Elm və təhsil
Mənim orta məktəbdə oxuduğum illər sovet dövrünə təsadüf edib. Yəni, o dövrün gənc, lap yeniyetmə nəslinin nümayəndəsiyəm. 1975-ci ildə orta məktəbi bitirmişəm. O vaxt bizim iki məktəbli formamız var idi. Qışda qalın materialdan tikilmiş tünd-mixəyi rəngli məktəbli forması geyinirdik. Üstündən də qara, yaxud ağ rəngli önlük taxardıq. Paltarımızın qollarının ağzına və yaxasına naxışlı yaxalıq tikərdik… Yayda isə isti aylara uyğun olaraq eyni ilə ağ, yaxud da qara rəngli önlüklə bir qədər nazik parçadan tikilmiş qara məktəbli paltarı, yaxud da ağ rəngli kofta ilə qara rəngli ətək geyinirdik. Nə həddindən artıq qısa, nə də dizdən çox aşağı uzunluqda idi. Orta uzunluqda vahid məktəbli formasını geyinməkdən elə böyük zövq alardıq ki… Lap kiçikyaşlı məktəblilər “oktyabryat” nişanı, daha sonra isə “komsomol” nişanı, pioner olduqda isə qırmızı rəngli pioner qalstuku taxardı.. Yəni bu, vahid sistem, vahid məktəbli formasından istifadə üçün qoyulan tələb idi. Bütün məktəblərdə, ümumi təhsil və natamam orta təhsil müəssisələrində bu vahid qayda tətbiq olunurdu. Bundan kənara çıxmaq mümkün deyildi. Məktəbə başqa forma geyinə bilməzdin…”
Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuad səsləndirdi.
“Təəssüf edirəm ki, bu günlərdə məktəblərdə təhsil qaydaları və vahid geyim forması ilə bağlı müzakirələr yenidən gündəmə gətirilib. Azərbaycanda təhsil sisteminin dünyəvilik prinsipləri əsasında qurulması, məktəblərdə müəyyən edilmiş qaydalara əməl olunması daim cəmiyyətimizi düşündürən mühüm məsələlərdən olub. Əlbəttə, dünyəvilik prinsiplərinə əsaslanan vahid məktəbli formasının şagird¬lə¬rin dərsi mənimsəməsinə əks təsir göstərəcəyinə inanmıram. Əksinə, vahid formanın əlavə elementlər olmadan tətbiqi şagirdlər arasında ayrı-seçkilik, birinin digərindən üstün görünməsi məsələsini arxa plana keçirir və yox dərəcəsinə endirir. Eyni zamanda, müəllimlərin də məktəbin sinif otaqlarına, şagirdlərin qarşısına çıxacaq səviyyədə ciddi və səliqəli, estetik görünüşlü geyimlərdən istifadə etməsi tələbinin 06 oktyabr 2026-cı il tarixində Nazirlər Kabinetinin qərarında şagirdlərdə olduğu kimi, müəllimlərin geyimində də “dünyəvilik prinsipi” tələbinin qoyulmasının tərəfdarıyam…
Baş verən etirazların, demək olar ki, fikir ayrılıqlarının mərkəzində müdaxiləçi qüvvələrin dəstəyinin olduğunu düşünürəm. Yəni bu, təkbaşına hicab tərəfdarlarının məsələsi deyil. Müəyyən nüanslar da var ki, biz təəssüf ki, onları aça bilmirik. Ancaq qazandığımız uğurlar, möhtəşəm qələbəmiz, Azərbaycan torpaqlarının əsirlikdən azad olunması və bütövləşməsi bir çoxlarının gözünə ox kimi batmaqdadır və Azərbaycanımızı sevməyən, uğurlarını gözü götürməyən, düşmən dəyirmanına su tökən şər qüvvələrin dəstəyi ilə bu etirazçıların körükləndiyi aydındır…
2020-ci ilin 44 günü boyunca Şanlı Ordumuzun qəhrəmanlığı sayəsində azad olunan torpaqlar¬ımızın adını efirdən eşitdikcə, qələbə sevincini duyub yaşadıqca İnsan sevincdən sanki qanad açıb uçurrdu. İşğal olunmuş rayonlarımızın, Qarabağ torpaqlarının hər dəfə hissə-hissə, kənd-kənd, oba-oba, şəhər-şəhər, rayon-rayon azad olunduğunu televiziya ekranlarının qarşısında nəfəs çəkmədən dayanıb dinləyirdik. Hər dəfə ölkə başçısı, Ali Baş Komandan elan edəndə ki, Suqovuşan, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli azad olundu, şəhər və kəndlərimiz işğaldan azad olundu və ən sonda “Şuşa, sən azadsan! Biz Səni dirçəldəcəyik! Qarabağ Azərbaycandır” nidalarını efirdən eşitməyimiz, dəyəri sözlə ölçülə bilməyəcək dərəcədə olan bir sevinc demək idi. Nə tez unutduq onları?
