MƏŞRUTƏ SƏNGƏRİ, YOXSA NARKOMANLARIN SIĞINACAĞI?

Azerbaycan-ruznamesi.org etekyazi.com-da tarixi abidələrə münasibəti şərh edir. Həmin yazını sizlərə təqdim edirik.

İranda hakimiyyətin Pəhləvilərin hakimiyyəti dövründə Azərbaycanda bir çox tarixi abidə məhv edilib. O qaranlıq illərdən salamat qalan abidələr isə hazırda dövlət orqanlarının laqeyd yanaşması nəticəsində ya dağılıb ya da məhv olmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Bunlardan biri də Təbrizdə yerləşən Bağır xanın evidir.

Tanınmış milli qəhrəman Bağır xanın evi acınacaqlı vəziyyətdədir. Təbrizin “Xiyaban” məhəlləsində yerləşən bu tarixi ev təxminən bir il əvvəl tarixi abidələr siyahısına salınıb.  Lakin buna baxmayaraq binanın restavrasiyası ilə bağlı bir iş görülmür. Hazırda yarı dağılmış halda olan ev narkomanların sığınacağına çevrilib.

Məşrutə hərəkatının qəhrəmanı olan Bağır xan Təbriz mühasirəyə alınanda Səttar xan və digər mücahidlərlə birlikdə silahdaş olub. Onun rəhbərlik etdiyi səngər Xiyaban məhəlləsində yerləşib. Hazırda Bağır xan evi adı verilmiş bu evin əslində Bağır xanın yaxın silahdaşı Mir Haşım Xiyabanlının evi olduğu deyilir. Ev Qurd meydanının yaxınlığında Milli salar küçəsində yerləşir.

Bağır xanın öz evi Məşrutə inqilabında rus qoşunu tərəfindən partladılıb. Daha sonra isə Milli hökumətin hakimiyyəti dövründə həmin məhəlləyə “Milli salar” adı verilib. Sonra Təbrizə hücum edən pəhləvi qoşunu Milli Hökumət dövründə burada qoyulan Bağır xanın heykəlini də yıxıblar.  Böyük mücahid Bağır xanın məzarı isə Təbrizin Tubaiyə qəbiristanlığında yerləşir.

Vədlər binanı qorumur

Uzun illərdir ki Bağır xan evi adı ilə taninan tarixi ev pis vəziyyətdədir. 2020-ci il oktyabrın 3-də (12 mehr 1399) Təbriz şəhər şurasının mədəniyyət komisiyasının rəisi Şəkur Əkbərnijad bu evin bərpa edilməsi ilə bağlı xəbər vermişdir. Ondan qabaq isə Şərqi Azərbaycan Miras İdarəsinin rəisi və Üçüncü dövr İslami Şura da Bağır xanın evinin təmir olunacağını demişdilər. Beşinci dövr İslami şira da bununla bağlı iş görə bilmədi. Təkrarlanan və yerinə yetirilməyən vədlər evin daha da dağılması ilə müşayiət olunur. Hətta Bağır xanın evi haqda sual verən müxbirə şuranın sözcüsü oranı tanımadığını demişdi.

2021-ci il fevralın 22-də bina tarixi abidələrin siyahısına əlavə edilib. Lakin dağılmaq təhlükəsi ilə üzləşmiş bu evdə hələ də təmir işlərinə başlamayıblar. Bağır xanın evi Azərbaycanın digər acınacaqlı vəziyyətdə olan evləri ilə eyni sıradadır.

Bağır xanın da evi məhv olan tarixi abidələrin siyahısına düşəcək?

Tarixi abidələr baxımsız qaldıqda təbii amillərin təsiri ilə də dağılırlar. Bu abidələri təbii və ya qeyri təbii amillərin təsiri ilə dağılmasının qarşısını dövlət almalıdır. Təəssüflər olsun ki Cənubi Azərbaycanda bir çox abidə məqsədyönlü şəkildə dağıdılıb. Qacarlar dövrünə aid bir çox abidələr Pəhləvilər dövründə Rza şahın əmri ilə dağıdılıb.

Pəhləvilər dövründə onlarla abidə dağıdılıb. Bunlara nümunə kimi Şəmsül-İmarə, Alıqapı, Darül-Səltənə kimi bir çox əhəmiyyətli abidələri göstərmək olar.1979-cu ildə baş vermiş inqilabdan sonra da abidələrin bir qismi məqsədyönlü şəkildə bir qismi isə baxımsızlıqdan dağılıb.Bilərəkdən dağıdılan abidələrdən biri də Ərk qalası kompleksidir. Hazırda bu kompleksdən yalnız Ərk qalası salamat qalıb. Bu kompleksin dağıdılmasında əsas rolu Təbrizin keçmiş cümə imamı oynayıb. O burada tarixi kompleksin böyük bir ərazisini işğal edən Müsəlla adlı yeni məscid tikdirib.

Bağır xan evi dağıdıcı amillərlə baş-başa qalıb. Əldə olan görüntülərə əsasən bu ev yaxın zamanlarda bərpa edilməsə tamamilə məhv ola bilər.

Şərhlər bağlıdır.