Amerika və İsrail Yeni bölgəsəl nizam yarada bilər
Təxminən 50 il öncə İsrailin baş naziri Menaxem Begin İsrail üçün bir siyasət
müəyyən etdi (“Begin Doctrine” – Başla Doktrinası), İsrail onu məhv etməyə
çalışan heç bir dövlətə nüvə silahı əldə etməyə imknan verməyəcək. İsrail bu il
iyunun 13-ündə bu vədinə sadiq qaldığını göstərdi. Təxminən iki həftə ərzində
İsrail “Yüksələn Aslan” əməliyyatı adlandırdığı kampaniyada İranın nüvə
obyektlərinə hücum etdi və ölkə daxilində onlarla obyektə ciddi ziyan
vurdu. İsrail əvvəllər də – 1981-ci ildə İraqda və 2007-ci ildə Suriyada – nüvə
reaktorlarını bombalamışdı, lakin İranın proqramı İraq və Suriyanınkından daha
mürəkkəbdir. İran nüvə obyektləri ölkənin müxtəlif yerlərinə səpələnmiş,
möhkəmləndirilmiş, texnoloji cəhətdən inkişaf etmişdir. Bu obyektlər raket
arsenalları və proksi qüvvələr də daxil olmaqla müxtəlif üsullarla
müdafiə olunur. Ona görə də İsrailin hərbi əməliyyatının uğurunu kiçik görmək
olmaz.
Özünün nüvə proqramına baxmayaraq, İran öz rəqibindən bir addım geridə
idi. Ötən il ərzində Qəzzada Həmas, Lübnanda Hizbullah və Suriyada Bəşər
Əsəd rejimi də daxil olmaqla, onun bir çox etibarlı tərəfdaşları məhv edilmiş və
ya tamamilə məğlub edilmişdi. İsrail ilə münaqişə zamanı isə İranın hava
müdafiə sistemlərinin yetərsiz olduğu üzə çıxdı. Elə buna görə də İsrail Amerika
ilə birlikdə qabaqcıl, çoxşaxəli şəkildə qorunan nüvə proqramına
qarşı hücum həyata keçirə bildi. Bu əməliyyatların baş tutması ilə Amerika
İsrailə ilk dəfə olaraq “Begin Doctrine” siyasətini işə salmağa kömək etdi.
Daha önəmlisi odur ki, bu, Yaxın Şərqdə diplomatiya üçün zəmin yaratdı.
Hazırda Tehranın əsrlər boyu olduğundan daha zəif haldadır. İsrail və
Vaşinqtonun indi İslam Respublikası ilə sərfəli nüvə sazişi əldə etmək şansı var – bu, onun nüvə proqramına həmişəlik son qoymağın ən yaxşı yoludur –
bununla da Yaxın Şərqi yenidən formalaşdıracaq siyasi nizamlama əldə etmək
mümkün ola bilər.
ZAMAN DARALIRDI
İsrailin İranın nüvə obyektlərinə hücum qərarı iki amildən irəli gəlir. Birincisi,
sadəcə olaraq, İranın artan təhlükəsi idi. İsrail hərbi kəşfiyyat analitiklərinin
fikrincə, İran nüvə silahına doğru irəliləyirdi və bir neçə il ərzində ballistik raket
arsenalını 3000-dən 8000-ə qədər əhəmiyyətli dərəcədə genişləndirməyi
planlaşdırırdı. İran artıq İsraili məhv etmək məqsədini konkret planlara və
fəaliyyətə çevirmişdi. 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumları həyata
keçirən HƏMAS-ı İran maliyyələşdirirdi. İran həmçinin 2024-cü ilin aprel və
oktyabr aylarında İsrailə yüzlərlə pilotsuz təyyarə və raket atmışdı. Bununla da
onilliklər boyu davam edən proksi müharibədən sonra iki ölkə birbaşa və açıq
qarşıdurmaya getmişdi.
