BEYNƏLXALQ MÜFƏTTİŞLƏR VƏ HAKİMLƏR TƏLƏB EDİRLƏR:

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI İBRAHİM RƏİSİNİN 1988-CI IL QƏTLLƏRINDƏKI ROLUNU ARAŞDIRSIN

Bu məlumat Beynəlxalq Əhv Komissiyasının (Amnesty İnternational) hesabatları əsasında hazırlanmışdır (Bax:https://www.radiozamaneh.com/702001/)

1988-ci ilin yayında siyasi məhbusların qətliamına qərar verən “Ölüm Komitəsi”nin üzvü İbrahim Rəisi siyasi məhbusların öldürülməsindəki rolu ilə fəxr edir. O, keçirdiyi mətbuat konfranslarının birində deyib ki, ona təşəkkür etmək və tərifləmək lazımdır. İ.Rəisi son dörd onillikdə siyasi dissidentlərin edamında və repressiyasında əsas fiqur olub və indi prezident kürsüsündə oturur.

BMT-nin keçmiş tanınmış hakimləri və müstəntiqləri BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletə (Michelle Bachelet) müraciət edərək, 1988-ci ilin yayında İranda siyasi məhbusların “qırğınını” və İranın hazırkı prezidenti İbrahim Rəisinin həmin qırğınlardakı rolunu araşdırmağa çağırıblar.

Cümə axşamı günü, 27 yanvar 2022-ci il tarixində yayılan açıq məktubu 460 nəfər, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) sabiq sədri Sanq Hyun Sanq və ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsindəki keçmiş səfiri Stiven Rapp da imzalamışlar. Digər imzalayanlar arasında BMT-nin işgəncə məsələləri üzrə keçmiş müfəttişləri, eyni zamanda Avstraliya, Belçika, Kanada, İtaliya, Kosovo və Polşanın keçmiş xarici işlər nazirləri də vardırlar.

Sözügedən məktubda deyilir: “Qətlləri törədənlər hələ də toxunulmazdırlar. Onların arasında İranın hazırkı prezidenti İbrahim Rəisi və İran İslam Respublikasının məhkəmə sisteminin hazırkı rəhbəri Qulamhüseyn Möhseni Ejei də vardır”.

İbrahim Rəisi keçən ilin iyulunda keçirdiyi mətbuat konfranslarının birində 1988-ci il qətllərində əli olması ilə bağlı sualı cavablandırarkən demişdir: “Əgər bir hakim və ya prokuror xalqın təhlükəsizliyini müdafiə edibsə, onu tərifləmək lazımdır”. “Mən harda olsam da, insan hüquqlarını müdafiə etdiyim üçün fəxr edirəm” – deyə, o əlavə edib.

İrandakı siyasi məhbuslar və insan haqlarını müşahidə edən qruplar Hüseyn Əli Nirini (dini hakim), Murtuza İşraqini (prokuror), İbrahim Rəisini (prokuror müavini) və Mustafa Purməhəmmadini (Ettelaatın – gizli kəşfiyyatın Evin həbsxanasındakı nümayəndəsi) 1988-ci il qırğınlarını törədən “Ölüm heyəti”nin məsulları olaraq tanıyırlar.

1985-1989-cu illərdə İran İslam Respublikası rəhbərinin keçmiş müavini Həsənəli Müntəzirinin ofisi vasitəsilə yayılan audiokaset İbrahim Rəisinin 1988-ci ilin yayında siyasi məhbusların öldürülməsində rolunu təsdiqləyən ən inandırıcı sənədlərdən biridir.

1988-ci ilin avqust və sentyabr aylarında minlərlə siyasi məhbus qısa bir sual-cavabdan sonra ölüm dəstələrinə təhvil verildi. Onlardan bəziləri hətta öz cəza müddətlərini başa vurduqlarından azadlığa çıxacaqları xəbərini gözləyirdilər.

Beynəlxalq Əhv Komissiyası (Amnesty İnternational) edam edilənlərin sayının 5000-ə yaxın olduğunu elan etmişdir. Bununla belə 2018-ci ildə Komissiyanın dərc etdiyi hesabatda ölənlərin həqiqi sayının daha çox ola biləcəyi qeyd edilib.

Cari ilin fevral ayında İnsan Haqları Şurasının illik iclasında hesabat verməli olan BMT-nin İrandakı İnsan Haqları üzrə Ali Komissarı Cavid Rəhman “Reuters” agentliyinə müsahibəsində 1988-ci ildə hökumətin edamları və sistematik qətlləri ilə bağlı iddiaları müstəqil araşdırmağa çağırıb. Keçən ilin iyul ayında İbrahim Rəisinin Tehran prokurorunun o vaxtkı müavini kimi rolu araşdırılıb. O, idarəsinin bu illər ərzində edamlarla bağlı şahid ifadələri və sübutlar topladığını, bu sübutları BMT-nin İnsan Haqları Şurası və ya bu sahədə araşdırma aparan digər müstəqil qurumlarla bölüşməyə hazır olduğunu bildirmişdir.

“Düşünürəm ki, artıq vaxt yetişib. İndi Rəisinin İranın prezidenti elan edildiyi belə bir zamanda 1988-ci ildə baş verənləri və bu hadisələrdə insanların rolunu araşdırmağa başlamağımız çox vacibdir”, – deyə Cavid Rəhman bildirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.