Müxbirlər yetişdirməli

Ustadin mətbu irsindən yarpaqlar

“Bir zaman gələr ki, Məşrutə inqilabında iştirak edən bir mücahidi axtararlar ki, o, özünün məhəbbətini ona bildirsin. Bəlkə bir müddətdən sonra o da tapılmadı. O vaxt xalq fəqət tarixə müraciət edəcək. Oradan böyük hərəkat və onun başçılarını öyrənmək istəyəcəkdir. Buna görə tarixə ciddi fikir vermək, əldə olan sənəd və faktları toplayıb gələcək nəslə çatdırmaq zəruriyyəti meydana çıxır.”

Seyid Cəfər Pişəvəri

USTADIN MƏTBU İRSİNDƏN YARPAQLAR

Ömür-gününü Azərbaycan Demokrat firqəsinin yaranmasına, 21 Azər hərakatının, Milli Hökumətin fəaliyyətinə, mühacirətdəki həyatımızın öyrənilməsinə… həsr etmiş hörmətli tarixçi-alimimiz Əkrəm Rəhimli (Bije) oxucuların işini asanlaşdırmaq üçün Seyid Cəfəe Pişəvərinin məqalə və çıxışlarından seçmələri eyni adlı kitabda cəmləşdirib. Bakının “Nurlar” nəşriyyatında 2016-cı ildə çapdan çıxmış toplu geniş ictimaiyyət üçün ərməğandır. Buna görə də hamını oradakı məqalə və çıxışlarla ardıcıl surətdə tanış etməyi özümüzə borc bildik.

Azerbaycan-ruznamesi.org

Müxbirlər yetişdirməli

Yerlərdə və şəhərlərdə fəaliyyətə başlayan təzə firqə komitələri mətbuat məsələsinə artıq dərəcədə əhəmiyyət verməlidirlər. Məxsusən firqəmizin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin çapına firqə vəzifəsi kimi baxmaq lazımdır. Firqəmizə hüsni-rəğbət göstərən və həmçinin vilayətlərdə firqə komitələrinin rəhbərliyi ilə nəşr edilən qəzetlərin də çapı çox mühümdür.
Qəzetlər firqəmizin açıq dili və kəskin silahıdır. Bu silahdan layiqincə istifadə etməyi bütün firqə üzvlərinə öyrətmək lazımdır. Məxsusən savadlı üzvlər gərək özlərinə zəhmət verib qəzetlərimizin yazdıqlarını savadsız üzvlər üçün oxuyub onları başa salsınlar.
Müştərək qəzet oxumaq firqə üzvlərinin siyasi məlumatını artırmaq yolunda ən vacib, ən faydalı işlərdəndir. Bir də firqə üzvlərinin və savadlı azadlıqsevərlərin qəzetlərimizə abunə olmalarına diqqət etmək gərəkdir. Heç olmazsa, beş nəfər firqə üzvü yığılıb bir qəzetin pulunu verib onu kəndə və fabrikə gərək yetirə bilsinlər.
Bu firqənin üzvləri və ona rəhbərlik edən komitələr arasında möhkəm əlaqə yaradıb bütün üzvlərin ideyalarını müəyyən bir hədəfə sövq edər. Bu vasitə ilə təşkilat möhkəmlənib ondan tələb edilən böyük vəzifələri yerinə yetirməyə qadir olar.
İkinci növbədə şəhər və kəndlərdə firqənin savadlı üzvlərindən müxbirlər hazırlamaq məsələsidir. Yalnız bu vasitə ilə qəzetimiz bütün xalqın fikrinə güzgü olmaqla millətin həyatını olduğu kimi yazıb göstərməklə uğur qazana bilər.
Hər bir savadlı insan bir qədər diqqət və bir qədər məşq edərsə, görüb istədiyini yazıb şərh edə bilər. Güclü imla və inşanın düzgün olmasını biz idarədə islah edə bilərik. Siz mətləbin doğruluğuna və hadisələrin əhəmiyyətinə diqqət edin.
Bundan əlavə bəzi müxbirlik iddiası edənlər qəzeti özlərinin xüsusi qərəzlərinə alət etmək üçün yalan və uydurma xəbər yazmağa adət etmişlər. Bu kimi yazılara heç vaxt pul vermək istəmirik.
Müxbir gərək özünün və qəzetin abrını saxlamağa maraqlı olsun. Yalan yazmaq, iftira demək, xalqın üstünə çaxır səpmək namuslu insanlara yaraşan iş degildir. Biz mərd insanları sevirik. Mərd yalan yazmaz və düşmənlərini iftira və böhtanlarla meydandan çıxarmağa çalışmaz. Mərdin silahı sədaqətdir.
Haqq söz polad qılıncdan kəskin olar. Bu silahı heç vaxt çürük və termit yemiş yalan silahı ilə əvəz etməyin. O, sizi ölümə verə bilər. Bir də, çalışın, məktubları öz dilimizdə yazın. Adət etmədiyiniz üçün bu iş əvvəl günlərlə sizə bir az çətin gələr. Amma bir qədər işlədikdən sonra farscadan daha asan, daha tez və daha gözəl yazdığınızı hiss edəcəksiniz. Siz zənn etməyin ki, farsca yaxşı yazırsınız. Belə deyil, onu güclə sizə adət etdirmişlər. Ana dilində işə girişdikdə görəcəksiniz, yazdılarınız çox təbii və çox gözəl olacaqdır. Siz indi kitab üzrə düşünüb adət üzrə kəlmələrin həqiqi mənasını tamamilə anlamadan yazırsınız. Ona görə cümlələriniz qeyri-təbii və saxta nəzərə gəlir. Fars ədəbiyyatında məharəti olanlar yazdılarınızı görən kimi anlar ki, fars deyilsiniz və tutuquşu kimi ibarəpərdazlıq ilə işi başa salmağa çalışmamısınız. Azərbaycan dilində yazmağa başlasanız, bu nöqsan çox tez bir zamanda aradan qalxıb gedər və yazılarınız dərin mənalara malik olar.
Biz gələcək nömrələrimizdə bu barədə yenə də bəhs edəcəyik.
“Azərbaycan” qəzeti. ADF MK-nın rəsmi orqanı, say 42, 31.10.1945

Şərhlər bağlıdır.