Mən hər dəfə ölkə xaricində beynəlxalq konfrans və simpoziumlarda iştirak edən bir ədəbiyyat adamıyam. Amma ölkəmin tarixində nə qədər şərəfli səhifələr olsa da, 2020-ci ilin 27 sentyabr – 8 noyabr tarixinə qədər mən məğlub ölkənin vətəndaşı kimi dilim qısa idi. Həqiqətən də, alnımda məğlubiyyətimizin o qara damğasını daşıyırdim. Yəni dini radikalizmin təsiri altında olanlara, fanatiklərə deyərdim: erməni əsirliyində olan qadınlarımıza qarşı vandalların, o cəllad ermənilərin törətdikləri təcavüzlər, atalarının, qardaşlarının gözü qarşısında o sağlam, tərtəmiz, günahsız qadınlarımızın, mələklər kimi saf qızların və həyalı gəlinlərimizin alçaldılması onların qüruruna toxunmurdu? Bu gün məktəblərə hücum çəkən dəstələrin önünə düşən kişilər ermənilərdən qisas almaq üçün nədən səfərbər olmurdular? Müsəlman dünyası demirikmi, İslam dünyası demirikmi? Biz başqa bir dinəmi sitayiş edirik? Axı bizim də dinimiz İslam dinidir. Allahımıza, Peyğəmbərimizə, Quran kitabımıza inamımız sabitdir, bütövdür! Hər günümüzə “Ya Allah, ya Məhəmməd!” deyərək başlayırıq. Hər zaman da Allahımıza dualarımızda hər hansı bir işimizin həyata keçirilməsini, yerinə yetirilməsini diləyirik, əllərimiz Ona doğru açılır. Necə ola bilər ki, namus, əxlaq, Allaha itaət hicabla ölçülsün? Mənim tanıdıqlarım var, Lətifə xanım, Sevda xanım, Zəminə xanım… Məşhəddə, Kərbəlada olublar, hətta Ümrə ziyarətinə də gediblər. Tanrının o qədər sadiq qullarındandırlar ki… Amma hicab örtmürlər, bürünməyiblər də. İmanları, inancları isə bütöv, kamildir. Onların müdrik düşüncə və fikirlərinin şahidi oluram və dinləməkdən zövq alıram. Amma hər halda, hicab örtərək dodağı, üzü, gözü kosmetik əməliyyatlı, boyalı, bəzəkli, uzun dırnaqlarla sosial şəbəkələrdə odlu-alovlu, ağzı köpüklənə-köpüklənə çıxış edən o hicablılardan heç də az inanclı deyillər”, – deyə o bildirdi.
Müsahibimiz vurğuladı ki, qurunun oduna yaşı yandırmayaq:
“Ölkəmiz müstəqil, bağımsızdır, dövlətimiz dünyəvi dövlətdir. Onun öz qaydaları, öz qanunları var. Qanunlarla idarə olunan müstəqil dövlətdir. Yəni qanunlarımız alidir. Bunu hər kəs başa düşməlidir. O qanunlardan çıxmaq istəyənlər anlamalıdırlar ki, bu qanunlar yaşından və mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan türkünə eyni dərəcədə şamildir. Düzdür, müəyyən neqativ hallar var. Qazilərimizə, əsgərlərimizə və yaxud da hər hansı bir kasıb təbəqənin nümayəndə¬lərinə məmurların haqsız münasibətinin, nataraz hərəkətlərinin şahidi oluruq. Amma bu, zaman gələcək, cəzalarını alacaqlar. Və bu münasibət onların hər hansı göstərişlə deyil, öz boylarınca danışması və davranması ilə bağlıdır. Təbii ki, hər kəs hərəkətində öz səviyyəsini, ləyaqətini, tərbiyəsini, xalqa olan sevgisini, dövlətimizə sədaqətini, mərdliyini, ya da bütün bunların əksini… nümayiş etdirir. Ancaq atalar deyiblər ki: “Keçini keçi ayağından, qoyunu qoyun ayağından asarlar”. Demək istəyirəm ki, hicabsız gəzənlərin ərlərinə, özlərinə təhqiramiz ifadələr işlətmək heç bir halda doğru deyil, yaxud da əks tərəfin. Bəlkə də mənim inamım daha yüksəkdir, inancım daha kamildir. Bunu haradan bilə bilərsiniz? Hər kəsin inamı öz içindədir. O, nümayiş olunmur. Tanrı o nümayişi sevmir. Əksinə, hicabla çıxıb nümayişçilər qarşısında hayqırmaq, qeyri-etik sözlər və hərəkətlərlə digərlərini təhqir etmək doğru deyil. Mən bu halları qətiyyən doğru saymıram”.
