Xameneinin müşaviri yenə sarsaqladı 

 İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı deyib:“Bu layihə İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir təhdid kimi qiymətləndirilməlidir”.
Vilayəti bir qədər də dərinə gedərək qeyd edib ki “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə öz planlarını həyata keçirmək istəyirlər”.
 

O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürkist çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır. 

Vilayəti Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycanın xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb.
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas səbəbləri çox böyük ehtimalla bunlardır:

1. İran-Ermənistan sərhədinin bağlanması qorxusu
Zəngəzur dəhlizi həyata keçərsə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa bağlantı açılır. Bu halda İran-Ermənistan sərhədi qapana və İranın Ermənistan üzərindən Avrasiya bazarlarına çıxışı çətinləşə bilər. İran bunu özünün şimaldan təcrid olunması kimi qiymətləndirir.

2. Türkiyə-Azərbaycan ittifaqının güclənməsi
Zəngəzur dəhlizi Türkiyəni birbaşa Mərkəzi Asiya və Qafqaza bağlayır. Bu da İranın regiondakı nüfuzunu zəiflədir. İran bölgədə Türkiyənin və NATO-ya yaxın qüvvələrin güclənməsini öz təhlükəsizliyi üçün risk sayır.

3. İsrailin Cənubi Qafqazdakı mövcudluğu ilə bağlı narahatlıq
İran hesab edir ki, Azərbaycanın İsraillə yaxın əlaqələri var. Zəngəzur dəhlizinin açılması ilə İsrailin bölgədəki hərbi-strateji mövqeyi genişlənə bilər. Bu da İran üçün birbaşa təhlükə kimi görülür.

4. Regional balansın pozulması
İran özünü Qafqazda tarazlaşdırıcı güc kimi görür. Zəngəzur dəhlizi bu balansı Azərbaycan və Türkiyə lehinə dəyişdirə bilər. Bu səbəbdən Tehran bu layihəyə narazılıq edir. Guya bu halda regional tarazlıq pozulacaq.

 Azerbaycan-ruznamesi.org 

Şərhlər bağlıdır.