AZƏRBAYCAN DEMOKRAT FIRQƏSI MƏRKƏZI KOMITƏSININ 21 AZƏR HƏRƏKATININ 75 ILLIK YUBILEYI MÜNASIBƏTILƏ BƏYANATI

21 Azər hərəkatı Azərbaycan xalqının milli mübarizə tarixində ən şanlı və fəxrlə, qeyrət hissi ilə yad ediləcək, öyrəniləcək, gələcək nəslə nümunə göstəriləcək səhifələrdən birini təşkil edir.

21 Azər hərəkatı bütün İranda, eləcə də Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli şüurunun formalaşmasında əhəmiyyətli və misilsiz rol oynamışdır.

Bu hərəkat nəticəsində 21 dekabr 1945-ci il tarixində (21 Azər 1324-cü şəmsi ilində) qurulmuş Azərbaycan Milli Hökuməti qısa müddət ərzində mühüm islahat tədbirlərini həyata keçirdi. Bunlar geniş xalq kütlələrinin bilavasitə istək və arzularını əks etdirdiyi üçün tez bir zamanda Yaxın və Orta Şərq ölkələri, xüsusilə İranın başqa yerlərində də öz əksini tapdı və təsir dairəsini yaratdı.  İran xalqları Azərbaycandakı 21 Azər hərəkatı simasında özlərinin möhkəm və sarsılmaz arxasını gördü, ona özlərinin mübarizə dayağı kimi baxdılar. Bu zaman İran mətbuatı yazırdı: “Pişəvəri deyir ki, Azərbaycan durduqca İran azadixahlarını boğmaq qeyri  mümkün olacaqdır”.

21 Azər hərəkatı əzilən, milli və iqtisadi zülmə, istismara və xarici dövlətlərin soyğunçuluq siyasətinə məruz qalan xalqlar üçün mübarizə yollarını, azadlığı əldə etməyin taktikasını, milli dövlətin qurulması və müdafiə edilməsi üsullarını göstərdi, uzun illər boyu regionda bu yolda çarpışan və mübarizə aparan demokratik və milli qüvvələr üçün örnək  və məktəb oldu, onlar üçün həmişə ümid çırağı kimi yandı. Belə ki, 21 Azər hərəkatı öz mahiyyətinə görə antiimperialist və demokratik xarakterli bir xalq hərəkatı idi və bu hərəkat  Azərbaycanın tükənməz sərvətini qarət edib aparan xarici imperializm əleyhinə və xarici inhisarların soyğunçuluğuna əlverişli şərait yaradan şahlıq rejiminə, daxili irticaya qarşı üsyan etmiş xalqın möhkəm və sarsılmaz iradəsini nümayiş etdirirdi.

1946-cı ilin dekabr ayının 12-də Azərbaycanda milli-demokratik hərəkatın ABŞ imperializminin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən yatırılmasına, qan dəryasında boğulmasına, xalqın rifahı naminə yaradılmış bütün təsisatların məhv edilməsinə, 25 min nəfərdən çox demokratın və milli qüvvələrin güllələnməsinə, dar ağacından asılmasına, 100 mindən çox adamın sürgünlərə göndərilməsinə, mütərəqqi və demokratik ruhlu insanların amansızlıqla təqib edilməsinə baxmayaraq, Azərbaycan xalqının milli-azadlıq və milli-demokratik hüquqlar uğrunda mübarizəsi bir gün belə səngimədi. Azərbaycan xalqını təslim etmək kimsəyə müyəssər olmadığı kimi Məhəmməd Rza şaha və onun ağalarına da müyəssər olmadı.

Həmin zamanlarda İrandan alınan məlumatlar əsasında Bakıda nəşr edilən “Kommunist” qəzeti 23 aprel 1949-cu il tarixli sayında  yazırdı: “Budur, Azərbaycan himninin gurultulu səsi Səttarxan xiyabanını titrədir, bir müddət bütün hay-küy kəsilir, sanki burada heç qan tökülməmiş, adam qətl olunmamışdır. Gələn 27 nəfər igid və namuslu zabitlərdir, bunlar Azərbaycan Milli hökuməti himnin bu sözlərini oxuya-oxuya ölüm ayağına gedirlər:

“Ana yurdumsan, ey şanlı Vətən

Həmişəlik yaşa Azərbaycan…”

