Əli Şamxani, Əli Xameneinin baş müşaviri:

"Zənginləşdirilmiş uran ehtiyatlarımızı məhv etməyə və Trampla müqavilə imzalamağa hazırıq"

Əli Şamxani, Əli Xameneinin baş müşaviri:
“Zənginləşdirilmiş uran ehtiyatlarımızı məhv etməyə və
Trampla müqavilə imzalamağa hazırıq”
Euronews – Əli Şamxani deyib ki, İran ABŞ-ın sanksiyalarının dərhal ləğvi
müqabilində heç vaxt nüvə silahı əldə etməməyə, zənginləşdirilmiş uran
ehtiyatlarını məhv etməyə, uranı yalnız dinc istifadə üçün lazım olan səviyyəyə
qədər zənginləşdirməyə və beynəlxalq müfəttişlərin nəzarətinə icazə verməyə
hazırdır.
İslam Respublikasının ali dini lideri Əli Xamneyinin baş müşaviri Əli Şamxani
çərşənbə günü (14.05.2025) “NBC News” telekanalına müsahibəsində deyib:
Əgər bu şərtlər yerinə yetirilərsə, İran İslam Respublikası dərhal nüvə sazişini
imzalamağa hazırdır.
“NBC News”-un məlumatına görə, cənab Şamxaninin açıqlamaları İran İslam
Respublikasının nüvə sazişindən gözləntiləri ilə bağlı Əli Xamneyinin yaxın
çevrəsinin tutduğu ən aydın mövqe sayıla bilər.
Əli Şamxani daha sonra deyib: “Hələlik imkan var. Əgər amerikalılar dedikləri
kimi etsələr, biz mütləq daha yaxşı münasibətlərə malik ola bilərik və bu, yaxın
gələcəkdə daha yaxşı şəraitə gətirib çıxara bilər”.
Cənab Şamxaninin “NBC News” telekanalına müsahibəsindən bir neçə saat
əvvəl ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər
Riyadda keçirilən “Səudiyyə-Amerika İnvestisiya Forumu”nda çıxışı zamanı
İranla nüvə sazişi imzalanmadığı təqdirdə İran İslam Respublikasını ciddi
iqtisadi sanksiyalarla hədələyərək, İrana “zeytun budağı” təklif etdiyini iddia
edib.
Cənab Tramp sözügedən forumdakı çıxışında deyib: “Əgər İran rəhbərliyi bu
zeytun budağından imtina edərsə və qonşularına hücum etməyə davam
edərsə, bizim geniş maksimum təzyiq tətbiq etməkdən, İranın neft ixracını sıfıra
endirməkdən və rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım
olan bütün addımları atmaqdan başqa çarəmiz qalmayacaq.”
Cənab Şamxani ABŞ prezidentinin səs tonu və davamlı təhdidlərindən
narazılığını bildirib: “O, zeytun budağından danışır. Biz belə bir şey görməmişik,
hamısı tikanlı məftildir”.
Cənab Tramp bir neçə dəfə vurğulayıb ki, İran nüvə silahı əldə etməməlidir.
Tehran da bunu etmək niyyətində olmadığını dəfələrlə bildirib. Bununla belə,
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, İran İslam
Respublikası hazırda altı atom bombası istehsal etmək üçün lazım olan
zənginləşdirilmiş urana malikdir.
Əli Şamxani bu müsahibəsində İsrailin baş naziri, “Bibi” kimi tanınan Benyamin
Netanyahunun rolu və təsiri barədə də xəbərdarlıq edib və deyib: “O,
Vaşinqtonda lobbiçilik edərək danışıqları pozmağa cəhd edə bilər.”
Cənab Şamxani deyib: “Əgər amerikalılar “Bibi”nin (Netanyahunun) təsirini
aradan qaldırsalar, asanlıqla razılığa gələ bilərlər”.
Bu, Donald Trampın Benyamin Netanyahudan uzaqlaşa biləcəyinə dair son
əlamətlər olduğu bir vaxtda baş verir. “NBC News” daha əvvəl iki amerikalı
rəsmi şəxsə, iki Yaxın Şərq diplomatı və digər iki məlumatlı mənbəyə istinadən
xəbər vermişdi ki, iki lider arasında (D.Tramp və B. Netanyahu nəzərdə tutulur)
münasibətlər son həftələrdə kəskin şəkildə pisləşib, xüsusən də onların İran
İslam Respublikasının nüvə böhranı və Qəzza münaqişəsi ilə bağlı yanaşmaları
ilə bağlı geniş miqyaslı fikir ayrılıqları nəzərə alınmaqla.
Bu hesabata görə, Donald Trampın İran İslam Respublikası ilə qarşıdurmaya
yanaşması onun Benyamin Netanyahu ilə əsas fikir ayrılığıdır.
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.