İranda yeni paytaxt – Bəndər-Abbasın adı çəkilir

İranda anomal quraqlıq hökm sürür. Ölkənin iri şəhərlərini təmin edən su
anbarlarının 5 faizi doludur. Məsələn, paytaxt Tehrandan sonra ikinci ən böyük
şəhər olan Məşhədi təmin edən anbarlarında yalnız 3 faizi və ya daha az su
qalıb. Vəziyyət çox kirtikdir, hətta Prezident Məsud Pezeşkian bildirib ki, qışın
başlamasına qədər yağış yağmasa, paytaxtı köçürmək məcburiyyətində
qalacaqlar.
Azerbaycan-ruznamesi.org “Meduza”nın araşdırmasına əsasən bildirir ki,
mütəxəssislərin hesablamalarına görə, İranda son 70 ilin ən quru payızı
yaşanır. Ölkənin qərbində Zaqros dağlarına yağış, Tehrana yaxın Toçal dağına
qar düşsə də, yağıntı miqdarı hələ də iqlim normasının təxminən onda birinə
bərabərdir.
“Meduza” İran hökumətinin məlumatına istinadla yazıb ki, Tehran vəziyyətdən
çıxmaq üçün qurumuş Urmiya gölü üzərində süni yağış əməliyyatına başlayıb.
Amma problem ondadır ki, bu, yalnız havada kifayət qədər rütubət olduqda
effektli olur. İranda havanın demək olar ki, hər yerdə, o cümlədən buludların
yığıldığı dağlarda da çox quru olması əməliyyatı çətinləşdirir.
Tehran və digər iri şəhərlərdə suya qənaət məqsədilə su məhdudiyyətlərlə
verilir. Su tankerləri qarşısında kilometrlərlə növbələr yaranır, məscidlərdə
yağış üçün dualar oxunur.
Su böhranı nəticəsində İranın hidroelektrik stansiyalarında enerji istehsalı
zəifləyib. Sənaye müəssisələri də su çatışmazlığından əziyyət çəkir. Kənd
təsərrüfatı üzrə əkin azalıb, bu da gələcəkdə ərzaq qiymətlərinin yüksəlməsi
deməkdir.
İran ağır iqtisadi böhran yaşayır. Hər ay ərzaq qiymətləri artır. Məsələn, 1 kq
toyuq filesi təxminən 3,5 dollardır, aylıq orta gəlir isə 200 dollar civarındadır.
İran hökuməti su idxalı üzrə qonşularla danışıqlar aparmaq məcburiyyətində
qala bilər. Məsələn, BƏƏ-də duzlu suyu təmizləmə texnologiyaları var. Amma
sanksiyalar və qonşularla gərgin münasibətlər səbəbindən beynəlxalq yardım
olduqca məhdud olacaq.
Ekspertlər su böhranını həm iqlim dəyişiklikləri, həm də hökumətin səhvləri ilə
əlaqələndirir.
Hökm sürən anomal quraqlıq fonunda İranın paytaxtının köçürülməsi
gündəmdədir. Prezident Pezeşkiana görə, yeni paytaxt ölkənin cənub
şərqində, Məkran bölgəsində tikiləcək. Bura da qumlu, isti və quru ərazidir.
Amma ekspertlərə görə, Məkran dənizə yaxın olduğundan su təchizatı duzdan
təmizləmə texnologiyası ilə təmin oluna bilər. İran Prezidenti oktyabrın 4-də bu
kontekstdə Bəndər-Abbas şəhərinin adını çəkmişdi.

Şərhlər bağlıdır.