İkinci amil İranın müvəqqəti zəifliyi idi. İsrail aylarla davam edən hava hücumları
və quru kampaniyası vasitəsilə İranın ən mühüm müttəfiqi olan Hizbullahı ciddi
şəkildə zəiflətmişdi. İranın başqa bir sadiq dostu olan Əsəd rejimi süqut
etmişdi. Və İranın hava hücumundan müdafiə sistemlərinin 2024-cü ildə İsrailin
hücumları zamanı həssas olduğu sübuta yetirilmişdi. Ən əsası isə İsrail öz
hücumlarını Amerika prezidenti Donald Trampın İrana danışıqlar üçün verdiyi
60 günlük möhlətin sonuna təyin etdi.
Nəticə etibarı ilə, iyunun əvvəli İsrail üçün əvvəllər həyata keçirdiyi gizli
fəaliyyətdən və tək səfərlik zərbələrdən kənara çıxmaq üçün mükəmməl vaxt
idi. “Yüksələn Aslan” əməliyyatının əsas məqsədləri İranın nüvə və raket
proqramlarına ciddi və uzunmüddətli zərər vurmaq, daha yaxşı nüvə
razılaşması üçün şərait yaratmaq və İranın regional proksi şəbəkəsini daha da
zəiflətmək olub. İsrail həmçinin ümid edirdi ki, bu hücum İran rejiminin sabitliyini
pozacaq, potensial olaraq onun süqutunu asanlaşdıracaq və Vaşinqtonu
hərəkətə keçməyə inandıracaq, bu da Amerikanın İranın nüvə silahına
yiyənləməsinin qarşısını almaq məqsədini nümayiş etdirəcək, ancaq
bunlar elan olunmuş əsas məqsədlər deyildi.
İSRAİL İRANIN HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMLƏRİNİN
TƏXMİNƏN 80 FAİZİNİ MƏHV EDİB
Əsas məqsədlərinə çatmaq üçün İsrail əməliyyatlarına İslam İnqilabı Keşikçiləri
Korpusunun (İİKK-SEPAH) rəhbəri Hüseyn Salami də daxil olmaqla, təxminən
20 yüksək rütbəli hərbi komandirin ölümü ilə nəticələnən dəqiq zərbələr ilə
başladı, İranın raket strategiyasının memarı Əmir Əli Hacızadə; və silahlı
qüvvələrin baş qərargah rəisi Məhəmməd Baqiri və ondan artıq böyük nüvə
alimi. İsrail daha sonra 1200-dən çox döyüş uçuşu həyata keçirərək, İranın 130
hava hücumundan müdafiə batareyasının təxminən 80 faizini məhv etdi və
Tehran üzərində hava üstünlüyünə nail oldu ki, bu da hava müharibəsi
tarixindəki ən qeyri-adi nailiyyətlərdən biridir.
İsrail həmçinin Natanz, Fordo, İsfahan və Arak da daxil olmaqla İranın əsas
nüvə obyektlərinə ciddi ziyan vurdu; Tehranın geniş nüvə və raket sənayesi
sahələri; ölkənin hərbi infrastrukturu, məsələn, SEPAH-ın və onun Qüds
Qüvvələri korpusunun qərargahları. Ümumilikdə, İsrail İrana 4000-dən çox
dəqiq idarə olunan sursat ataraq, İsrail bazalarından 2250 km uzaqda yerləşən
hədəflərə zərbələr endirib.
