Cənubi azərbaycanlılar kiminsə, nə vaxtsa dediyi “Azərbaycan İranın başıdır” ifadəsini eşitməkdən və təkrar etməkdən qürur duyurlar. Bu ifadənin nə vaxt deyildiyini dəqiq bilməsək də, onu qeyd edə bilərik ki, həmin ifadə meydana gələndə Cənubi Azərbaycan və onun paytaxtı Təbriz şəhəri İranda heç bir sahədə aparıcı mövqeyə malik deyildi. Bu ifadə bir tərəfdən azərbaycanlıların İran dövlətinə bağlılığını, digər tərəfdən isə Azərbaycanın İran üçün əhəmiyyətini vurğulamaq məqsədilə deyilmişdir.
Bu ifadəni icad edənlər Azərbaycan deyəndə ona ərazi mənası, azərbaycanlılar deyəndə isə digər məna – Azərbaycan xalqı mənası verir və hər kəs onu öz bildiyi kimi başa düşürdü. İstər şahlıq, istərsə molla rejimi Azərbaycan deyib azərbaycanlıları etnik cəhətdən məhv etmək-etnosid siyasəti yeridir? “Başın” dilini qoparıb atmağa çalışıb və çalışırlar.
Mövzunu davam etdirməzdən əvvəl bir məsələni qeyd etmək vacibdir. Doğrudan da, bir zamanlar, yəni XIX əsr və XXəsrin əvvəllərinə kimi, yəni İranda Məşrutə (Konstitusiya) inqilabına kimi Azərbaycan vahid bir inzibati-ərazi qurumu-məkanı və Azərbaycan xalqı isə İranın başı idi.
Azərbaycan İranı Rusiya işğalından qoruya bilmişdir. Çünki İran-rus müharibələri adlanan və əslində Azərbaycan-Rusiya müharibələri olan bu müharibələrdə hərbi əməliyyatları Şimali Azərbaycan ərazisində apararaq, Azərbaycanın bir hissəsini Rusiyaya verməyə məcbur olub Cənubi Azərbaycanı və İranı işğaldan xilas etmişdi.
İstər həmin 1804-1813 və 1826-1828-ci illər İran-Rusiya müharibəlıri zamani, istərsə də ondan sonrakı mərhələlərdə Azərbaycan məkan baxımından periferya əyaləti olsa da, əvvəlcə siyasi-hərbi, sonra iqtisadi-mədəni-mənəvi baxımdan ölkənin mərkəzi əyaləti funksiyasını yerinə yetirirdi. Cənubi azərbaycanlı araşdırıcılar Azərbaycanın və Təbriz şəhərinin İranın siyasi, iqtisadi, mədəni, mənəvi həyatında oynadığı qabacıl və aparıcı rolunu “birincilər”(İranda bütün yeniliklər Azərbaycandan başlamışdır) termini ilə ifadə edirlər (bax: Səməd Sərdariniya. Birincilər şəhəri Təbriz…). İran və xarici tədqiqatçılar da Cənubi Azərbaycanın XIX əsrdə və XXəsrin əvvəllərində İranda aparıcı rolunu qeyd etməyə bilmirlər. Cənubi Azərbaycanın göstərilən dövrdə oynadığı qabaqcıl və aparıcı rolu onun geostrateji, geoiqtisadi mövqeyi, Osmanlı və Rusiya ilə qonşu olması, İranın Rusiya və Qərblə iqtisadi-ticarət və digər əlaqələrinin Cənubi Azərbaycan vasitəsi ilə baş verdiyi, Azərbaycanın Vəliəhd taxtının yerləşdiyi əyalət olması və s. ilə izah edirlər.
