İRAN VƏ ABŞ HƏRBİ GƏMİLƏRİ YENƏ ÜZBƏÜZ GƏLDİLƏR

İranın və ABŞ-ın Fars körfəzində üzən gəmiləri arasında yenə insident qeydə alınıb.  Bu barədə “Sputnik Azərbaycan” İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələrinin açıqlamasına istinadən informasiya yayımlayıb.

Yazılı açıqlamada əvvəlcə ABŞ Müdafiə Nazirliyinin beynəlxalq sularda İrana məxsus 13 hərbi katerin ABŞ-ın 7 hərbi gəmisinə qarşı təxribat törətdiyi haqqında iddiası rədd edilib. Nəzərə çatdırılıb ki, mayın 10-da təxribat hərəkətlərini İran yox, ABŞ gəmiləri törədiblər. Körfəzdəki ABŞ gəmiləri İranın dəniz sərhədinə həddən artıq dərəcədə yaxınlaşaraq gəmidəki hərbi vertolyotların uçuşunu təşkil edib və havaya həyəcan fişəngi buraxaraq qeyri-professional addımlar atıblar. Başqa dövlətin dəniz sərhədi yaxınlığına bu kimi hərəkətlərə yol verilməsi dənizçilik haqqında beynəlxalq qanunlara ziddir.

Bu kimi hərəkətləri müşahidə edən Sepahın hərbi dəniz qüvvələrinə məxsus hərbi katerlər ABŞ-ın gəmilərinə xəbərdarlıq edib və onları sərhəddən uzaqlaşdırıblar.

Sepahın hərbi dəniz qüvvələri bir daha bəyan edib ki, sərhədləri yaxınlığında belə təxribatlara icazə verməyəcək və əgər qarşı tərəf qeyri-qanuni davranarsa sərt şəkildə cavab veriləcək. 

Əkbər

Şərhlər bağlıdır.