Azerbaycan-ruznamesi.org – Azərbaycan Demokrat Firqəsinin yeni saytıdır Niyə qəzet yox, ruznamə?

Niyəsini bəri başdan cavablandırmalıyıq ki, təkrar sualların bolluğundan sığortalanaq. Saytımızın məram və məqsədləri, başlıcası dünyanın müxtəlif qitələrinə, ölkələrinə səpələnmiş soydaşlarımız arasında maarifçilik işi aparma missiyası sorğu müəllifləri sırasına Azərbaycan Demokrat Firqəsi üzvlərinin, tərəfdaşlarının qoşulacağını istisna etmir. Hər iki ifadə kənardan gəlmədir. “Ruznamə” fars sözüdür, Yaxın Şərqin 3-4 dövlətində işlədilir. “Qəzet” məfhumu italyanlardan götürülüb, dünyanın demək olar  hər yerində işlədilir, populyardır. Dilimizin daha da saflaşdırılması o tayda Milli Hökumət dövründən start götürmüş prosesdir. İndi bir sıra maneələrə baxmayaraq vətənpərvər ziyalılar tərəfindən davam etdirilməkdədir. Saytımızın da qarşıya qoyduğu başlıca məqsədlər sırasında bu amala töhfələr vermək dayanır. Bu baxımdan həmin sözü yad kimi dəyərləndirməyə tələsməyək. Mətbu tariximizə epizodik səfərə çıxaq və görək ki, mediyamızın neçə “Azərbaycan”ı olub, neçəsi ruznamə,  nə qədəri qəzet adlanıb.

Apardığımız araşdırmalar 13 rəqəminin üzərində qərarlaşır. XIX əsrdən iyirminci yüzilliyin başlanğıcınadək Arazın o tayında Azərbaycan adını 10 ruznamə, görkəmli maarifçi Mirzə Həsən Rüşdiyənin ilk sayı xalqımızın qəhrəman oğlu Səttarxanın gözlərində sevinc yaşları doğuran eyni adlı dərgisi daşıyıb. Digər dərgilərə gəldikdə Bakı, Köln və İsveçdəki “Azərbaycan”ların müsbət  xidmətləri danılmazdır.

Yaşa qalsa milli mətbuatımızın tarixi gərək 1858-ci ilin iyulunda Təbrizdə daşbasma üsulu ilə çıxmış aylıq “Azərbaycan”la hesablana. Lakin bu nəşr uzağı tacirlərin işinə yarayıb. Milli mətbuatımızın ilki sayılan “Əkinçi” ilə yanaşı dayanmağa qətiyyən mənəvi haqqı yoxdur. Ta 3 iyul  1918-ci ilə qədər mövcud olmuş “Azərbaycan”ların heç biri adına uyğun missiyanın öhdəsindən gələ bilməyiblər. Ya buna cəsarətləri çatmayıb, ya da bacarmayıblar. Həmin nəşr  dövlət müstəqilliyi bərpa olunmuş bir ölkənin yenə baş qəzetidir, rəsmi orqanıdır. Bu fakt 75 il əvvəl Təbrizdə fəaliyyətə başlamış “Azərbaycan”ın da gələcək taleyinə nikbinliklə yanaşmaq üçün şölələnən ümid məşəlidir.

Biz ruznamə ifadəsini də orijinallıq, fərqləndirmə mənasında işlətdiyimizdən təhlilinə ehtiyac duymuruq. Təftişçiliyi bir kənara atıb İranda, Cənubi Azərbaycanda, dünyada baş verən olaylara tarixi prizmadan obyektiv yanaşmalı, fikir və mülahizələrimizi səmimiyyətlə bölüşməliyik.

Müasir oxucu 50-60 il əvvəlkindən daha intellektual, daha həssasdır. Onun tələbatını operativ, məzmunlu, dolğun məlumatlar, publisistik materiallar ödəyə biləcəyindən  əksərinin həm də yaxın müəlliflərimiz olacaqları şübhə doğurmur. Saytımız görüşlərə yubilyarların vərəsəsi kimi gəlir.  75 yaşını qeyd edəcəyimiz  qəzeti, Azərbaycan Demokrat Firqəsini, “21 Azər” hərəkatını, Milli Hökuməti nəzərdə tuturuq. Bunlar xalqımızın şöhrət zirvələrindən sayılan ictimai-siyasi xadim, jurnalist, publisist Seyid Cəfər Pişəvərinin ruhuna, həmin 4 şah əsərinə məhəbbət və ehtiramımızın əlamətləri olardı.

İstərdik “Azerbaycan-ruznamesi.org”a sıradan bir sayt olaraq yanaşılmasın, qəzetin 6-cı dövrəsinin davamı qismində qəbul edilsin. Azərbaycan Demokrat Firqəsinin ötən ilin noyabrında Bakıda keçirilmiş 2-ci konqresində partiyada ideoloji işin yeni tələblər səviyyəsinə qaldırılmasından söhbət gedərkən tələb və təkliflər sırasında bu məsələ də yer alıb. Biz saytımızı Təbrizdə və  mühacirətdə işıq üzü görən qəzetin vərəsələrindən, işinin davamçılarından saydığımızdan tarixə mütəmadi baş vuracağıq. Alimlərimizin və xeyirxah insanlarımızın sayəsində “Azərbaycan”ın həmin şəhərdə 1945-1946-cı illərdə işıq üzü görmüş bütün 370 sayı 4 cilddə kitab halında buraxılmaqdadır. Üçü hazırdır, dördüncüsü və latın qrafikalı cildlərinin üzərində iş getməkdədir.

Saytımız xalqımız üçün olduqca xoş dönəmdə – Azərbaycan Respublikasında ümumxalq qələbə əhval-ruhiyyəsinin hökm sürdüyü bir şəraitdə  fəaliyyətə başlayır. 27 il əvvəl erməni işğalçılarına qarşı döyüşlərə firqəçilər, fədailər və onların övladları yollanmışdılar. Bu torpaqları azad edənlər, erməni faşizmini diz çökdürənlər sırasında onların da  nəvələri, nəticələri var. 20 Yanvarda, azadlıq meydanlarında olduğu kimi yenə şəhid verdik,  döyüşlərdə xəsarət aldıq. İndi həmin torpaqların əvvəlkindən də gözəl, abad görkəminin bərpasında könüllülər sırasında olacağıq. Saytımız bu quruculuq proseslərinin də salnaməsinə çevriləcək.

Təbiidir ki, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, görkəmli şəxsiyyətlərimiz, inqilabi irsimiz, 75 ilin xronikası, dünyada baş verən proseslər, “21 Azər”in dərsləri, bitib-tükənməyən mövzular barədə söhbətlərimiz çox olacaq. Sizləri nəinki oxucularımız, həm də yazarlarımız, məsləhətçilərimiz statusunda görmək istərdik.

Şərhlər bağlıdır.