İsrail həmçinin İranın təxminən 2500 ballistik raketindən 1000-ə yaxınını və
İranın 450 buraxılış qurğusundan 200-dən çoxunu məhv edib. Nəticə etibarı ilə,
İranın İsrailə qarşı atdığı raketlərin sayı müharibənin gedişində kəskin şəkildə
azaldı, əgər İran münaqişənin əvvəlində gündə təxminən 100 raket
atırdısa, savaşında sonlarında bu rəqəm orta hesabla cəmi 12 raketə
düşmüşdü. Savaşın gedişi ərzində İsrail yüksək sürətli, ağır döyüş başlıqlarına
qarşı uğurlu performans göstərərək, çoxqatlı raketdən müdafiə sistemi, o
cümlədən “Arrow, David’s” “Sling” və “Iron Dome” sistemləri ilə açıq müdafiə
üstünlüyü nümayiş etdirdi. Amerika ordusunun, o cümlədən “Aegis” və
“Terminal Yüksək Hündürlüklü Ərazi Müdafiə sistemi”nin köməyi ilə İsrail öz
ərazisinə yönəlmiş 600-ə yaxın İran raketinin 86 faizini və 1000 pilotsuz uçuş
aparatının 99,5 faizini uğurla zərərsizləşdirdi. Bundan başqa, effektiv erkən
xəbərdarlıq sistemləri İsrail vətəndaşlarına təhlükəsiz yerlərə sığınmağa imkan
verdi.
İranın 40-dan artıq döyüş başlığı isə İsrail ərzisinə, əsasən Ber Şeba, Tel-Əviv
kimi böyük şəhərlərə düşə bildi. Bu zərbələr 29 nəfərin ölümünə, 3000-dən çox
yaralanmasına və 15.000-dən çox israillinin evsiz qalmasına səbəb oldu. Bu
itkilər, nə qədər ağır olsa da, İsrail ordusunun proqnozlaşdırdığından xeyli az
olmuşdu. Üstəlik, İsrail İrana İranın İsrailə etdiyindən təxminən 100 dəfə çox
raket və bomba zərbəsi endirə bilmişdi.
İŞİN “MUSTAFA”SI NƏ OLDU?
İsrailin İranın nüvə layihəsinə qarşı əməliyyatının uğurunu dəyərləndirmək
elmdənsə daha çox incəsənət hesab edilə bilər. Bu dəyərləndirmə kəşfiyyat
mənbələrinin məlumatlarına əsaslanır – peyk görüntüləri, müxtəlif radar
məlumatları, kəşfiyyat, kiber müşahidə, insan aktivləri və ərazi
müşahidələri. Yaxşı dəyərləndirmə ayrı-ayrı obyektlərə dəymiş zərərdən
kənara çıxmalı və mürəkkəb, çoxsahəli və çoxfazalı nüvə layihəsinə dəymiş
ziyan araşdırmalıdır.
İndiyə qədər analitiklər təsirləri dəyərləndirməkdə ikiyə bölünür. Amerika və
İsrailin İrana zərbələri bitdikdən dərhal sonra nəticə ilə bağlı mübahisələr
başladı. Tramp İranın nüvə obyektlərinin, xüsusən də Amerika qüvvələrinin
vurduğu obyektlərin “tamamilə məhv edildiyini” bəyan etdi. Bunun əksinə
olaraq, Amerikanın Müdafiə Kəşfiyyatı İdarəsinin sızdırılmış ilkin
qiymətləndirməsi, hücumun İranın nüvə proqramını cəmi bir neçə ay geri
saldığını irəli sürdü. Tramp administrasiyası bu iddiaları siyasi motivli hesab
edərək rədd etdi və Amerikanın yüksək səviyyəli kəşfiyyat rəsmiləri proqramın
“ciddi” zərər gördüyünü bildirdilər. Nəticə etibarı ilə, araşdırmaçıların cavab
verməli olduğu əsas sual İranın nələri itirdiyi deyil, əsas sual İranın əlində
nələrin qaldığıdır, İran indi hansı addımları atacağıdır və nüvə böhranının
qarşısının alınması üçün hansı yolların qalmasıdır, bu yol istər diplomatiya, istər
məcburetmə, istərsə də savaş olsun.
İran rejimi öz növbəsində geniş seçim spektrinə malikdir. Bir tərəfdən
danışıqlara qayıda bilər. Digər tərəfdən, o, nüvə bombası üçün irəli atıla bilər.
