TEHRAN-TƏBRİZ YOLUNDA

9 aprel – 10 may 1946-cı il tarixli Tehran-Təbriz müzakirələri barədə

Azərbaycan Demokrat Partiyası “12 Şəhrivər” müraciətnaməsində (3 sentyabr 1945), Məramnaməsində (3 oktyabr 1945), Azərbaycan Xalq Konqresinin qərarlarında (21 noyabr 1945) və eləcə də Azərbaycan Milli hökumətinin iş proqramında (12 dekabr 1945) rəsmi surətdə elan olunmuş “ İranın istiqlalı və ərazi bütövlüyünü saxlamaqla bərabər Azərbaycana İran daxilində muxtariyyət verilməsi”şüarı ilə rəhbərlik etdiyi mübarizə eyni zamanda da İranın demokratikləşməsi uğrunda mübarizə idi. İranın irticaçı hakim dairələri və xarici imperialistlər Azərbaycan demokratik hərəkatını böyük dövlətlər arasındakı diplomatik çəkişmələrin axarına salmağa çalışırdı. İmperialistlər də eyni zamanda bu yolla İranın daxili işlərinə qarışmaq istəyirdilər. Lakin 1946-cı il aprel ayının 4-də Tehranda imzalanmış Sovet-İran sazişinin “Azərbaycan məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara uyğun olaraq İran hökuməti ilə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinc yolu tapılacaqdır” mövqeyini ifadə edən 3-cü maddəsi (Внешняя политик Советского Союза, М., 1946, стр.113) imperialistlərin İranın daxili işlərinə qarışmaq planlarının qarşısını almaqla əslində Azərbaycandakı demokratik hərəkata tərəfdar çıxmış oldu. 4 aprel 1946-cı il tarixli Sovet-İran sazişinin 3-cü maddəsi üzrə öhdəliklərindən çıxış edən İranın Qəvamüssəltənə hökuməti 1946-cı ilin apreli ayının 22-də Azərbaycan barədə 7 maddədən ibarət bir bəyannamə verdi (Dövlətin Azərbaycan barədə bəyannaməsi. Bax: Azərbaycan-Təbriz, 17 may 1946, – (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 201, 17 may 1946). Bu bəyannamə Azərbaycan Milli Hökumətinə İran hökuməti ilə danışıqlara başlamaq imkanı yaratdı. İran hökumətinin dəvətini qəbul edərək 1946-cı ilin aprel ayının 28-də Azərbaycan Milli Hökumətinin Baş naziri S.C.Pişəvərinin başçılığı ilə Tehrana getdi. Bu nümayəndə heyətinin tərkibinə Pişəvəri ilə bərabər Sadıq Badeqan, Sadıq Dilməqani, Firidun İbrahimi və Kürdüstan Milli Hökumətinin nümayəndəsi Məhəmmədhüseyn xan Seyf Qazi daxil idilər. Aprelin 29-da Azərbaycan nümayəndələri “Azərbaycan məsələsini sülh yolu ilə həll edib qardaş qanı tökülməməsinin qarşısını almaq üçün “ (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 201, 17 may 1946) İranın Baş nziri Qəvamüssəltənənin siyasi işlər üzrə müavini Müzəffər Firuz, Müvərrəxüddövlə Sepehr, Müstəşarüddövlə Sadiq, Sadiq Fərman- fərmayan Məhəmmədvəli və Fətəli İpəkçiyanın daxil olduqları İran hökumətinin nümayəndə heyəti ilə danışılqlara başladılar. İran nümayəndələri mərkəzi hökumətin Azərbaycan barəsində hazırladığı 7 maddədən ibarət bəyannamənin danışıqlar üçün əsas götürülməsini irəli sürdü. Bunun müqabilində isə Azərbaycan nümayəndə heyətin İran hökumətinə 33 maddədən ibarət təkliflər paketini təqdim etdi. Bununla Azərbaycahn nümayəndə heyəti “Azərbaycanda Milli Hökumətin saxlanılmasını, demokratiyanın əsaslarının bütün İranda möhkəmlənməsini və genişlənməsini tələb etdi” (Azərbaycan nümayəndələrinin Tehran hökuməti ilə apardığı müzakirələr (29 aprel – 10 may 1946) barədə elamiyyə, – “Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 201, 17 may 1946). Azərbaycan nümayəndə heyəti təklif edirdi ki, 1945-ci ilin sentyabr ayının 3-dən Azərbaycanda yaranmış hərəkat mütərəqqi, demokratik və İranın həqiqi istiqlaliyyətinin zamini olan bir hərəkat kimi tanınsın. Azərbaycan nümayəndə heyətinin təkliflərində İranın inzibati-ərazi bölgüsü sistemində “Azərbaycan 3-cü və 4-cü əyalətlərdən və Xəmsə (Zəncan) vilayətindən ibarət olaraq müəyyən bir ərazi vahidi statusunda muxtar (avtonom) hökumət adı ilə İranın tərkibindədir, Mərkəzisə təbriz şəhəridir” maddəsi əsas və mühüm mövqelərdən birini əks etdiridi. İlkin müzakirələrdən sonra Qəvamüssəltənə hökuməti onlar tərəfindən təqdim təklif edilmiş 7 maddədən ibarət bəyannamədən kənara çıxmamağı qərara aldı (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 201, 17 may 1946). İran mərkəzi hökuməti tərəfindən irəli sürülən 7 maddəlik təkliflər Azərbaycanda yaranmış xalq hakimiyyətini məhdudlaşdırdığından və demokratik islahatları əhatə etmədiyindən Azərbaycan nümayəndə heyəti tərəfindən qəbul edilmədi. Beləliklə də müzakirələr 11 may 1946-cı il tarixində müəyyən bir nəticə vermədən dayandırılddı. Qəvamüssəltənə may ayının 13-də verdiyi bəyanatında göstərirdi: “Azərbaycan nümayəndələri Azərbaycan qoşununun və fədailərinin komandirlərinin İran mərkəzi hökuməti tərəfindən təyin olunmalarına razı olmadıqlarına, mülkədarların kəndlilər arasında bölünmüş torpaqlarının İranın gələcək parlamenti tərəfindən təsdiq olunmasını tələb etdiklərinə və s. tələblərə görə müzakirələr nəticə vermədi” (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 200, 16 may 1946). Azərbaycan Milli Hökumətinin Baş naziri S.C.Pişəvəri də Tehrann müzakirələrindən danışaraq demişdir: “Məsələ tək Azərbaycan məsələsi deyildir. Söz bütün İranda azadlıq, demokratlıq üsulunun yayılması üstündədir. Tehranın hakim heyətini, böyük feodallarını və torpaq sahiblərini qorxuya salan da burasıdır (“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 199, 15 may 1946). Əslində sözügedən danışıqların nəticəsiz qurtarmasına ilk növbədə imperialist dairələr, İranın dövlət başçısı, hakim dairələri və iri mülkədarları səbəb olmuşdur.

 Səməd Bayramzadə,

Material M.Çeşmazərin “Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti” (Bakı, “Elm”, 1986) kitabı əsasında hazırlanmışdır (bax:səh. 129-131).

Şərhlər bağlıdır.