoruyucuları, ey Azərbaycanın azadlıq yolunun fədailəri, ey əziz
yoldaşlar, ey igid əsgərlər, qalxın və qara irticanın qarşısında birləşin və birlikdə
xainlərin vücuduna od vuraq və möhkəm addımlarla azadlığa doğru
addımlayaq.
Yaşasın azadlıq!
Qalxın, üsyan edin, zülmə, istibdada, özbaşnalığa qarşı qiyam etmək sizin
birinci milli vəzifənizdir. Ey Azərbaycan oğulları, ey milli qəhrəmanlar, hərəkətə
gəlin, bizim üç rəngli milli bayrağımızı çiyninizə alın və güclü biləklərinizlə irəli
gedin. İrticanın məğlubedilməz hesab etdiyi qalaların üzərinə həmlə edin.
Haradadır Azərbaycan övladının fəxri olan və əcdadlarından ona miras qalmış
qoçaqlıq, qeyrət və iradə? Birləşin və ayağa qalxın. Sübut edin ki,
Azərbaycanımız yaşayir və yadların zülm boyunduruğunu heç vaxt boynundan
asmayacaqdır.
Yaşasın Azərbaycan!
Qalxaq, muzdurların, irticanın və ərbabların milli və dövlət orqanlarına tərəf
uzanmış əllərini kəsək. Yoldaşlar, bilin ki, tale və müqəddəratınızı baş qərargah
rəisi Ərfənin, derəxşanilərin və vərhəramilərin əlinə tapşırmışlar. Tehran
radiosu qardaş qırğını əmrini verir və qondarma polis rəisi Farabi Allahın imamı
Hüseynə matəm mərasimi düzəldənlərə pulemyotlardan atəş açır.
Müstəmləkəçilərin üzünə tüpürək. Yazıqlar bilmirlər ki, qardaş qardaşla
mehriban olur, xüsusilə də azərbaycanlılar.
Yaşasın İranın istiqlalı!
Əziz əsgərlər, bacılarınızın, qardaşlarınızın, ata-analarınızın namusunu
qorumaq üçün müqəddəs əsgər paltarını geyinən siz deyilsinizmi? Agah olun,
namus oğruları bizim muxtar Azərbaycanımızı müstəmləkəçilərə satmaq
istəyirlər. Bəs sizin vəzifəniz nədir? Fəaliyyət göstərin, gülləni qardaş qırğını
əmrini verən komandirlərinizin başına çaxın. Biz uzaqdan-uzağa kazarma
məhbusları olan siz əsgərlərin əllərini sıxır və deyirik, əziz yoldaşlarımız necə
olursa-olsun, demokrat qardaşlarınıza qoşulun.
Bizim aramızda sizin yeriniz boşdur!
Qalxın, inqilab edin, inqilab. Siz və biz Xiyabaninin övladları, Səttarxan və
Bağırxanın mücahidləriyik. Biz muxtar olmalıyıq. Əziz və mehriban
yoldaşlarımız, dəyərli əsgərlərimiz, nəyi gözləyirsiniz? Mümkün qədər
köməyimizə tələsin, Azərbaycanı xilas edək. İrticanın əməllərindən qorxmayın.
İri addımlar atın. Azərbaycanın və İranın xilas edilməsində siz də şərik olun.
Deraxşanilər və vərhəramilər başqalarının casuslarıdırlar və öz alçaq planlarını
icra etmək üçün sizə maaş verirlər, güya, sizi fikirləşirlər. Onda niyə iki ay
bundan qabaq bu xeyirxah işi etmədilər. Bütün hallarda, sizin qardaşlarınız bizik
və biz sizin xilasınız üçün çalışırıq.
Yaşasın bizim milli ordumuz!
Yaşasın bizim qeyrətli zabitlərimiz!
Yaşasın Azərbaycan Demokrat Firqəsi!
Yaşasın Azərbaycanın müxtariyyatı!
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, No
78, 13 dekabr 1945-ci il

Şərhlər bağlıdır.