GENERAL MAHMUD PƏNAHİYAN (1908 – 1987)

MİLLİ ORDUNUN GENERALLARI

Azərbaycan Milli Hökumətinin qəhrəman fədailərindən biri – general Mahmud Pənahiyan 1908-ci ildə Təbriz şəhərində  mülkədar ailəsində anadan olmuşdur. Orta təhsilini doğma Təbriz şəhərində almış,Tehranda Ali Hərbi ZabitIik məktəbini və hüquq fakültəsini bitirmişdir.

Onu da qeyd etmək lazımdır ki, Mahmud Pənahiyan Pənahəli xan Cavanşirin törəmələrindən olmuşdur. M.Pənahiyan İranın müxtəlif əyalətlərində şah ordusunda xidmət etmişdir. Xidmət etdiyi dövrdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.

O, 1943-cü ildə İran Xalq Partiyasının sıralarına daxil olmuş, şah rejiminin təqiblərinə məruz qaldığı üçün  1945-ci ilin sentyabrında doğulduğu Təbriz şəhərinə gəlmişdir. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan

Demokrat Firqəsinin üzvülüyünə daxil olmuşdur. Firqənin tapşırığı ilə Xoy, Salmas , Maku mahallarında və Təbriz şəhərində fədai dəstələrinin təşkil edilməsində bilik və bacarığını əsirgəməmişdir.

Azərbaycan Milli Hökuməti yarandığı gündən fədakarlıq göstərən Mahmud Pənahiyanın xidmətləri nəzərə alınaraq Azərbaycan Milli Məclisi tərəfindən “21 Azər” medalı ilə təltif edilmiş və ona general rütbəsi verilmişdir.

General Mahmud Pənahiyan  Azərbaycan Milli Hökuməti tərəfindən yaradılmış

Təbriz Hərbi Məktəbinin, Azərbaycan Milli Hökumətinin Hərbi Məhkəməsinin, Azərbaycan Hərbi Baş Qərargahının rəisi, Azərbaycan Milli Müdafiə Komitəsinin rəis müavini işləmişdir.

1946 – cı ilin iyun ayında Azərbaycan Milli Hökuməti ilə İran arasında bağlanmış müqavilə əsasında general Mahmud Pənahiyan İran dövləti tərəfindən Azərbaycanda yerləşən qoşunun komandirinin müavini olmuşdur.

1946 – cı ilin dekabr ayında Azərbaycan Milli Hökumətinin süqutundan sonra bir çox Azərbayca Demokrat Firqəsinin üzvləri kimi general Mahmud Pənahiyan da Şımali Azərbaycana mühacirət etmişdir.

1970 – ci ilə qədər Bakıda müxtəlif elmi sahələrdə çalışmışdır.

1970 – ci ildə İraq dövlətinin dəvəti ilə Bağdada getmiş və Pəhləvi rejiminin müxalifləri ilə əməkdaşlıq etmiş, İraqda  Bağdad radiosunu və “İran xalqlarının Milli Cəbhəsi” adlı qrupu təsis etmişdir. Müxtəlif səbəblər üzündən 1975 – ci ildə yenidən Bakıya qayıtmışdır.

İranın tarixi və coğrafiyasına aid  bir neçə monoqrafiyası nəşr olunmuşdur. Doktor Mahmud Pənahiyanın maraqlı əsərlərindən biri də “İran türklərinin milli coğrafiya lüğəti”dir.

General M.Pənahiyan tarix və coğrafiya elmləri üzrə doktorluq dərəcəsinə qədər yüksəlmişdir.

O, 1981-ci ildə vəfat etmişdir. Həyat davam edir. Enişli-yoxuşlu, daşlı-kəsəkli yollar keçmiş, vətənin cənubundan gəlmiş qəhrəman fədailərimiz heç vaxt unudulmayacaqdır.

Güləddin İsmayılov

Şərhlər bağlıdır.