Bundan başqa İran bu yollardan hər ikisi birdən də seçə bilər. Məsələn, Tehran
açıq şəkildə nəticəsiz danışıqlar apararkən nüvə materialları və nüvə
komponentlərini gizlətməyə cəhd edə bilər. İran İsrail və Amerikada hakimiyyət dəyişikliyinə ümid edərək bu cür müzakirələri uzatmağa cəhd edə bilər, eyni zamanda o, öz proqramını mülki kimi göstərib sakitcə inkişaf etdiər bilər. İran artıq Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırıb, BAEA-nI zərbədə şərik olmaqda ittiham edib. O, hətta Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən tamamilə çıxa bilər ki, bu da eskalasiyanın açıq əlaməti olacaq.
Lakin yaxın perspektivdə Tehran məhdud resurslarını necə bölüşdürəcəyini
seçməli olacaq. Nüvə proqramının, raket qüvvələrinin, hava hücumundan
müdafiə sistemlərinin, infrastrukturun və regional proksi qüvvələrinın yenidən
qurulması məhdud maliyyə ilə çox çətin olacaq. İran çox güman ki, raket və
hava hücumundan müdafiə imkanlarını yenidən qurmağa, İsrail kəşfiyyatına
qarşı çatışmazlıqları azaltmağa və ona qarşı aparılan qabaqcıl müharibəyə
uyğunlaşmağa üstünlük verəcək. İran, həmçinin, yenidən hücuma məruz
qalacağı təqdirdə, yaxşı qisas ala bilmək üçün daha təsirli variantlar da
hazırlaya bilər.
İran nüvə proqramına, xüsusən də sentrifuqalarına və zənginləşdirilmiş uran
ehtiyatlarına dəyən zərəri qiymətləndirməli, gələcəkdə istifadə üçün əlində
qalan aktivlərini gizlətmək, yoxsa nüvə silahı yaratmağa cəhd etmək arasında
seçim etməlidir.
DAHA YAXŞI RAZILAŞMA… ?
İrana qarşı zərbələr nə qədər uğurlu olsa da, diplomatiya İranın nüvə
ambisiyalarına həmişəlik son qoymaq üçün üstünlük verilən üsul olaraq qalır.
Əlavə hərbi əməliyyat isə özü ilə əlavə riskləri və xərcləri gətirir. Bunu
Vaşinqton da bilir və Tehranla yenidən danışıqlar aparmağa çalışır. Onun
məqsədi İranı öz torpağında uranın zənginləşdirilməsinə son qoymağa məcbur
edən və yoxlanıla bilən, nəzarətli nüvə proqramına imkan verən razılaşma əldə
etməkdir. Uğur əldə etmək üçün Amerika rəsmiləri danışıqlara son tarix
müəyyən etməli və əgər nəticə əldə olunmazsa İranı yeni hərbi əməliyyatlarla
təhdid etməlidirlər. Amerika və İsrail İranın qərarlarına təsir etmək, nüvə və ya
hərbi eskalasiyanın qarşısını almaq və dayanıqlı razılaşma üçün danışıqları 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planını imzalayan Fransa, Almaniya və Böyük Britaniya ilə koordinasiya etməlidir.
Ancaq İsrail və Amerika İranın təkcə nüvə ambisiyalarının aqarşısını almaqla
yetinməməlidir. İranın və proksilərinin indiki zəifliyi tamamilə yeni regional
nizam yaratmaq üçün nadir fürsət yaradır. İsrailin İrana qarşı hərbi əməliyyatı
Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq üçün yeni imkanlar doğurub.
İsrail Qəzzada razılaşmaya nail olaraq bütün əsirlərini azad edə və öz qonşuları
ilə sülhə nail ola bilər. Bütün bunlar İranın çoxsaylı təhdidlərini neytrallaşdıran
davamlı təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilə bilər.