İndi tarixi proseslərə yenidən nəzər salanda daha aydın şəkildə görünür ki, Azərbaycanın və Təbrizin qeyd edilən dövrdə oynadığı rol və əldə etdiyi mövqe təkcə geosiyasi və geoiqtisadi şərtlərlə bağlı deyild. Ən mühüm amil İranda mərkəzi hakimiyyəti öz əlinə alan Ağa Məhəmməd şah Qacarın çox aydın və dərin milli kimlik şüuruna malik olması idi. O, başçıllq etdiyi Qacar tayfasının ana vətəninin Azərbaycan (o vaxtkı bütün Azərbaycan) və özünün türk olduğunu yaxşı bilirdi. Bundan əlavə Ağa Məhəmməd şah Qacarın hakimiyyət uğrunda apardığı mübarizənin tarixi aydın şəkildə göstərir ki, 1779-cu ildə mübarizəyə başladıqdan sonra həmin mübarizə daha çox fars-türk qarşıdurması formasında cərəyan edirdi. Ağa Məhəmməd xan Qacarı Mərkəzi və Şərqi İranın türk əhalisi və tayfaları, Zəndləri isə həmin regionun və Cənubi İranın (Fars,Kerman və s.) fars dilli əhalisi müdafiə edirdi.
Ağa Məhıməd Qacar Cənubi Azərbaycanı asanlıqla özünə tabe etdikdən sonra, onun hərbi, iqtisadi gücü qat-qat artmış və İranın fəthi və Zənd sülaləsinin siyasi səhnədən kənarlaşdırılması üçün əlverişli şərait yaranmışdı. Həmin mübarizədə yaxından iştirak edən vəliəhd Fətəli xan özü şah olandan sonra deyilənləri nəzərə alaraq, yığcam və çoxsaylı türk əhalisinə malik olan Azərbaycanı özünün hərbi, siyasi dayağı seçərək Abbas Mirzəni vəliəhd elan etmiş və onu Azərbaycana vali ( fərmanfərma) təyin etmişdir.
Abbas Mirzə Azərbaycanda özünə qarşı mehriban, doğma münasibət görmüş və dövrünün qabaqcıl dünyagörüşlü insanı olduğundan şahlığı möhkəmlətmək və İranı inkişaf etdirmək üçün geniş modernləşdirmə işlərinə başlamışdır. Tarixi şərait elə gətirmişdir ki, onun yenilikləri Azərbaycan əyaləti ilə məhdudlaşmışdır. Abbas Mirzədən sonra Azərbaycanın aparıcı və yenilikçi rolu davam etmişdir. İranın fars kökənli baş nazirlərindən bəziləri Təbrizi Tehranla əvəz etmək siyasəti yeritdiklərindən, Təbrizin bir sıra sahələrdə mövqeyi zəifləsə də, yenilikçi rolu qorunub saxlanmışdır.
Azərbaycanın aparıcı rolu XIXəsrin sonları XX əsrin əvvəllərində mövcud rejimə qarşı siyasi, ideoloji mübarizənin təşkilində yenidən özünü göstərmişdir. Azərbaycanlıların aktiv siyasi, ideoloji və maarifçilik fəaliyyəti sayəsində İranın ilk Konstitusiyası (1906-1907) Şəriət konstitusiyasına çevrilməmişdir. Qacar sülaləsinin hakimiyyətdən devrilməsi ilə panfarsist qüvvələr Azərbaycanı malik ovduğu qabaqcıl mövqedən sıxışdırıb çıxarmaq və İranın adi bir əyalətinə çevirmək siyasəti həyata keçirməyə başladılar. Həmin vaxt siyasət Cənubi Azərbaycan məkanına və orada yaşayan türk xalqına qarşı çevrilmişdi. Azərbaycan xalqının iradəsini və birliyini sındırmaq üçün onu parçalamağa başladılar. Diqqətlə baxdıqda aydın görünür ki, fars şovinistləri Azərbaycanın və Azərbaycan xalqının Qacar sülaləsinin hakimiyyəti illərində əldə etdikləri nailiyyətləri və ya Azərbaycanda Qacar irsini məhv etmək siyasəti yeridirdilər. Həmin siyasətin bu gün də davam etdiyini nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan yalnız türk Qacar hakimiyyəti sayəsində İranın “başı” (tacı) ola bilmişdi. Qacarların hakimiyyətdən getməsi ilə fars şovinistləri həmin “baş”ı tədricən məhv etmək siuyasəti yeridiblər və yeridirlər.
