Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

29.09.2026

  • 29 Sentyabr
Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularla beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq qarşılıqlı surətdə faydalı olan mehriban qonşuluq siyasəti yeridir. Bu baxımdan həm xalqımız, həm də dövlətimizin qonşu xalqlara və dövlətlərə münasibət baxımından başı uca və üzü ağdır. Bu, bizim qələbə yolumuzdur, xarici siyasətimizin prioritet istiqamətlərindən biridir.

 

Lakin bütün bunlara baxmayaraq bəzi qonşularımızın içərisindəki revanşist dairələr zaman-zaman, fürsət ələ düşdükcə davamlı olaraq, heç bir əsas olmadan ərazi iddiaları ilə üstümüzə gəlirlər. İndi də gürcü-pravoslav kilsəsinin bəzi din xadimləri üstümüzə ayaqlanırlar.

Səbəb nədir? Açığını söyləmək lazımdır: Tarix məsələlərində susmağımız. Bizi tarix boyu həm xaricdən müstəmləkəçilər susdurublar, həm də daxildəki dönüklərimiz, xaricə işləyənlərimiz. İndi biz müstəqilik. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev milli maraqlarımız naminə xarici siyasətdə necə cəsarətli, ardıcıl, dönməz iradə nümayiş etdirirsə, tarix məsələlərində biz ziyalılar da cəsarətli və ardıcıl olmalıyıq. Haqqımızı müdafiə etməkdə susmamalıyıq. Yetər susmaq, susduqca üstümüzə gəlirlər.

Son zamanlar Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürən gürcü kilsəsinin bəzi din xadimləri erməni katolikoslarından və erməni revanşistlərindən heç nə ilə fərqlənmirlər. Məsələnin kökü Azərbaycan Albaniya dövlətinin tarixinin saxtalaşdırılması ilə bağlıdır.

Erməni saxtakarlığı və daşnak-faşist işğalçıları ilə bağlı olaraq biz susmadıq. Başda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev olmaqla tarix məsələləri, o cümlədən Albaniya tarixi məsələləri önə çıxarıldı və real tarixi həqiqətlər ortaya qoyuldu. Erməni-daşnak millətçilərinin və onların himayəçilərinin bütün paxırlarını açıb-tökdük. Xalqımıza qarşı həyata keçirilmiş soyqırımlarına aid onlarla monoqrafiya yazıldı, beynəlxalq konfranslar keçirildi, 26 Bakı cəlladının Bakının mərkəzindəki məzarlığı açıldı və tarixi həqiqət xalqa çatdırıldı, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kimi dünyaya səs salan fundamental tədqiqat nəşr olundu, çoxsaylı xəritələrimiz, atlaslarımız işıq üzü gördü. Xülasə susmadıq, üstümüzə gələn düşmənin üstünə getdik. Nəticədə Şanlı Ordumuza başçılıq edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir yumruğu ilə ərazi iddiaçılarının, daşnak-erməni faşistlərinin başı əzildi, erməni katolikosu da layiqli cavabını aldı…

…Tarix boyu din pərdəsi altında Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdə gürcü-pravoslav kilsəsinin bəzi din xadimləri erməni katolikoslarından heç zaman geri qalmayıblar.

Erməni katolikosları əvvəlcə Ərəb xəlifələrinin, sonra Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Osmanlıların qılığına girərək Qriqoryan kilsəsinin təsir dairəsini genişləndirməyə çalışdılar, nəhayət çar Rusiyasının köməyi ilə Azərbaycan-Alban kilsəsinin ləğv edilməsinə nail oldular. Bu hadisədən sonra indiki Ermənistan ərazisi də daxil olmaqla tarixi Azərbaycan Albaniya dövlətinin türk və qeyri-türk əhalisinin qriqoryanlaşdırılması və erməniləşdirilməsi sürətləndirildi. Bundan sonra müstəqil Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürüldü.