Belə bir böyük sövdələşmənin işləməsi üçün İran uranın zənginləşdirilməsindən
və plutonium istehsalından həmişəlik imtina etməli və BAEA-nın yoxlamalarına
icazə verməli olacaq. Tehran həmçinin, “Raket Texnologiyalarına Nəzarət
Rejimi” razılaşmasına uyğun olaraq raket proqramını və qitələrarası ballistik
raketlərin inkişafı üçün örtük (komuflaj) rolunu oynayan peyk buraxılış
proqramını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıdır.
ADƏTƏN SAVAŞI UDUZAN TƏRƏF QAZANAN TƏRƏFDƏN DAHA ÇOX
DƏRS ALIR
Amerika isə, bu arada, istənilən nüvə sazişinin və ya yeni regional
arxitekturanın qurulmasına rəhbərlik etməlidir. İsrail Qəzzada müharibəni
dayandırmalı, HƏMAS rəhbərliyini oradan çıxarmalı və ərazinin yenidən
qurulmasına və tərksilahına başlamalıdır. Həmas bütün girovları bir
mərhələdə azad etməli, silahlarından əl çəkməli və özünü texnokrat Fələstin
administrasiyası ilə əvəz etməlidir.
Belə böyük bir sövdələşməyə İsrail ilə Suriya və Lübnan arasında təhlükəsizlik
razılaşması da daxil edilə bilər. Belə bir olası razılaşmada Beyrut və
Şam Hizbullah və digər İran proksilərini, Fələstin yaraqlı qruplarını və İŞİD kimi
tanınan İslam Dövlətinin qolları da daxil olmaqla, öz ərazilərindəki silahlı
dəstələri zərərsizləşdirməyi öz üzərlərinə götürməlidirlər. Bu razılaşmalar
İsrailin Qolan təpələri üzərində suverenliyini və İsrailin inkişaf edən təhdidlərə
qarşı fəaliyyət azadlığını qorumalıdır. Məqsəd bu cür atəşkəslərin tədricən
atəşkəs sazişlərinə, qarşılıqlı “hücum etməmə müqaviləsi”nə və nəticədə tam
sülh sazişlərinə çevrilməsidir.
İstənilən böyük sövdələşmə, Amerikanın başçılıq etdiyi həmfikir güclərin
uyğunluğa nəzarət etdiyi çevik reaksiya verə bilən razılaşmalarla
dəstəklənməlidir. Belə bir missiya onilliklər ərzində Misir-İsrail sülh
müqaviləsinin həyata keçirilməsini uğurla dəstəkləyən Çoxmillətli Qüvvələr və
Müşahidəçilər şurasından ilhamlana bilər. Alternativ olaraq, birbaşa ikitərəfli
sülh razılaşmaları (İsrailin Ürdün ilə olduğu kimi) da effektiv ola bilər. Qeyd
edilən bu iki model öz missiyasında ardıcıl olaraq uğursuzluğa düçar olmuş
BMT-nin dəstəklədiyi çoxtərəfli sazişlərdən, məsələn, Lübnandakı BMT-nin
Müvəqqəti Qüvvələri kimi razılaşmalardan daha yaxşıdır.
Lakin böyük sövdələşmə yalnız İsrail və Amerika öz strategiyalarını
uyğunlaşdırdıqları halda işləyə bilər. Amerika İsrailə qarşı yaranan təhdidləri
qarşılamalı və regionun təhlükəsizlik arxitekturasını gücləndirməyə icazə
verməlidir. İsrail isə Amerikaya diqqətini və resurslarını Hind-Sakit Okean kimi
daha yüksək önəmə sahib bölgələrə çəkməkdə kömək etməlidir.
UĞURLU DÜSTUR
Tehran və Vaşinqton razılaşmaya gələr, hətta bu razılaşma sadəcə nüvə
məsələlərini əhatə etsə belə, hərbi kampaniya Trampın “güc vasitəsilə sülh”
doktrinasının uğurlu nümunəsi olacaq. Ən azı iyundakı əməliyyatlar göstərdi ki,
koordinasiyalı hərbi əməliyyat qısa müddətdə nüvə silahının yayılmasınının
qarşısını bilər. Bu xüsusilə diqqətəlayiqdir, çünki Amerika əvvəllər Çin və Şimali
Koreyanın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi müdaxilədən
çəkinmişdi.
