Əslində Ermənistanda hələ də de-fakto yarımteokratik ideoloji sistem fəaliyyət göstərir. Paşinyan sistemi dəyişmək üçün mübarizə aparır. İran molla rejimini Ermənistanla birləşdirən də məhz bu sistem idi. Türkə və müsəlmana nifrət prinsipi üzərindən müsəlman – şiə cildinə girmiş fars kahinləri və xristian maskası taxmış erməni keşişləri birlikdə çalışırdılar. Rusiya kəşfiyyat orqanları da bölgədə bu sistemi koordinasiya edib nəzarəti təmin edirdi. Hazırda isə İrandakı və Ermənistandakı məlum sistemi ABŞ dağıtmaq istəyir. Paşinyan da buna çalışır. Çünki bu sistemlər keçmiş Sovetin və indiki Rusiyanın proqramıdır, ona xidmət edir. Ermənistan ordusunda xidmət edən və dövlətə deyil, Kilsəyə tabe olan keşişlərin keçmiş KQB agentləri olması, indi də Rusiya xüsusi xidmət orqanlarına işləmələrinə şübhə etmək sadəlövhlük olardı. Təsəvvür edin ki, ordudakı 50 keşiş erməni ordusunu dövlətə qarşı qaldıra bilər, hökumət bundan narahatdır. Bu onu göstərir ki, nəzarət olunmayan məscid, kilsə, din xadimi son nəticədə ən təhlükəli nüvə bombasından daha zərərli ola bilər. Heç kəsin fərqinə varmadığı, din, mənəviyyat adamı hesab edib hörmət etdiyi tanınmış din xadimlərinin içindən elə xainlər çıxır ki, o xəyanətləri heç şeytan belə edə bilməz.
Həmin keşişlər onilliklərlə erməni ordusunu psixoloji cəhətdən türk – müsəlman düşmənçiliyinə kökləyib. Erməni ordusunun qəddar və amansız qanlar tökməsinin bir səbəbi də məhz bu cür ideoloji təsirin olmasıdır. Paşinyan anlayır ki, orduya Kilsənin bu təsiri sülh prosesinə və ümumiyyətlə proqramına ciddi təhdiddir. Həmçinin Ermənistanın normal dünyəvi dövlət kimi formalaşmasına maneədir. İranda ali dini liderə bağlı Sepah olduğu kimi, Ermənistanda da Yepiskopa bağlı polkovnik keşişlər var. Təbii ki, inanc adı altında ordunun başını poza və dövlətin daxilində istənilən təxribatı yarada bilərlər. Ümumiyyətlə din xadimlərini orduya buraxmaq bülbül qəfəsinə gürzə ilan salmaq kimi bir şeydir. İranda, İraqda din xadimlərinin ordunu, dövləti hansı bəlalara tuş gətirdiyini bu gün bütün dünya göz yaşı ilə müşahidə edir.
Paşinyan bu keşişləri ram etmək üçün hələ uzun zaman xərcləməlidir. Çünki bu bir sistemdir. İranda rejim çöksə nisbətən asanlaşa bilər. Çünki Ermənistandakı keşiş şəbəkəsinin gizli dayaqları Qum ideoloji məktəbinə də bağlıdır. Hər halda Baş nazir Kilsəni və ordunu dövlətə təhlükə yaradan bu şəbəkənin təsirindən çıxara bilməsə bölgədə sülh hər zaman təhdid altına düşə bilər.
Tural İrfan
Şərhlər bağlıdır.