FƏDAİLƏR BARƏDƏ

S.C.Pişəvərinin Milli Məclisin ikinci ümumi sessiyasının ikinci iclasında Azərbaycan Milli Hökumətinin indiyə qədər gördüyü işlər haqqında verdiyi hesabat

İndi Milli Hökumətimizi gərək saxlayaq. Azərbaycan xalqı hətta çox az sayda olsa da, azadlığını müdafiə edəcəkdir. Buna görə sizdən mənə etimad göstərmənizi istəyirəm (vəkillər: biz etimad yox, canımız və malımızı da verəcəyik). Biz indiyə qədər milli azadlığı saxlamışıq.

Bunun zamini firqə təşkilatımızdır. İndi Təbrizdə çox az bir ev vardır ki, orada heç olmazsa, bir nəfər demokrat firqəsindən olmasın. Gərək o firqənin rəhbərliyinə etibar edək.

Bunun ikinci zamini də bizim fədailərimizdir. Onlar az bir müddətdə qiyam etdilər və indi də azadlığımızın zaminidirlər. Bizim fədailərimizn tarixi çox yaxın tarixdir. Süni bir təşkilat deyildir və onun təşkil olunması keçən hökumətin təzyiqləri nəticəsində olub və indisə bunlar Milli Hökumətimizin arxasında durmağa hazırdırlar. Onlar Zəncanda Zülfiqari, Ərdəbildə, Əhərdə və başqa yerlərdə olan müxtəlif düşmənləri əzdilər. İndi biz fədailərimizə imkan verəcəyik ki, kotan və xış dalında işləyə-işləyə eyni zamanda tüfəngi əllərindən yerə qoymasınlar. Nə qədər ki, Azərbaycan var, fədai var. Çünki o azadlığı qurubdur. Lakin bu təşkilatı saxlamaq bir tək fədailərlə olmaz.

Bizim müntəzəm qoşunumuz da olmalıdır. Biz az bir zamanda müntəzəm və qüdrətli bir qoşun təşkil etmişik. Əgər indi bir qüsuru olsa da, tezliklə düzəldəcəyik. Qoşunu və fədaisi olmayan bir millət heç vaxt azadlığı qoruya bilməz. Biz gərək hər bir şeydən kəsək, fədailəri və qoşunlarımızı qüvvətləndirək.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 174, 16 aprel 1946-cı il

Şərhlər bağlıdır.