Tarixi Azərbaycan-Albaniya torpaqları ilə bağlı eyni siyasəti, tamamilə eyni ssenari əsasında gürcü-pravoslav kilsəsi də yeritdi. Gürcü kilsəsi öz qəsbkar dini siyasətində və ərazi iddialarında çar Rusiyasına sığındı. Çar Rusiyası Cənubi Qafqazı işğal etmək üçün bundan istifadə etdi. Gürcü-pravoslav kilsəsi və gürcü hakimləri öz məqsədlərinə nail olmaq üçün Georgiyevsk traktatına (1783) əsasən çar müstəmləkəçilərini Cənubi Qafqaza gətirdilər. Gürcü-pravoslav kilsəsinin fəal iştirakı ilə İberiya sərhədlərindən bu tərəfdəki, yəni Şərq tərəfdəki bütün alban-xristian abidələri (tarixi Azərbaycan abidələri) saxtalaşdırıldı və ya məhv edildi. Eyni ilə Azərbaycan-Albaniya tarixi abidələrinin müasir Ermənistan ərazisində məhv edildiyi kimi. İndi gürcü-pravoslav kilsəsinin bəzi din xadimləri bununla kifayətlənməyib Azərbaycan Respublikasının lap içərilərində özləri üçün “torpaq” axtarır və bunun üçün tarixi qurdalayırlar. Lap erməni təcavüzkarlarının Qarabağla bağlı ərazi iddiaları irəli sürdükləri kimi.

Bir halda ki, bəzi gürcü-pravoslav din xadimləri xalqlarımız, ölkələrimiz arasında tarixi dostluq əlaqələrinə töhfə verməkdənsə nifaq salmağa çalışırlar və bu məqsədlə tarixi qurdalayırlar, onda bəzi tövsiyələrimizi nəzərə alsalar, tarixi həqiqət onlara lap aydın olar.

Cənab ərazi iddiaçıları, bir halda ki, siz tarixlə belə maraqlanırsınız, onda yaxşı olar ki, əlinizdəki geniş imkanlardan istifadə edib Strabon da daxil olmaqla yunan-roma mənbələri ilə tanış olasınız! Onda görəcəksiniz ki, İberiyadan bu tərəfdəki, yəni Şərq tərəfdəki bütün ərazilər Albaniya torpaqlarıdır, yəni tarixi Azərbaycan torpaqlarıdır. Bunun ardınca Ərəb Xilafətinin tarixini vərəqləsəniz yenə görəcəksiniz ki, Tiflis Arranın, yəni Şimali Azərbaycanın ən böyük şəhərlərindən biridir. Bundan sonrakı tarix sizi maraqlandırsa, yenə görəcəksiniz ki, tarixdə paytaxtı Tiflis şəhəri olan Tiflis Müsəlman Əmirliyi adlanan bir dövlət də olub. Yüzillərlə ömür sürmüş bu dövlətin ərazisi, mədəniyyəti, xəritəsi, pulları, alimləri, mədəniyyət xadimləri olub. Sonrakı tarixlə və tarix xəritələri ilə tanış olsanız müasir Gürcüstan ərazisini bütünlüklə və ya qismən Ağqoyunlu, Səfəvi və Əfşarlar dövlətlərinin tərkibində görəcəksiniz. Məlumunuz olsun ki, gürcü döyüşçüləri, hətta Nadir şah Əfşar ordusunun tərkibində Hindistana qədər gedib çıxmışdılar.

Əgər siz, din xadimləri olaraq, bütün bunlara məhəl qoymayaraq erməni katolikosları və daşnaklar kimi öz qonşunuzun – Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri içərisində özünüzə “torpaq” axtarmaq niyyətindən əl çəkməsəniz, onda qurdaladığınız tarixlə bağlı bir sıra suallara da cavab verməli olacaqsınız.

Deyə bilərsinizmi, hara oldu tarixi Azərbaycan Albaniya dövlətinin İberiyadan Şərqdəki və müasir Gürcüstan ərazisində mövcud olmuş maddi-mədəniyyət abidələri? Paytaxtı Tiflis şəhəri olan müsəlman dövlətinin aqibəti, oradakı türk-müsəlman abidələrinin, qəbristanların, məscidlərin taleyi haqqında nə deyə bilərsiniz? Kim onları yerlə-yeksan etdi?

Gəncədə fəlakətli zəlzələ zamanı əhali matəm içərisində olduğu halda talan edilib aparılan sərvət barədə nə deyə bilərsiniz? Din xadimləri olduğunuz üçün Gəncə qapılarının harada saxlandığını bilməmiş deyilsiniz! Nə üçün, din xadimi olduğunuz halda bu qapıların Azərbaycana qaytarılması barədə düşünmürsünüz? Axı biz dostuq!

