Əli Nişan
Ana yurdun bu azadlıq çırağı sönməyəcək
Dəyərli dostlarım və həmvətənlərim!
Hamınzı 28 May Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin
əsasının qoyulduğu gün münasibətilə təbrik edirəm!
Bu münasibətlə də 1946-cı ilin 28 may günü Urmiyalı şair Əli Nişaninin
Azərbaycan Demokrat Firqəsinin orqanı “Azərbaycan” qəzetində çap olunmuş
“Ana yurdun bu azadlıq çırağı sönməyəcək” adlı şeirini diqqətinizə təqdim
edirəm.
O qaranlıq gecədən qalmadı bir zərrə nişan
Günəşin şövqü ilə güldü çırağbanlı səhər
Azər (1) övladı verib qüdrətin aləmdə nişan
Alıb öz haqqını göstərdi böyük səy və hünər
***
Uzun illər xainlərin o rüşvət əli
Etdi viran bu gözəl yurdumuzun hər bucağın
Qəhrəman millətin axırda böyük qüdrət əli
Yandırıb ədl ilə yurdumuzda azadlıq çırağın
***
Asimanda nə qədər ömr edəcək şəmsü-qəmər (2)
Ana yurdun bu azadlıq çırağı sönməyəcək
Xoş həyat – ömr edəcəkdir yeni dünyada bəşər
Hər ağız, hər dil azadlıq və səadət deyəcəkdir
***
İlk bahardan ana yurdum alaraq ilhamını
Çevrilib cənnətə rövzeyi-rizvan (3) olacaqdır
Varlıq sövq edəcəkdir yeni aləm hamını
Nə əsarət, nə qaranlıq, nə də zindan olacaq
***
Qorumaqçün yağılardan öz ana torpağın
Hazır olmuş canı qurban verə Azər balası
Salmayınca yerə zülmün o qara bayrağını
Silahı qoymayacaqdır yerə Azər balası
***
Asimanda nə qədər ömr edəcək şəmsü-qəmər
Ana yurdun bu azadlıq çırağı sönməyəcək
Xoş həyat – ömr edəcəkdir yeni dünyada bəşər
Hər ağız, hər dil azadlıq və səadət deyəcəkdir.
1 – “Azər” sözü burada Azərbaycan, azərbaycanlı mənasında işlənmişdir;
2 – günəş və ay;
3 – cənnət bağı.
Təqdim etdi: Səməd Bayramzadə
Şərhlər bağlıdır.