İllərdir ekspertlər xəbərdarlıq edirdilər ki, İranla hər hansı qarşıdurma regional
müharibənin alovlanması, qlobal enerji bazarlarında sabitliyin pozulması və
Amerika qüvvələrinin uzun sürən münaqişəyə cəlb olunması riski
daşıyır. Ancaq bunların heç biri baş vermədi. Amerikanın dəstəyi ilə
gücləndirilmiş dəqiq İsrail zərbələri doğru düstur kimi görünür. İrana hücum
həm də Amerikanın bacarıqlı müttəfiqinin Vaşinqtonun dəstəyi ilə öz müdafiəsi
üçün məsuliyyətin böyük hissəsini öz üzərinə götürə biləcəyinə dair yaxşı
nümunə təşkil edir.
Amerika və İsrailin İrana qarşı əməliyyatlarının böyük dövlətlər arasındakı
rəqabətə də təsirləri var. Sübuta yetdi ki, Amerika və İsrailin sistemləri İrandan
daha üstündür, İranın hərbi texnologiyasının əksəriyyəti isə Rusiya tərəfindən
hazırlanır. Vaşinqton münaqişənin uzanması riskinə girməkdən çəkinməsinə
baxmayaraq, təsirli güc nümayiş etdirməkdə böyük çeviklik sərgilədi. Amerika
müttəfiqinin yanında möhkəm dayandı və uğurlu, məqsədyönlü əməliyyata
rəhbərlik etdi və bütün dünyaya mesaj göndərdi: Amerika-İsrail ittifaqı canlıdır
və yaxşı nəticələr əldə etməyə qadirdir. Ən nəhayət, əməliyyatlar Çin və Rusiyanın Yaxın Şərqdə kiçik oyunçular olaraq qaldığını da vurğulamış oldu.
Çin, İran, Şimali Koreya və Rusiya, şübhəsiz ki, İsrail və Amerikanın kəşfiyyat
məlumatlarını necə topladığını, İranın ballistik raket və dron imkanlarına qarşı
necə mübarizə apardığını, hava hücumundan müdafiə sistemlərini necə
sıxışdırdığını və İranın hərbi liderlərini və nüvə alimlərini necə hədəfə aldığını
araşdıracaq. Buna görə də İsrail və Amerika əldə etdikləri nailiyyətlərlə
kifayətlənməməlidir. Adətən, münaqişədə məğlub olan tərəf qalib gələn tərəfə
nisbətən daha çox dərs alır. Lakin İsrail və Amerika da öz zərbələrindən dərs
almalı və İranın gələcək qarşıdurmalara necə uyğunlaşacağını təxmin etməlidir.
Bu, İran və İsrail arasında ilk birbaşa müharibə idi və çox güman ki, sonuncu
deyil.
“Yüksələn Aslan” əməliyyatı İsrailin və onun müttəfiqinin fövqəladə hərbi
imkanlarını nümayiş etdirərək real təhlükələri aradan qaldırdı. Bununla belə,
əməliyyatların nəticəsi hələ qarşıda ola bilər. Bu Yaxın Şərqi yenidən
formalaşdıra biləcək hərtərəfli siyasi nizamlanma üçün tarixi pəncərənin
açılmasıdır. İndi güclü mövqedən danışıqlar aparan Amerikan və İsrail sabit
regional nizam yaratmaq, İranın nüvə ambisiyalarına qapını bağlamaq və
gələcək onilliklər üçün müttəfiqliklərini möhkəmləndirmək üçün fürsətdən
istifadə etməlidirlər
Cəfər Cəfərli
Gunaztv
Şərhlər bağlıdır.