İsrail dövləti necə yarandı? – ARAŞDIRMA

1947-ci ilin dekabrında bir ərəb snayperi Qüds şəhərində iki yəhudi işçini güllədi. Bir saatdan sonra ərəblər olan bir sərnişin avtobusu partladıldı və bir həftə ərzində yüzlərlə ərəb öldürüldü. Bu prosesə Tel-Əviv şəhərində olan qərargahından bir şəxs nəzarət edirdi və o, qurbanların sayı haqqında deyil, sərhədlər haqqında düşünürdü. Əsas məsələ beynəlxalq ictimaiyyətin yəhudilərə ayıracağı ərazilərin bölünməsinə qədər daha çox ərazini ələ keçirmək məsələsi idi. Bu şəxsin adı David Benqrion idi. Məhz o, XX əsrin ən qanlı bölgüsünü həyata keçirən siyasi şəxsiyyət oldu.

Bu şəxsin kimliyi haqqında məlumatlar çox olsa da geniş ictimaiyyətə təqdim edilməyib və onun dini fanatik, sionist, sosialist, millətçi və ya sadəcə bir vətənpərvər olması haqqında konkret bir düşüncə yoxdur. Bu şəxs nasionalizmi, sosializmi, İngiltərə imperializmi və alman hərbi repressiyasını özünün bir və əsas məqsədinə yönəltməyi bacardı. Yəhudilər onu vahid millətin yaradıcısı, millət atası kimi təqdim edirlər. Lakin tərcümeyi-halı və bir çox arxiv sənədləri Benqrionun son dərəcə ziddiyyətli bir şəxsiyyət olduğunu göstərir.

O, Rusiya imperiyasına daxil olan Polşanın Plonski şəhərində 1886-cı ildə anadan olub. Onun atası vəkil olaraq çalışıb və inanclı sionistlərdən idi. Şərqi Avropada “Sionu sevənlər cəmiyyətinin” aktiv üzvlərindən olub. David kiçik yaşlarında ( 11 yaşında) anasını itirir və yaxşı təhsil ala bilmir.

Macar jurnalist Teodor Hertsel 1896-cı ildə “Yəhudi dövləti” proqram sənədini çap etdirir. O sionist hərəkatının ideoloqu olsa da yəhudi dilini bilmirdi və əsərlərini alman dilində çap etdirirdi.

O, yazırdı: “Antisemitizm bir xəstəlik deyil ki, müalicə olunsun, antisemitizm Avropa dövlət modelinin struktur xüsusiyyətidir”.

Yəhudilər üçün qurulacaq dövlətin harada olması mövzusu uzun müddət açıq olaraq qaldı. Bir müddət Argentinada, Uqandada, sonralar isə Fələstində qurulması qərarına gəldilər. 1904-cü ildə T.Hertsel vəfat etdikdə hələ də dövlət haqqında qəti bir mövqe yox idi. 18 yaşlı David Qrino (Ben Qrion) Fələstinə mühacirət etmək qərarına gəlir. Polşada mexanik ixtisası üçün texniki-peşə məktəbinə daxil olmaq istəyir, lakin bacarmır. “Sion fəhlələri” partiyasına daxil olur və gizli siyasi fəaliyyətə görə iki dəfə həbs olunur. 1906-cı ildə Yaffa limanına gələndə Fələstin rəsmi olaraq Osmanlı imperiyasına daxil idi. Bu illərdə Fələstinin yarım milyona yaxın əhalisi var idi. Onların 75 faizi ərəb müsəlmanlar, 10 faizi xristianlar idi. Əksəriyyəti ərəblər idi və cəmi 5 faiz yəhudi yaşayırdı.

1909-cu ildə David Qüds şəhərinə, yeni açılan sionist qəzetinə redaktor işləmək üçün dəvət edilir. Məhz bu illərdə David Qrion özünə yeni Benqrion təxəllüsü götürür. Benqrion yəhudi dilində aslanın oğlu mənasını daşıyır. Birinci yüzillikdə yəhudilərin romalılara qarşı mübarizəsində fəal iştirak etmiş döyüşçü – Yosef Benqrionun şərəfinə bu təxəllüsü götürür.

1911-ci ildə İstanbula hüquq təhsili almaq üçün gedir. Universitetə saxta məktəb attestatı düzəldərək daxil olur. Bu fakt onun gənc yaşlarından məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu göstərir. Bu illərdə türk və ərəb dillərini öyrənir.

