İİR rəsmisinin başsağlığı dolaşıqlığı

Görünür Zərifin də dərsə ehtiyacı var

Kütləvi informasiya vasitələrindən xəbər tutduq ki, İranın xarici işlər naziri Məhhəmməd Cavad Zəriflə ermənistanlı həmkarı Ara Ayvazyan arasında telefon söhbəti olub. Məlumatı Ermənistan XİN yayıb. Söhbətin tam mətni ilə tanışlıq bizm üçün əhəmiiət kəsb etmədiyindən avropalı oxucularımızın təkidini nəzərə alaraq yalnız bir məqam üzərində dayanmağı özümüzə borc bilirik.

Məlumatda deyilir ki, zərif iran tərəfi adından Qarabağdakı müharibə qurbanlarına görə Ermənistana başsağlığı verib. Yəni nazir erməni təcavüzkarlarla, 27 il başqa ölkənin ərazisinin 20 faizini işğal altında saxlayanlarla, XX əsrin barbarları ilə, insanları diri-diri yandıranlarla, yaşayış məskənləeini külə döndərənlərlə elliklə ədalətli müharibəyə qalxıb şəhid olanları tərəzinin eyni gözünə qoymaq iddiasındadır. Beləliklə işğalçını, simasını itirmiş vəhşiləri də müharibə qurbanları adlandırmaqla nə dərəcədə obyektiv olduğunu nümayiş etdirib.

Azərbaycan ordusu, xalqımız cəmi 44 gün ərzində erməni faşizmini diz çökdürdü. Bu şanlı qələbə bir əsrdən yuxarı çəkən “böyük Ermənistan” utopik ideyasının əyani iflası oldu. Zərifin də bundan çox gözəl xəbəri var. Bir nazir kimi bilgisini, geniş məlumata malik olmasını səciyyələndirirlər. Ona görə də məlumatsızlıq versiyası, tarixə nabələdliyi qeyri-məqbuldur. Burada alman faşizminə qarşı müharibədə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş muğanlı igidlə bağlı vaxtilə dillər əzbəri olan lətifəyə bənzər misal yada düşür. Qəhrəmanı te-tez görüşlərə dəvət edir, xatirələrini dinləyir, gül-çiçəklə yola salırdılar. Elə bilirdi ki, kimsə rəhbərdir, yüksək vəzifə tutur, ona mütləq yoldaş deyə müraciət olunmalıdır. Müharibəyə aid növbəti tədbirlərin birində qeyzlə: “Yoldaşlar bilmirəm yoldaş Hitler bizdən nə istəyirdi, yoldaş Mussolino bizdən nə istəyirdi” sözlərini vurğulaması salonda gülüşlə qarşılandı.

Düzdür ad-sanını nəzərə alıb cəzalandırmadılar, amma bundan sonra görüşlərə də dəvət edilmədi. Zərifin başsağlığı da o rəhmətliklə bağlı misalı xatırladır. Ötən əsrin 80-ci illərində imperialist dövlətləri tərəfindən şirnikləndirilən Səddam rejimi İrana qəflətən hücum etdi. İşğalçının qovulması üçün döyüşlərdə yüzminlərlə qurbanlar verildi. İndi sual verilir: qonşu dövlətlərin hər hansı birinin rəsmisi oxşar eyniləşdirməni aparsaydı İranın dövlət rəhbərləri buna necə yanaşardılar?!

Azerbaycan-ruznamesi.org -da təqdim olunan “Ulu Öndər Heydər Əliyevin İran rəsmiləri üçün dil və coğrafiya dərsləri” yəqin yadınızdan çıxmayıb. Bilirik ki, Zərifə coğrafiyadan dərs deməyə ehtiyac yoxdur. Şəhidlik, qurban ifadələrinə gəldikdə burada vəziyyət dəyişir. Onlar islam aləminin də rəmzləridir. Görünür nazirin islamda müqəddəslik rəmzi sayılan şəhidlikdən, haqqla-nahaqqın, təcavüzə məruz qalanın səciyyələndirilməsindən də dərs keçməsi üçün onun müəllimə ehtiyacı var.

Rəhim Hüseynzadə,

Əməkdar jurnalist

Şərhlər bağlıdır.