Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) İran rejiminin etirazçılara qarşı törətdiyi qətliamlarla bağlı dünya dövlətlərinə müraciəti
Son günlərdə İran İslam Respublikası rejimi İran və Güney Azərbaycanda keçirilən dinc etirazları silah gücü ilə basdırmağa çalışmış, minlərlə insanı öldürmüş, on minlərlə insanı yaralamışdır. İran rejimi bir neçə gündür ki, internet də daxil olmaqla bütün rabitə vasitələrini qapadaraq ölkə daxilinin bütün dünya ilə olan əlaqəsini kəsmişdir və bu səbəbdən qətliamların nə səviyyədə olduğu bilinmir, amma ehtimal olunur ki, bu qətliamlar hələ də davam edir və indiyədək minlərlə insan həyatını itirib.
İran rejimi eyni şəkildə GATƏŞ-in çağırışının ardından Güney Azərbaycan şəhərlərində etiraza çıxan vətəndaşlarımıza qarşı zor və şiddət tətbiq etmişdir. Rejim dünya ictimaiyyətinin diqqətindən kənarda bu cinayətləri rahat şəkildə törətmək üçün artıq beş gündür ki, bütün rabitə sistemlərini kəsmiş, o cümlədən Güney Azərbaycan bölgələrində keçirilən dinc etiraz aksiyalarına qarşı cinayətkarcasına zorakılıq tətbiq etmiş, nəticədə çox sayda vətəndaşımızın şəhid olduğu və yaralandığı bilgisi yayılmışdır.
Biz bu cinayətləri dayandırmaq üçün bütün dünya dövlətlərini İran rejiminə aktiv təzyiq göstərməyə, internet və digər rabitə sistemlərinin açılması ilə yanaşı, müstəqil jurnalistlərin İrana girişinə şərait yaratmağa məcbur etməyə çağırırıq. Biz düşünürük ki, İranın cinayətkar rejimini dayandırmaq bütün dünya dövlətlərinin demokratik və vicdani məsuliyyətidir.
Qeyd etmək istərdik ki, 10 yanvar tarixində GATƏŞ-in çağırışı əsasında Təbriz, Urmu və digər Güney Azərbaycan şəhərlərində genişmiqyaslı dinc etiraz aksiyaları keçirilmiş, iştirakçılar azadlıq, ədalət və demokratik idarəçilik tələblərini ifadə etmişdir. Təəssüf ki, rabitə və internetin kəsilməsi fonunda bu aksiyalara qarşı sərt müdaxilələr edilmiş, çox sayda vətəndaş saxlanılmışdır.
Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün bütün dünya ictimaiyyətinin və dövlətlərin diqqət və dəstəyinin əhəmiyyət daşıdığı qənaətindəyik və bu çərçivədə beynəlxalq hüquqa əsaslanan səylərin artırılmasını vacib hesab edirik.
Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ)
13.01.2026
“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası – GATƏŞ”
Azərbaycan Demokrat Firqəsi – ADF
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
Şərhlər bağlıdır.