1915-ci ildə Osmanlı dövləti Benqrionu sionist fəaliyyətinə görə Fələstindən Misirə deportasiya edir. O, Misirdən Nyu-York şəhərinə gəlir. Bu illərdə artıq Nyu-York yəhudilərin böyük icmasının yaşadığı bir şəhər idi. Nyu-York şəhərində Polo Munveys adlı Rusiya yəhudisi olan bir xanımla tanış olur və 1917-ci ildə onlar evlənirlər. Bu evlilikdən üç uşaqları olur.

1918-ci ildə Benqrion Fələstinə İngiltərə qoşunlarının əsgəri kimi qayıdır. Müharibə artıq bitmişdi və İngiltərə bu ərazilərin sahibi idi. Benqrion heç kimi gözləmədən dövlət içində dövlət qurmağa başlayır. Bu məqsədlə 1920-ci ildə “Qistatrud” ( İsrail torpaqlarının işçiləri federasiyası) təşkilatını yaradır. Kağız üzərində bu həmkarlar təşkilatı, həqiqətdə isə paralel dövlət funksiyalarını yerinə yetirirdi.

Qistatrud yəhudilər üçün yeni iş yerləri açır, ərəbləri boykot edir, onları işə götürənləri təqib edir, ərəb yaşayış məntəqələrinə hücumlar edir və yerli əhalini sıxışdırır, yəhudi köçkünlərinə şərait yaratmağa çalışır, ən başlıcası “Xaqana” hərbi birliklərinin təşkil edirdi. Benqrion 14 il bu təşkilata rəhbərlik edir. Xaqana hərbi birləşmələri ingilislər tərəfindən hərbi əməliyyatlarda iştirak edir və ərəblərin tarixi yerlərindən köçürülməsi, sıxışdırılması prosesində aktiv iştirak edirdilər.

D.Benqrion 1930-cu ildə sol yönümlü “Mapay” (İsrailin fəhlə partiyası) partiyasının lideri olur. Bu partiya İsrail dövlətinin 40 il müddətində rəhbər siyasi təşkilatına çevrilir və 1948-1977-ci illərdə İsrail dövlətinə rəhbərlik edir.

1936-cı ildə yəhudilərin Fələstinə böyük axınına etiraz edən ərəblər İngilis işğal qüvvələrinə qarşı qiyam qaldırırlar. İngilislər bu qiyamları amansızlıqla yatırır və nəticədə beş min ərəb öldürülür. Bu qırğınlar, həbslər və sürgünlər Fələstinin ərəb əhalisinin siyasi, təşkilati və mədəni aktiv hissəsini, milli qüvvələrin rəhbərliyini yox edir və xalq hərəkatına uzunmüddətli əks təsir qoyur.

1937-ci ildə ingilis hökuməti Fələstini ilk dəfə bölməyə cəhd göstərdi. Bu bölgüyə əsasən yəhudilər Fələstinin üçdə birinə sahib olur, ərəblərə isə üçdə iki qalırdı. Benqrion bu təklifi qəbul etdikdə silahdaşları tərəfindən böyük müxalifətlə qarşılandı. Üçdə bir ərazinin yəhudilər üçün çox az olduğunu iddia edənlərə Benqrion cavab verirdi:

“Bu gün balaca dövlət, gələcəkdə böyük dövlət olmaq üçün genişlənməyin əsasını qoyur”. Benqrion 1937-ci ildə oğlu Amosa yazdığı məktubda qeyd edirdi ki, silahlı qüvvələrin böyüyüb gücləndiyindən sonra biz bütün Fələstinə yayılacağıq.

İkinci dünya müharibəsi başladıqdan sonra vəziyyət bir qədər də mürəkkəbləşdi. İngiltərə işğal qoşunları yəhudi köçünü tənzimləmək üçün “ağ kitab” adlı sənəd qəbul etdilər. Bu sənədə əsasən növbəti beş ildə yalnız 75 min yəhudinin Fələstində yerləşdirilməsinə icazə verirdi. Bu illərdə Benqrion tərəfdarlarına deyirdi ki, Biz Hitlerlə elə vuruşacağıq ki, sanki, “ağ kitab” yoxdur, “ağ kitabla” da elə mübarizə aparacağıq ki, sanki Hitler yoxdur.

Yəhudilərin Avropada böyük qırğınlarını araşdıran mütəxəssislər hesab edirlər ki, almanları yəhudi qırğınlarının qarşısını almaq onların ABŞ-yə köçürülməsi hesabına mümkün ola bilərdi. Lakin Benqrion və sionist liderlər bunu istəmirdilər. Ərəbistanda demoqrafik əksəriyyət yaratmaq üçün onların Fələstinə köçürülməsi lazım idi. Sionist layihəsi üçün ABŞ-yə köçən yəhudilər itirilmiş əhali hesab edilirdi. Bu barədə Benqrion 1938-ci ildə yazırdı:

“Mən bilsəydim ki, Almaniyadan bütün yəhudiləri sağ-salamat ABŞ-yə aparmaq və ya yarısını öldürmək bahasına Fələstinə gətirmək olar… mən ikinci variantı seçərdim”.

