“Azərbaycan” qəzeti – 80

Xalqın günahsız uşağının başını kəsən…
Xoydan “Ana dili nə şirindir” başlığı ilə daxil olan və Azərbaycan Demokrat
Firqəsinin orqanı “Azərbaycan” qəzetinin (Təbriz) 6 noyabr 1945-ci il tarixli
sayında çapedilən məktub aşağıda  eynilə dostların diqqətinə təqdim edilir:
Mən bir şagirdəm. Üçüncü sinifdə oxuyuram. Ancaq nə oxuyuram, özüm də
mənasını qanmıram. Çünki fars dili anamın mənə laylay çaldığı və oxşadığı dil
deyildir. Qanmadığım ona səbəbdir. Ancaq atam təzə çıxan “Azərbaycan”
qəzetini evə gətirəndə mənə elə bil ki, bir ruh verilir. Ürəyimin arzusundan xəbər
verən bu qəzet bizim evə bir təzə həyat gətirmişdir. Ana dilimin dadlı və şirin
kəlmələri zehnimə dərin bir işıq buraxır. Biz Azərbaycan balalarının bahar
nəğməsi ilə şadıq.
“Azərbaycan” qəzetinin müdirinə məktub:
Bundan sonra mənim məktublarımı xahiş edirəm, “Azərbaycan” qəzetinə
yazasınız. Adres: Xoy şəhəri, Tofiq Musəvi, “Hidayət” mədrəsəsi, 3-cü sinif
şagirdi.
Baharındır, bülbül, sənin
Oxu dadlı nəğmələrin
Ana vətən, bu dil sənin
Oxu dadlı nəğmələrin.
Mən sevirəm öz elimi
Ana yurdum, öz dilimi
Azərbaycan bülbülümü
Oxu dadlı nəğmələr sən.
Mən şairəm şirin-şirin
Ana dilimi oxuyan gün
O dərs verər mənə düzgün
Oxu dadlı nəğmələr sən.
Tofiq yazar hey vəsfini
Yaddan çıxarmaz ismini
Yolunda qoymuş cismini
Oxu dadlı nəğmələr sən
Azərbaycan dili sənsən.
Təqdim etdi: Səməd Bayramzadə

Şərhlər bağlıdır.