Esmira Fuad qeyd etdi ki, əsl hicablılar həmin mədəniyyəti daşıyan insanlar olmalıdırlar:
“Xalqın gözü tərəzidir. Kimin kim olduğunu hamı görür. Təbii ki, hər birimizin əməlləri sağ və sol çiyinlərimizdə yazılır. Tanrı ikiüzlülüyü sevmir. Tanrı deyir ki, mənə sadiqliyini kamil inamınla göstər, mənə sadiq, ürəkdən bağlan. Tanrı heç də hər il Aşurada zəncir vurub baş yarmağı, qan tökməyi qəbul eləmir. Tanrı bunu sifariş verməyib, fərz əməl də saymayıb ki… Tanrı Onun əmanət etdiyi bədənə xətər yetirməyi əmr eləməyib… Əksinə, qan tökməyin əleyhinədir. Quranımızda yazılanlar, peyğəmbərimizin də göstərdikləri bu dediklərimi əks etdirir, təsdiqləyir. Təbii ki, peyğəmbərimiz də, Quran da hicabı və ümumiyyətlə, örtünməyi, eləcə də namaz qılmağı könüllülük prinsipi əsasında insanlara təqdim edib. Burada məcburiyyət olmamalıdır. Amma mən hələ məktəb yaşına çatmayan körpələrin hicaba bürüdülməsinin əleyhinəyəm. O uşaq uşaqlığını yaşamalıdır. O dünyada, o örtülü dünyada nə görəcək, necə uşaqlıq yaşayacaq? Yəni, bunu valideyn düşünmürmü? Hansısa bir marağa görə övladının duyğu və düşüncələrini qurban vermək olarmı? Bu hansı dinə, kitaba sığır? Bir də ki, heç kimin heç kəsi təhqir etmək, aşağılamaq, inancına görə onu qınamaq səlahiyyəti yoxdur. Bu, Tanrı tərəfindən də qəbul olunmazdı. Tanrının tövbə qapısı isə hər zaman açıqdır. Tanrıya uzanan yollar da, Ona edilən duaların yolu da açıqdır. Kimin ürəkdən, sidq-ürəkdən Ona bağlı olduğunu, kimin də saxtakarlıq edərək nələrinsə xatirinə, hansı qüvvələrin dəyirmanına su tökdüyünü yaxşı bilən və görəndir. Qiyamət günü dediyiniz o gün gələcək və həmin gün hər kəs öz əməlinə görə cavab verəcək!..”
Filologiya elmləri doktoru fikrini belə yekunlaşdırdı:
“Əsrin əvvəllərində Mirzə Cəlillər, Üzeyir Hacıbəylilər, Sabirlər, Əli bəy Hüseynzadələr, Mollanəsrəddinçilər, Sevillər, Almazlar bu örtükdən xilas olmaq, təhsilə, elmə, humanist biliklərə yiyələnmək uğrunda mübarizə meydanına atılırdı¬lar. Bəs bu gün bizim kütləvi şəkildə bürünməyə doğru getməyimiz doğrudurmu? Mən hər kəsi müəyyən edilmiş qaydalara, qanunlara əməl etməyə çağırıram. Bu qaydalara əməl etmək hər bir Azərbaycan vətəndaşının, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, borcudur, məhz vətəndaşlıq borcu…”
Xədicə BAXIŞLI
Şərhlər bağlıdır.