II Dünya muharibəsindən sonra vəziyyət kökündən dəyişdi. Xalakost yəhudilərin Fələstindəki əməllərinə legitimlik qazandırdı. Avropada onların evlərinə qayıtmaq imkanları məhdud idi. Yəhudilər yenə də ABŞ-yə köçməyə üstünlük verirdilər. Benqrion isə İngiltərənin məhdudiyyətlərinə baxmayaraq qaçaq gəmilərlə yəhudiləri Fələstinə daşımağa çalışırdı. İngilis hərbi dəniz qüvvələri qaçaq yəhudi köçkünlərini dənizdə qarşısını kəsib geri qaytarır, Benqrion isə ABŞ-nin yəhudi lobbisi ilə İngilislərə təsir etməyə çalışırdı.

İngilis ordusu tərəfində müharibədə iştirak edən “Xaqana” yəhudi silahlıları artıq İngiltərə hərbi bazalarına hücumlar etməyə başlayır və hər imkandan istifadə edərək yəhudi köçkünləri məskunlaşdırmağa çalışırdılar.

1946-cı ilin avqustunda “İrqun” adlı hərbi-terrorçu təşkilat Qüds şəhərində bir hoteli partladır. Bu terrorçu qrupa sonralar İsrailin Baş naziri olacaq Minaxem Beqin rəhbərlik edirdı. Benqrion Beqinlə yaxın dost olsalar da o, bu terror hadisəsini pislədi.

1947-ci ildə İngiltərə Fələstin məsələsinin həllini Birləşmiş Millətlər Təşkilatına həvalə edildiyini bildirdi. Həmin ildə BMT-də 181 nömrəli qətnamə qəbul olunur. Bu qətnamə Fələstinin bölünməsi planını nəzərdə tuturdu. Bölgüyə əsasən əhalinin üçdə birini təşkil edən yəhudilərə ərazinin 55 faizi, ərəblərə isə 45 faizi müəyyən edilmişdi. Qüds şəhəri beynəlxalq nəzarətdə qalması nəzərdə tutulurdu. Yenə də yəhudilər bu planı qəbul etdilər. Ərəblər qəbul etmədilər və bununla da müharibə başlandı. Siyasi ədəbiyyatda hesab edilir ki, BMT-də keçirilən səsvermədən sonra Fələstində vətəndaş müharibəsi başlandı. Lakin bu vətəndaş müharibəsindən daha çox bir etnik qrupun daha çox ərazi işğalına oxşayırdı.

1948-ci ildə D.Benqrion hərbi əməliyyat təşkil etdi. Məqsəd İngilis qoşunlarının Fələstin ərazisindən çıxmasına qədər mümkün olan böyük əraziləri ələ keçirmək idi. Ərəb yaşayış məntəqələrinə hücum nəticəsində yüzlərlə insan həlak oldu. Benqrion bu xəbərlərin ərəblər arasında yayılması və xəbəri eşidənlərin könüllü şəkildə oradan köçməsini təmin etmək istəyirdi. Məhz belə də oldu. Minlərlə fələstinli tarixi yurd yerlərindən köçməyə məcbur oldular.

1948-ci ilin 14 mayında, Tel-Əviv şəhərinin incəsənət muzeyində D.Benqrion İsrail dövlətini elan edəndə 62 yaşı var idi. Deyilənlərə görə ABŞ prezidenti telefonda İsrail dövlətinin elan olunması gözləyirdi və bir saaatdan sonra bu dövləti tanıdı. Bir neçə gündən sonra Sovet İttifaqı da İsrail dövlətini tanıdı.

İsrail dövlətinin elan olunması məntəqədə müharibə və gərginlikləri bitirmədi, əksinə, daha da genişləndirdi. Bu hadisələrdə Avropa ölkələrinin yəhudilərə vətən yaratmaq hesabına onların avropadan köçünü təmin etmək arzuları da uğur qazanmadı. Yüz il əvvəl olduğu kimi, yəhudilər Avropa və ABŞ-də yaşamağı daha üstün hesab edirlər. Eləcə də ərəb ölkələri də yüz il əvvəl olduğu kimi mütəşəkkil deyillər və hər an xəyanətlərə açıqdılar.

https://crossmedia.az/az/article/83480

Şərhlər bağlıdır.