“Tolu” (“Günəşin doğuşu”) adlı İran qəzeti “Pişəvəri dirilmişdir!” başlıqlı məqaləsində 21 Azər hərəkatının məğlubiyyətindən keçən qısa bir aradan sonra (07.07.1949-cu il tarixli sayında) Azərbaycandakı siyasi və iqtisadi vəziyyəti şərh edərək yazırdı ki, “..yenə bizə pis xəbərlər çatır, yenə üsyankar ünsürlər (Azərbaycan demokratları nəzərdə tutulur) hər yerdə baş qaldırmış və “ Yaşasın Pişəvəri!” çağırışları getdikcə daha gur səslənir. Təbrizdə eşidilən bu səslər təhlükə olduğunu sübut edir. Bu dəfə, Allah eləməsin, Azərbaycanda bir fəlakət baş verərsə, indiki vəziyyət üsyançılar üçün çox əlverişli, bizim üçün isə çox zərərli olar. Hazırda Azərbaycan barıt anbarına bənzəyir”. Bütün bu xəbərlər onu göstərirdi ki, Cənubi Azərbaycanda qısa bir müddət ərzində qalib gəlmiş xalq demokratiyası, yəni “21 Azər” hərəkatı bütün ölkəyə nicat yolunu göstərdi.

21 Azər hərəkatının süqutundan sonra İran mərkəzi hökumətinin Azərbaycan maarif sistemində farslaşdırma siyasətini həyata keçirən mürtəcelərin məktəblərdən azərbaycanlı müəllimləri yığışdırıb, onların yerinə şovinist fars müəllimlərini təyin etmələrinə, Azərbaycan Milli Hökumətinin yaratdığı bütün maarif ocaqlarını (kəndlərdə 2000-dən yuxarı, şəhərdə isə 500-ə yaxın ibtidai və orta məktəb yaradıldı, Azərbaycanın hər yerində 3800 savadsızlığı ləğvetmə kursu açıldı) vəhşicəsinə yıxıb dağıtmalarına, müəllimləri öldürmələrinə, həbsə salmalarına, sürgün etmələrinə və yerdə qalanları da müəllimlik hüququndan məhrum etmələrinə baxmayaraq, şagirdlər yenə də məktəblərdə mövcud dərs proqramını boykot edir, tədris üsuluna qarşı çıxırdılar. Beləliklə Azərbaycan maarif sistemində demokratik fikirlər artıb yayılır, demokratik əhval ruhiyyə də öz növbəsində mərkəzi hökumətin farslaşdırma siyasətinə qarşı dayanırdı.

75 illik bir dövrün keçməsinə baxmayaraq 21 Azər hərəkatı Azərbaycan xalqının qəlbində özünə həmişəlik yer açmışdır. Cənubi Azərbaycan və eləcə də bütün İran mübarizləri 21 Azər hərəkatından  böyük təcrübə qazandılar. Həmişə canlı və nəzərdə tutulması vacib olan ibrət dərsləri aldılar.

İnamla deyə bilərik ki, bu gün İran tarixində “İslam inqilabı” kimi yazılmış Bəhmənin 29-da (1978-ci il fevralın 18-də) Təbrizdə yüksələn alov heç də təsadüfi və keçici deyildi. O da Səttarxan hərəkatından, Şeyx Məhəmməd Xiyabani qiyamından və 21 Azər hərəkatlarından güc almış, həmin hərəkatın közləri üstündə ucalmış, eyni xalqın iradəsini təmsil etmişdir.

İranda milli-demokratik bir üsul-idarə və rejim yaratmaq yalnız bütün mübarizlərin birgə vuruşu, birgə döyüşü sayəsində mümkün ola bilər. Yalnız belə olduğu halda, İranın və Azərbaycanın azadlığı və xoşbəxtliyi yolunda mübarizə aparan vətənpərvər insanlar  bu yolda  qəhrəmanlıqla şəhid olmuş igidlərin müqabilində borclarını ödəmiş olarlar.

Yaşasın Azərbaycan!

Var olsun birlik, mübarizə, zəfər!

21 Azər bayramınız mübarək olsun!

 

 

Azərbaycan Demokrat Firqəzi Mərkəzi Komitəsi

21 Azər 1399/12 dekabr 2020

Şərhlər bağlıdır.