İslam Respublikası dövlətsizliyə və hərc-mərcliyə doğru irəliləyir.
Həbsdə olan siyasi fəal Mustafa Taczadə Tehrandakı “Evin” həbsxanasından
“Dövlətsizlik; İranın üzərində ağır kölgə” başlıqlı qeydində yazıb ki, İslam
Respublikası “səmərəsizlik, korrupsiya və dövlət-millət parçalanması”
nəticəsində “dövlətsizlik və hərc-mərcliyə” doğru irəliləyir.
Evin həbsxanasından dərc olunan bu məktubda Taczadə bəyan edib:
“Cəmiyyət dövlətsizlik vəziyyətinə doğru irəliləyir. Qurumlar mövcuddur, lakin
onlar ölkəni idarə edə bilmirlər. Bu, hər hansı bir tiranlıqdan daha zərərli olan
hərc-mərcliyin başlanğıcıdır”.
O xatırladıb ki, İslam Respublikasının lideri Əli Xamenei “nə müharibə, nə
danışıqlar” şüarına baxmayaraq, həm müharibəyə girib, həm də danışıqlara
razılaşıb və “nə tətbiq edilmiş müharibə, nə də tətbiq edilən atəşkəs”i vurğulasa
da, hər ikisini qəbul etmək məcburiyyətində qalıb.
Taczadə bu qərarları prinsipcə düzgün, lakin gec adlandırıb.
Həbsdə olan siyasi fəal hökumətin son səkkiz ildəki fəaliyyətini “fəlakətli” kimi
qiymətləndirərək deyib: “Güclü inflyasiya, işsizlik, sistematik korrupsiya, su və
elektrik enerjisinin kəsilməsi, bərabərsizliklərin artması hətta rejim tərəfdarlarını
da yorub”.
İslahatlar Cəbhəsi avqustun 17-də bazar günü yaydığı bəyanatda uranın
zənginləşdirilməsinin könüllü dayandırılması və ölkənin siyasi-iqtisadi
məkanında nisbi açıqlıq kimi tədbirlərə ehtiyac olduğunu vurğulayaraq qeyd
edib ki, bu gün iranlıların kollektiv psixikası yaralanıb, ümidsizlik və təşviş
kölgəsi insanların gündəlik həyatına ağır zərbə vurmaqda davam edir.
Cəbhə öz bəyanatında zənginləşdirməni könüllü olaraq dayandırmağa və
sanksiyaların tamamilə ləğvi müqabilində Beynəlxalq Atom Enerjisi Agentliyi
tərəfindən monitorinqi qəbul etməyə hazır olduğunu bəyan etməyə çağırıb və
bu hərəkəti “ABŞ ilə hərtərəfli və birbaşa danışıqlara başlamaq və bu ölkə ilə
münasibətləri normallaşdırmaq səyi” adlandırıb.
Taczadə öz məktubunun davamında Suriya, Livan və İraqdakı strateji
məğlubiyyətləri, həmçinin Mossadın İslam Respublikasının təhlükəsizlik
strukturlarına təsirini İsrailin 12 günlük müharibədə uğurunun əsas amilləri
hesab edərək yazıb: “İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
kəşfiyyat təşkilatı İsrail təsirinin ən böyük qurbanı oldu”.
İnqilab Keşikçiləri Korpusunun baş komandanının müşaviri Əhməd Vəhidi
iyulun 25-də deyib ki, sızma şişirdilməməlidir: “Hər zaman haqsızlıq edənlər və
casuslar var, lakin bizim təhlükəsizlik və kəşfiyyat orqanları onlarla çox sərt
davranıb”.
Vahidi davamında deyib: “Çoxlu casusların qarşısı alındı. Düşmənlərin çoxlu
planları var idi, lakin bizim təhlükəsizlik və kəşfiyyat qüvvələrimizin gücü ilə
onların heç birinə nail ola bilmədilər”.
2017-ci ilin dekabr – 2018-ci ilin yanvar, 2019-cu ilin noyabr etirazları və “Qadın,
Yaşam, Azadlıq” hərəkatından sonra rejimin legitimlik böhranını vurğulayan
Taczadə xəbərdarlıq edib: “Hətta müharibə baş verməsə belə, İslam
Respublikası qalmaq və ya getmək kimi ekzistensial böhranla üz-üzədir”.
Bu siyasi məhbus konstitusiyaya əsaslı dəyişikliklərin edilməsini, fiqhin aradan
qaldırılmasını, xalqın rifahına diqqətin yönəldilməsini və suverenliyin millətə
qaytarılmasını tələb edərək dedi: “Rejimin dağılmasının qarşısını almağın
yeganə yolu təcili və geniş struktur islahatlarından keçir”.
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Len Xodorkovski avqustun 11-də
“İran İnternational”-a verdiyi müsahibədə vurğulayıb ki, İranın Ali Milli
Təhlükəsizlik Şurasındakı dəyişikliklər zəifləyən hakim sistemdən xəbər verir və
“Titanik gəmisinin göyərtəsində oturacaqları yerbəyer etmək” kimi “xalis bir
tamaşadır”.
Təqdim etdi: Səməd Bayramzadə
Əvvəlki
Şərhlər bağlıdır.