Gürcüstandakı, o cümlədən Tiflisdəki çoxsaylı müsəlman əhalisinin müqəddəs ibadət məkanı olan cümə məscidinin – məşhur Şah Abbas məscidinin partladılması vandallıq aktı deyildimi? Bəlkə xalqlarımız arasındakı tarixi dostluq naminə həmin abidənin bərpa olunması barədə məsələ qaldırmaq barədə düşünəsiniz!

Tarixlə maraqlandığınız üçün, heç şübhəsiz, bilməmiş deyilsiniz ki, gürcü əsilli general Sisianovun Azərbaycanın, indi sizin ərazi iddiası irəli sürdüyünüz Balakən, Zaqatala və Qax rayonlarında dinc əhaliyə qanlı divan tutduğu zaman gürcü kilsəsinin zəng sədaları altında bəzi din xadimləriniz bayram edirdi ki, bu torpaqları ələ keçirəcəklər! Bəlkə siz din xadimlərindən bəziləri yenə bayram keçirmək xəyalına düşüblər?

Görünür, bu niyyətdə olduğunuz üçün lap dünən – 2014-cü il iyunun 3-də qonşunuzun – Gürcüstanın dostu olan Azərbaycan Respublikasının ərazisində gürcü-pravoslav kilsəsinin idarəçilik strukturunu – “Qax və Kürmük yeparxiyası”nı yaratmısınız. Bu, müstəqil Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə deyilmi? İndi də, necə deyərlər, lap irəli gedərək bizim ərazimizdə, bizim öz tarixi abidəmizdə alimlərimizin gördüyü işlərin sizinlə razılaşdırılmasını tələb edirsiniz. Siz bizim dövlətimizin ərazisində “Yeparxiya” yaradanda bizim dövlətimizdən soruşmuşdunuzmu?..

Cənab din xadimləri, sizə yaxşı məlum olduğu kimi, məhz həmin dövrdə sizin kilsənin arzusu ilə çar Rusiyası Şimal-Qərbi Azərbaycan ərazisində Azərbaycan əhalisini zorla pravoslavlaşdırmaq siyasəti yeritdi, rus-pravoslav kilsələri tikdirildi. Elə o zaman, 1891-1894-cü illər ərzində Kürmükdəki qədim ziyarət yerində, Azərbaycan-Alban monastırının qalıqları üzərində rus-pravoslav kilsəsi inşa olundu. Təkrar edirəm: 1891-1894-cü illərdə! Bunu hansı əsasla, nə üçün və hansı niyyətlə siz qədim gürcü abidəsi hesab edirsiniz! Bütün bunlar barədə Azərbaycan tarixçilərinin əlində yüzlərlə arxiv sənədləri var. Əlimizdə yerli Azərbaycan əhalisinin, o cümlədən alban-ingiloyların zorla adlarının dəyişdirilib onlara gürcü adı verilməsi, pravoslavlaşdırılması və gürcüləşdirilməsi barədə arxiv sənədləri var. Maraqlansanız Gürcüstan arxivləri də belə sənədlərlə çox zəngindir. İstəsəniz tanış ola bilərsiniz!

Məlumunuz olsun ki, Azərbaycanda bu tarixi araşdıran elmi məktəb formalaşmışdır. Lakin xalqlarımız arasındakı tarixi dostluq naminə, dövlətlərimiz strateji tərəfdaş olduqları üçün biz bu tarixi sizin kimi qurdalamaq niyyətində deyilik.

Gürcüstan Patriarxlığındakı hörmətli din xadimləri, nəhayət siz, din xadimləri olaraq, erməni təcavüzkarlarının yolu ilə getməyin! Qardaş xalqlarımız və ölkələrimiz arasında tarixi dostluq münasibətlərinə zərbə vuracaq addımlar atmaqdansa işğal olunmuş torpaqlarınızın taleyi barədə düşünsəniz bu, Vətəniniz üçün daha faydalı olardı!

Yaqub Mahmudov, akademik

Şərhlər bağlıdır.