Həmin siyasət nəticəsində Azərbaycan termini kiçildilərək Şərqi və Qərbi Azərbaycan əyalətlərinə bölünərək Azərbaycan adlanan böyük bir inzibati-ərazi vahidinin yarısından az bir hissəsinin adı kimi məhdudlaşdırılmışdır.
Azərbaycan etnik və milli kimliyinin əsas maddi daşıyıcısı, ifadəçisi və etnik-milli birliyin yeganə qarantı olan Azərbaycan dili həm xaricdən, həm də daxildən planlı şəkildə, elmi əsaslarla məhv edilməkdədir.
Xaricidən deyəndə Azərbaycan dilinin funksiyasının mədəni-məişət və şifahi sferaya sıxışdırılması, daxili dedikdə isə Azərbaycan dilinin leksik fondunun fars söz və ifadələri ilə zibillənməsi və həmin söz və ifadələr vasitəsi ilə dilin ən sabit, mühafizəkar və müqavimət qabilliyyətli əsasını – qrammatikasını dəyişmək siyasəti yeridilməsi nəzərdə tutulur.
Azərbaycan xalqına qarşı yeridiliən etnosid və linqvosid siyasəti xalqın milli ruhlu ziyalılarının enerjisinin xalqın etnik varlığını qorumağa yönəlməsinə səbəb olmuşdur. Ona görə də Pəhləvi və molla rejimi dönəmində azərbaycanlılar artıq ümummilli məsələlərdə müstəqil, yenilikçi və modernləşdirici qüvvə kimi çıxış edə bilmirdilər. Qeyd edilən dövrdə İranın siyasi, mədəni həyatında istər islahat, istərsə də mühafizəkar cəbhədə aparıcı rol oynayan yeni nəsil azərbaycanlılara rast gəlinmir. Bunun əsas göstəricilərindən ən mühümü İran-İraq müharibəsindən sonra İranın siyasi sisteminə-hər üç hakimiyyət qolu və digər mərkəzi qurumlara rəhbərlik edən azərbaycanlılara rast gəlinməməməsidir. Digər mühüm göstərici, azərbaycanlıların nə islahatçı adlanan sistemdaxili qüvvələrə, nə də “oppozisiya” adlanan xarici müxalifətə başçılıq etmək imkanından məhrum edilməsidir. Başqa sözlə, azərbaycanlılar nə daxildə hakimiyyətin ən yüksək pillələrinə buraxılır, nə də xaricdə müxalifətə rəhbərlik edə bilir. Düşünülmüş və uzun müddətli antiazərbaycan siyasəti nəticəsində param-parça olunmuş bir Cənubi Azərbaycan və marginallaşdırılmış bir Cənubi Azərbaycan xalqı meydana gəlmişdir.
Beləliklə, hakimiyyətdə olan fars şovinistləri uzun illər İran əhalisinin böyük bir hissəsinə qarşı milli düşmənçilik və onun milli kimliyinə qarşı ardıcıl, güclənən və genişlənən siyasət yeridərək Cənubi Azərbaycanı və Cənubi Azərbaycan xalqını nəinki İranda , eləcə də Azərbaycanda aparıcı rol oynamaq imkanından məhrum edərək, onu bir neçə sıravi vilayətə (ostana) parçalayıb, əhalisini milli sahədə hüquqsuz bir topluma çevirmişdir. Ən acınacaqlı hal isə ondan ibarətdir ki, zəiflədilmiş Cənubi Azərbaycan elitasında milli hüquqlar uğrunda mübarizəyə rəhbərlik edə biləcək qüvvə müşahidə etmək demək olar ki, qeyri-mümkündür.
Hazırda Azərbaycan nəinki İranın başı deyil, özü belə başsız qalmışdır.
V.Mustafayev
Şərhlər bağlıdır.