İsrail-İran münaqişəsində hərbi fazanın yüksələn xətti onu göstərir ki,
proses daha da irəliləsə, İrandakı mövcud rejim məğlub olacaq və
hakimiyyət dəyişikliyi qaçılmazdır.
Bu isə İran daxilində müxtəlif qüvvələrin fəallaşmasına və yenilən mövcud
rejimin əvəzlənməsində önə çıxmağa çalışmasına imkan yaradır. Daxildə və
mühacirətdə olan müxalif qüvvələr İranın daxilində öz tərəfdarlarını
fəallaşdırmaq və gözlənilən şəraitdən maksimum istifadəyə çalışırlar.
Bu qüvvələrdən biri də 1979-cu ildə devrilən şah Məhəmmədrza
Pəhləvinin sürgündə olan oğlu Rza Pəhləvidir. Hadisələrin indiki halında
situasiyanı öz xeyrinə dəyişmək üçün Rza Pəhləvi videomüraciətlə İran
xalqına üz tutub və bildirib ki, artıq orada olan rejim dağılmaq üzrədir.
Azerbaycan-ruznamesi.org cebhe.info-ya istinadən xəbər verir ki, Rza
Pəhləvi xalqı etirazlara çağıraraq, İranı geri almağın zamanı olduğunu xüsusi
vurğulayıb. Pəhləvinin bu çıxışı İran rejiminə müxalif qruplar tərəfindən ciddi
müzakirələrə yol açıb. Onlar ABŞ və İsrailin planında yenidən şah rejiminin geri
qaytarıb-qaytarılmayacağı ilə bağlı hansı düşüncələrin olduğunu proqnozlaşdırmaqda çətinlik çəkirlər.
Bununla belə, Pəhləvilərin bu fürsətdən istifadə etməsinə imkan verilməyəcəyi
qənaətindədirlər. Hesab edirlər ki, Pəhləvinin özünün, eləcə də keçmiş şah
rejiminin İranda sosial dayağı yoxdur. İranda indiki rejim qədər şah rejiminə də
kəskin etiraz var.
Müasir İran cəmiyyəti dünyaya açılmaq, teokratik və avtoritar rejim deyil,
demokratik rejim arzusundadır.
Ona görə də mövcud rejimin dəyişməsi və yeni müasir demokratik respublika
qurulmasını istəyən müxalif kəsim növbəti bir avtoriatarizmin yolverilməz
olduğunu düşünür. Rza Pəhləvi uzun illər özünü İran rejiminin siyasi alternativi
kimi təqdim etməyə çalışsa da, əslində onun İslam İnqilabı Keşikçiləri Korpusu,
Xameneyi hakimiyyəti ilə gizli əlaqələri barədə məlumatlar olub.
İranda zaman-zaman xalq etirazları zamanı xüsusilə də Fransanın siyasi
dəstəyi ilə Rza Pəhləvinin meydanda görünməsi aksiyaların dayanması və
xalqın meydandan çəkilməsi ilə nəticələnib. Yəni İran vətəndaşları mövcud
hakimiyyətlə şah rejimi arasında fərq görməyiblər. İndi isə geosiyasi şəraitin
dəyişməsi İran rejiminin çöküşünü xeyli yaxınlaşdırıb.
Görünür, Pəhləvinin nəvəsinin iyunun əvvəlində İsrail vətəndaşı olan yəhudi ilə
evlənməsi onun yaranmış vəziyyətdən öz nəfinə istifadə etmək məqsədi
daşıyır. Ancaq onun alternativ güc mərkəzi kimi İran daxilində siyasi dayağı
yoxdur. İranda mərkəzi hakimiyyət devriləcəyi təqdirdə xalq inqilabı və ya siyasi
xaos baş verə bilər.
Bu zaman hadisələrin daha çox iki istiqamətdə inkişaf edəcəyi
proqnozlaşdırılır.
Birinci variant İranda yaşayan xalqların öz müstəqilliyini elan etməsi fonunda
ölkənin parçalanmasından ibarətdir. İkinci ehtimal hakimiyyətin öz daxilindən
çıxan müəyyən siyasi qrupun hakimiyyəti ələ alaraq dünyəvi dövlət modeli
qurmasıdır.
Üçüncü və nisbətən az ehtimal olunan ehtimal isə zəifləmiş İran rejiminin
qalması fonunda hadisələrin 2011-2024-cü illərdə Bəşər Əsədin dövründə
olduğu kimi Suriya modeli üzrə inkişaf etməsidir. Hər üç halda İran
hakimiyyətində Rza Pəhləviyə yer görünmür.
“Cebheinfo.az”-a mühacirətdə olan müxalif şəxslərdən daxil olan məlumatlara
görə, İran dağıldığı halda bu kimi yeni adla növbəti köhnə rejimlərin bərpasına
imkan verilməsi mümkün deyil.
Xalqlar demokratik cəmiyyət arzulayırlar.
İllərlə mövcud olan avtoritar və teokratik rejimlər orada yaşayan xalqlara
xoşbəxtlik gətirməyib. Pəhləvilər sülaləsinin hakimiyyəti dövründə İranda
yaşayan xalqlara və xüsusən qeyri-fars millətlərə qarşı qəddar münasibət və
repressiyalar unudulmayıb.
Bu səbəbdən də hazırda İrandakı teokratik rejimin devrilməsini arzulayan
xalqların heç biri Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtmaq və
konstitusiyalı monarxiya adı altında şahlıq üsul-idarəsini bərpa etməsini istəmir.
Ona görə də milli müqavimət qüvvələri öz fəaliyyətlərində, tərəfdarlarına
müraciətlərində bunu da nəzər alırlar.
Şərhlər bağlıdır.