Son aylarda Azərbaycan-İran münasibətlərində diqqətçəkən istiləşmə
müşahidə olunur. Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian
arasında yaranmış səmimi münasibət həm siyasi dairələrdə, həm də ictimai
müzakirələrdə geniş rezonans doğurub.
Xüsusilə, Pezeşkianın aprelin 28-də Bakıya səfəri, iyulda Xankəndidə keçirilən
İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştirakı və bir neçə gün əvvəl Şanxay
Əməkdaşlıq Təşkilatın çərçivəsində iki liderin Azərbaycanca söhbəti bu
münasibətlərin təzahürü kimi qiymətləndirilir. İlham Əliyevin “Prezident
Pezeşkian öz vətənindədir” sözləri isə prosesin rəmzi ifadəsinə çevrilib.
İranda Azərbaycan əsilli olan və daha mötədil siyasəti ilə tanınan Pezeşkianın
hakimiyyətə gəlişi münasibətlərə yeni nəfəs gətirib. Onun Türkiyə və
Azərbaycanla əməkdaşlığa açıq mövqeyi, dini-ideoloji dairələrin sərt kursundan
fərqli xətti bölgədə yeni imkanların yaranmasına yol açır.
Bütün bu amillər fonunda İranın Türk Dövlətləri Təşkilatına (TDT) yaxınlaşması,
hətta gələcəkdə üzvlük ehtimalı barədə müzakirələr güclənib. Analitiklər hesab
edirlər ki, bu addım regionda geosiyasi balansı dəyişdirə, nəqliyyat, enerji və
ticarət sahələrində əməkdaşlığı daha da genişləndirə bilər. İranın təşkilata
tamhüquqlu üzv qəbul olunması hələlik gündəmdə olmasa da, son addımlar
onun müşahidəçi üzvlüyü üçün mühüm zəmin yaradır.
Azerbaycan-ruznamesi.org modern.az-a istinadən yazır ki, Azərbaycanın
İrandakı sabiq səfiru Nəsib Nəsibli deyir: İlham Əliyevlə Pezeşkian arasındakı
səmimiyyət hər kəsə məlumdur və bu, İranda bəzi dairələri ciddi narahat edir:
“İranda bəzi dairələr bundan çox narazıdırlar. Həyacan içərisindədirlər ki,
bunun axırı necə olacaq? Baxın, möcüzə baş verir e. Həm Nikol Paşinyan, həm
də Məsud Pezeşkian barədə deyirlər ki, onlar türk siyasəti yeridir. Çünki Türk
geopolitikasının işlədiyi dönəm başlayıb. Biz ən pis dönəmimizi yaşadıq.
Suverenlik, müstəqillik kimi məsələlərdə 19-cu əsrdən bu yana davam edən
tənəzzül dövrü bitib. Artıq 1991-ci ildən inkişaf dövrü başlayıb. Bir çox qruplar
də bundan çox narahatdır”.
Sabiq diplomat İranın TDT-yə üzvlüyünü mümkün hesab etsə də, bunu təhlükəli
perspektiv kimi dəyərləndirib: “Nəzəri baxımdan mümkündür, amma qurucu
üzvlər buna razı olmaz. Çünki İran daxil olsa, təşkilatı dağıtmağa çalışacaq”.
Beləliklə, Azərbaycan-İran münasibətlərində müşahidə edilən yaxınlaşma yeni
imkanlar açır. İranın Türk Dövlətləri Təşkilatına ən azından müşahidəçi
qismindən qoşulması məsələsi müzakirə edilir. Təşkilatın böyüməsi və
nüfuzunun artması ilə bu ehtimal istisna edilmir.
Regionun gələcək geosiyasi mənzərəsi isə həm İranın mötədil kursunu davam
etdirib-etdirməyindən, həm də türk dövlətlərinin bu istiqamətdə atacağı
qərarlardan asılı olacaq.
Şərhlər bağlıdır.